AĞ EVİN BAKIDAN İSTƏKLƏRİ AÇIQLANDI - ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçrildi

Tomas Melia: "Müstəqil, demokratik Azərbaycan ABŞ-ın və dünyanın yaxşı müttəqifi ola bilər. Bzim maraqlarımız bundan ibarətdir: Azərbaycanda sabitlik və firavanlıq istəyirik"

Yanvarın 12-də Vaşinqtonda Azərbaycandakı vəziyyətə həsr olunmuş dinləmələr keçirilib. “Azərbaycanda müstəqil səslərin susdurulması” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunub.

Tədbirin aparıcısı Demokratiyanın Araşdırılması üzrə Beynəlxalq Forumun icraçı direktoru Kristofer Uolker ölub. O, müzakirələri açıq elan edərək bildirib ki, Azərbaycanda analoqu olmayan səviyyədə repressiyalar gedir."Bu ölkədə azad söz basqı altındadır, fərqli düşüncə boğulur. Bunun nəticəsi olaraq, çoxsaylı insanların həbsxanadadır" deyən Uolker konkret olaraq, Leyla Yunusun, Xədicə Ismayılın adlarını çəkib.

"Avropa Şurasına daxil olmamışdan əvvəl vəziyyət indikindən yaxşı idi”

Respublikaçı Alternativ” (REAL) Hərəkatının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Altay Göyüşovsa deyib ki, Avropa Şurasına qoşulmamışdan əvvəl Azərbaycan daha demokratik ölkə idi. Onun fikrincə, indi Avropa Şurasına rəhbərlik etməsi Azərbaycana demokratiyanı daha da inkişaf etdirmək üçün bir fürsət olmalı idi. Amma bunun əvəzində həmin dövrdən müstəqil səsləri tamamilə boğmaq, müxalif fikir üçün meydanı tamamilə daraldıb aradan qaldırmaq üçün istifadə edildi:“Putinin Krımı işğal etməsindən sonra Azərbaycanda repressiyalar görünməmiş həddə çatdı. Hökumət tənqidi səsləri tamamilə sıradan çıxarmaq siyasəti yürüdür. Bütün bunlar Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf etdi. Ölkəmiz Avropa Şurasına qoşulanda ümid edirdik ki, bizdə də vətəndaş hüquq və azadlıqları təmin olunacaq. Amma Avropa Şurasına daxil olmamışdan əvvəl vəziyyət indikindən yaxşı idi”.

Altay Göyüşov eyni zamanda, faydalı müzakirələrin təşkil olunduğu Azad Fikir Universitetinin bağlanmasından da danışıb: "Hələ bir neçə il əvvəl xarici radioların - “Azadlıq” radiosu, BBC və “Amerikanın səsi” radiolarının FM dalğasında yayımına qadağa qoyuldu. Ölkədə bütün telekanallar hökumətin nəzarətindədir, bircə dənə də müstəqil kanal yoxdur.

Hökumət azad mətbuat ilə öz arasında qoruyucu bir divar qurmuşdu və ”facebook" bu divarı dağıtdı. Burada təbii ki, hər kəsin səsi var və sosial səfərbərlik başladı. Amma “facebook” fəalları da həbs olunur".

Altay Göyüşov həmçinin bildirib ki, Azərbaycan hökuməti ölkənin İran və Rusiyanın qonşuluğunda yerləşməsini əsas gətirərək, bu faktorla manipulyasiya edir: “Amma ölkədə vəziyyətin bu cür davam etməsi cəmiyyəti radikallaşdıra bilər”.

“Azərbaycanda ABŞ-ın bir radiosu vardı, onu da bağladılar”

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu çıxışında əvvəlcə rəhbərlik etdiyi qurum ətrafında baş verənlər haqda məlumat verib: “Azərbaycan hər cəhətdən mühüm ölkədir. Dekabrın 26-da ”Azadlıq" radiosunun Bakı ofisinə qeyri-qanuni hücum oldu. 6 il əvvəl də eyni tarixdə FM dalğasında yayımımızı dayandırmışdılar. Bu dəfə həmin gün mənim üçün daha ağır oldu. Radionun avadanlıqlarını, möhürünü, sənədlərini apardılar. Radionun bank hesabına həbs qoyulub. Bu cür basqı Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir. Əməkdaşlarımızı prokuroluğa çağırdılar, onları sorğu-suala tutdular. Hətta əməkdaşlarımızdan birini gecə paltarında, ayaqqabısız sürüyərək aparmışdılar. Digər əməkdaşımız Xədicə Ismayılova həbsdədir. Xədicənin həbsindən iki gün əvvəl Prezident Administrasiyasının rəhbəri məqalə yazmışdı və onun yazdıqları bir işarə idi. Biz əminik ki, hüququmuzu digər məhkəmələrdə müdafiə edə bilərik, amma Azərbaycanda yox. Çünki Azərbaycanda azad məhkəmə yoxdur. Biz bütün mümkün vasitələrlə “Azadlıq” radiosunun fəaliyyətini davam etdirəcəyik. Bu, bəyanat kimi səslənir. Amma, biz qətiyyətliyik. Mən sizi də, Azərbaycna hökumətini də əmin edirəm ki, biz işimizi davam etdirəcəyik".

Kənan Kazımoğlu çıxışında onu da qeyd edib ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərini ölkədən çıxarıb: “Azərbaycanda Rusiyanın beş informasiya agentliyinin bürosu var. İranın İRNA agentliyinin bürosu var. ABŞ-ın bir radiosu vardı, onu da bağladılar”.

"Azərbaycan hökuməti inqilab baş verən ölkələrdən özünəməxsus nəticələr çıxarıb"

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasında baş analitik olan Ketrin Kozman bildirib ki, Azərbaycan yeganə sovet ölkəsidir ki, burada əhalinin 65 faizi şiə, 35 faizi sünnidir. Hazırda həbsdə olan tarixçi alim Arif Yunusun “Azərbaycanda Islam” adlı kitabını nümayiş etdirən Kozman onu bu sahədə yaxşı bir resurs kimi qiymətləndirib. O həmçinin bildirdi ki, Azərbaycanda İslam partiyasının 5 funksioneri həbsdədir.

Massaçusets Universitetinin tarix professoru Odri Alştat çıxışında deyib ki, Azərbaycan hökuməti inqilab baş verən ölkələrdən özünəməxsus nəticələr çıxararaq, ATƏT-in Bakı ofisinin statusunu məhdudlaşdırıb, beynəlxalq təşkilatları ölkədən çıxarıb: “Bu həbslər dalğası ona görə həyata keçirilir ki, Azərbaycan dövlətçiliyi, müstəqilliyi təhülkə altındadır, yoxsa hakimiyyət qurduğu rejimi qorumaq üçün bu addımı atır? Nəticə belə çıxır ki, hakimiyyətlərini qorumaq üçün repressiyalara əl atırlar.

2012-ci ildə Bakıda “Eurovision” keçirilən vaxt müxalifətçilər çox fəal idi, onlar ölkədəki problemləri çatdırırdı. Qarşıdan Olimpiya Oyunları gəlir. Azərbaycan hökuməti repressiyaları ona görə gücləndirib ki, bu dəfə ölkədəki problemləri dilə gətirənlər olmasın, həmin səsləri susdursun".

 

"Azərbaycanda sabitlik və firavanlıq istəyirik"

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia da çıxış edənlər arasında OLUB: “Biz Azərbaycanda baş verənləri çox yaxından izləyirik. ATƏT Nazirlər Komitəsinin toplantısında bir neçə bəyanat olub. Dövlət katibi Con Kerri İlham Əlievə zəng edərək, Azərbaycanda ABŞ təşkilatlarına, eyni zamanda, yerli müxalifətə basqılardan narahatlığını bildirib. ABŞ Azərbaycanın suverneliyini və müstəqilliyini tanıyır və bunu qoruyub saxlamağa kömək edir. Müstəqil, demokratik Azərbaycan ABŞ-ın və dünyanın yaxşı müttəqifi ola bilər. Söz azadlığı, sərbəst toplaşma azadlığı vacibdir və olmalıdır. Biz yüksək səviyyədə hakimiyyətlə əlaqədəyik və çalışırıq ki, yol tapaq və davam edək. Yaxın həftələrdə Senat da yeni səfiri təsdiqləyəcək və o, vəzifəsinin icrasına başlayacaq. Bu da bizə yeni imkanlar yaradacaq. Biz ”Azadlıq" radiosunu və başqa təşkilatları var gücümüzlə müdafiə edəcəyik. İnsanlar azad danışmaq imkanı əldə etməlidir".

"Azərbaycan hökumətindəki tərəfdaşlarımızın bizim gerçək maraqlarımızın nədən ibarət olduğunu bilməsi vacibdir. Bizim maraqlarımız bundan ibarətdir: Azərbaycanda sabitlik və firavanlıq istəyirik.

Və düşünürük ki, bunu təmin etmək üçün getdikcə daha çox müstəqil səslərə sayğı göstərilməli və normal müasir cəmiyyətlərdə onların adətən gördükləri işləri görmələrinə icazə verilməlidir”-deyə Melia bildirib.

"Niyə yaxşı adamlar həbsə atılır?"

ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun proqram direktoru Miriam Lanskoy Azərbaycandakı vəziyyətdən danışarkən ağlayıb: “Çox düşünürəm ki, niyə bu hadisələr baş verir? Azərbaycanda son 10 ildə hər şey pisləşməyə doğru gedib. 90-cı illərə baxsaq, Azərbaycan da Gürcüstan və Ermənistanla paralel gedirdi. İndi isə Özbəkistanla paralel gedir. Azərbaycanın ən gözəl jurnalistləri, ən gözəl alimləri, ən gözəl aktivistləri həbsxanaya atılır. İntiqam Əliyev avqustda həbs olunanda demişdi ki, mən də yaxşı insanlar olan yerə gedirəm. Niyə yaxşı adamlar həbsə atılır? Günahsız insanlar əzilir?..”

Bu yerdə Miriam Lanskoy göz yaşlarını saxlaya bilməyib.

Miriam Lanskoy həmçinin deyib ki, beynəlxalq qurumların işinə cəlb etmək yolu ilə hansısa ölkələrdə demokratiya və insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına nail olmaq tezisi özünü doğrultmayıb. Bu tezis 20 ildir gündəmdədir. “Azərbaycan ATƏT, Avropa Şurası, Avropa Birliyinin Qonşuluq siyasətinə nə qədər çox inteqrasiya edirsə, bundan nə qədər çox faydalanırsa, insan haqları sahəsində vəziyyət bir o qədər kəskin pisləşməkdə davam edir“ – deyə Lonskoy qeyd edib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar