Qıratla Avropa İttifaqına, Düratla Avrasiya İttifaqına

Təzəlikcə deputat İlyas İsmayılov vəzifə sahibi olan deputatların mandatdan məhrum edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bu müraciətin yaxşı və pis tərəfləri var.

Yaxşı tərəfi odur ki, bizim yadımıza konstitusiya və məhkəmə sözlərini salır. Yoxsa biz hardan, necə xatırlayardıq? Ona görə də hərdən yaddaşımızın belə təkliflərlə təzələnməsi təqdirəlayiq hadisədir.

Pis tərəfi odur ki, İlyas müəllim gərək vəzifə sahibi olanları mandatdan yox, elə vəzifədən məhrum etməyi təklif edəydi. Məsələn, Abel Məhərrəmov universitet rektoru kimi daha zərərlidir, nəinki deputat kimi. Digər rektor-deputatlar da həmçinin. Bunların universitetlərində onminlərlə gəncə elm, bilgi əvəzinə ələbaxanlıq, mütilik öyrədilir. Bir növ, ölkənin gələcəyi kor edilir. Ona görə də bunlara icazə vermək lazımdır ki, gedib istədikləri qədər “Gülər parlamenti”ndə otursunlar, Prezident Administrasiyasından gələn hər kağız-kuğuzu qanun kimi qəbul etsinlər, başqasının yerinə səsvermə düyməsini bassınlar, əsnəsinlər, yuxulasınlar, amma yetər ki, universitetlərdən əl çəksinlər.

Deyə bilərsiniz, guya, onları başqası ilə əvəz etdikdə nəsə dəyişəcəkmi? Universitetlər bilik, elm məbədinə çevriləcəkmi? Əlbəttə, yox. Ona görə də ən yaxşısı, bizdə ümumiyyətlə, universitetlərin təyinatını dəyişib şadlıq evinə çevirmək lazımdır. Tamadalığa namizəd xeyli kafedra müdiri, dekanlar var, şou-biznes ulduzlarını isə toya gətirmək üçün xərc çəkmək lazım olmayacaq, nə çoxdur müğənni Röya kimi hüquq-müquq fakültələrinin tələbəsi olanlar.

Ümumiyyətlə isə Ilyas Ismayılovun Konstitusiya Məhkəməsinə müraciətinin reaksiyasız qalmayacağını düşünürəm. Gözləyirəm ki, elə onun özünü məmur olmaya-olmaya deputat olduğu üçün mandatdan məhrum etsinlər.

Ceyhun Osmanlı deyə bir yaptokrat deputat var, bir vaxtlar “Irəli” adlı geriçi bir təşkilat yaratmışdı, bilmirəm, axırı nə oldu. Ola bilər, çox irəli gedib, bizim hələ ona arxadan çatmağımıza çox var. Nə isə. Həmin Ceyhun müəllim bir müsahibə verib və deyib: “Təcrübə göstərir ki, bir çox qəhrəmanları Sovet maşını insanların ictimai şüuruna sırımaq istəyirdi. Məsələn, Koroğlu türk bəylərinə qarşı döyüşən əfsanəvi obrazdır, məhz buna görə də çox şişirdilib”.

Mən bilmirəm, Ceyhun Osmanlı ürək eləyib bu sözləri Koroğlunun üzünə deyə bilərdimi? Bəlkə də Koroğlu özü yoldaş Osmanlının başındakı “Irəli”çilərlə onun üstünə gəldiyini görsə, rəngi qaçar, boğazı quruyar, hər dəfə dara düşəndə olduğu kimi, yenə də dərhal sazı sinəsinə basıb oxuyardı: “And içmişəm bu gün dava olmasın”.

Amma yoldaş Osmanlının dediklərini oxuyandan sonra məni daha çox onun sevimli prezidenti Ilham Əliyevin bundan bir az əvvəl, Koroğlu abidəsinin açılışındakı nitqində söylədikləri düşündürməyə başladı. Möhtərəm həmin nitqində belə demişdi: “Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi”.

Buyurun, bunlar hələ Koroğlu ilə bağlı qərar verə bilməyiblər ki, o tarixi qəhrəman idi, yoxsa şişirdilmiş, yalançı, mifik qəhrəman? Gözəl vətəndaş idi, yoxsa əfsanəvi obraz? Sizsə gözləyirsiniz ki, indi onlar Avrasiya Itiifaqı ilə Avropa Ittifaqı arasında bir seçim etsinlər, qərar versinlər.

Halbuki, hətta Koroğlu özü bu işi çox asanca həll edə bilərdi, məsələn, xalqımızın yarısını Qırata mindirib Avropa Ittifaqına, yarısını da Dürata mindirib Avrasiya Ittifaqına aparardı. Əsas isə odur ki, belə balanslaşdırılmış siyasətdən kim inciyərdi?!(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar