14-CÜ "ZONA" GƏTİRİLƏN QARA MASKALILAR BARƏDƏ ŞOK İDDİA

“Müəssisəyə gətirilən Daxili Qoşunların əsgərləri deyil...”

14 saylı cəzaçəkmə müəssisəsi işçilərinin həbs edilməsi haqda məlumat yayılıb. Axar.az-a daxil olan qeyri-səhih məlumata görə, Elşad Babayevin ölümündə təqsirli bilinən mayor rütbəli Firdovsi, rejim rəisi, baş leytenant Faiq adlı şəxs və bir neçə digər həbsxana işçisi məsuliyyətə cəlb olunub.

“Yeni Müsavat”ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinə sorğu ilə müraciət edib. Mətbuat xidmətindən bildiriblər ki, məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib. Qaradağ Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Ötən il dekabrın 26-də 14 saylı həbsxanadan Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə köçürülərək karsa salınan məhkumların yaxınları Ombudsman Aparatında, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BXQK) Bakı nümayəndəliyində və Pentensiar Xidmət üzrə İctimai Komitədə olublar.

Məhkumların yaxınlarından biri deyib ki, Vüqar adlı şöbə müdiri ilə görüşüblər. Məhkum yaxını şöbə müdirindən aldığı cavabdan təəccübləndiklərini söylədi: “Şöbə müdiri bizi dinləyib dedi ki, 10 günə onlara baş çəkərik. Biz ona bir daha izah etdik ki, yaxınlarımıza işgəncə verilib, bədənləri üzərində izlər var. Əgər 10 günə onlara baş çəkəcəksə, həmin izlərdən əsər-əlamət qalmayacaq. Dedi ki, 3-5 günə ora gedəcək və nəticə haqda məlumat verəcəklər”.

BQXK-da isə məhkumların yaxınlarına bildiriblər ki, yaxın 2 gün ərzində müalicə müəssisəsinə gedəcəklər.

Penitensiar Xidmət üzrə İctimai Komitədən isə bildirilib ki, məsələ araşdırılacaq: “Dedilər ki, rəhbərliklə danışıb müalicə müəssisəsinə gedəcəklər. Orada karsda saxlanan məhkum qohumlarımıza baş çəkəcək, saxlama şəraitləri, köçürülmələrinin səbəbi ilə maraqlanacaqlar. Orada bizə məsələnin araşdırılacağını dedilər”.

Redaksiyamıza dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində baş verən gecə hücumunun sensasion təfərrüatları daxil olub. Özünü hazırda 14 saylı müəssisədə saxlanan məhkumun yaxını kimi təqdim edən mənbə deyib ki, müəssisəyə gətirilən Daxili Qoşunların əsgərləri olmayıb. “Həmin adamlar üzlərinə qara maska taxan Penitensiar Xidmətin digər cəzaçəkmə müəssisələrində çalışan işçilər olub. Həmin adamlar məhkumlarla amansızcasına davranıblar ki, digər müəssisələrdə Elşad Babayevin döyülərək öldürülməsinə etirazlar olmasın. Onların qəddarlığının səbəbi də budur. Əliyalın məhkumların üzərinə itlərin qısqırdılması, dəyənəklə başına-gözünə zərbələr endirilməsi vəhşilikdir. Dövlət belə vəhşiliklərin qarşısını almalıdır”.

Mənbə bildirib ki, “Tubzon”a köçürülən məhkumlar əslində etirazların dinc şəkildə keçirilməsinə çalışanlardır: “Müəssisə əməkdaşlarını döyən, növbətçi hissədə telefonu sındıran başqa məhkumlardır. Əgər düzgün istintaq aparmaq istəyirlərsə, müəssisənin dörd bir tərəfində kamera var. Yaddaşlarını çıxarıb baxsınlar. "Tubzon"a köçürülən məhkumların günahı həmin adamları sakitləşdirməklərindədir. Elşad Babayevi öldürənlər dekabrın 22-də növbədə olan nəzarətçilərdir. Bəzi məhkumları bu gün də döyüb öldürürlər ki, onlar Elşad Babayevin ölümünü öz üzərlərinə götürsünlər. İşi belə bağlamaq istəyirlər ki, guya Elşad Babayevi məhkumlardan biri döyüb və o da karsda ölüb. Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Eyyub Bəşirov karsda saxlanan məhkumlardan Elşad Babayevin məhkumlardan biri tərəfindən öldürülməsini dolayısı ilə olsa belə təsdiqləyən ifadə almağa çalışır" (musavat.com)

 

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar