"Rusiya məni dəstəkləmədi..." - Rüstəm İbrahimbəyov

“Mənim seçkilərdə iştirak edə bilməməyim Rusiya vətəndaşlığımla bağlı deyil”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun "Yeni Müsavat"a müsahibəsini qısa ixtisarla təqdim edirik.

- Rüstəm bəy, bir gün öncəki müsahibənizdə Lalə Şövkətin Milli Şuradan gedəcəyinə inanmadığınızı demişdiniz. Ancaq ALP lideri öz müraciəti ilə bunu bir daha təsdiqlədi, üstəlik ittihamlarla çıxış etdi. Baş verənlər yəqin Milli Şuranın sədri kimi sizi narahat etməyə bilməz. İndi nə deyə bilərsiniz?

- Yox, baş verənlər məni narahat eləmir. Amma siz deyirsiniz ki, Lalə Şövkət Milli Şuradan çıxıb, bu, məni çox narahat edir. Çünki mən Lalə Şövkətə böyük hörmətlə yanaşıram və o, Milli Şuraya mənim xahişimlə üzv olmuşdu. Çox təəssüflənirəm ki, belə qərara gəlib. Amma belə qərar veribsə, demək bunun çox böyük səbəbləri var. Bu səbəblər də Milli Şura ilə bağlı deyil, Milli Şuranın tərkibi ilə bağlıdır. Biz Milli Şuranı yaradanda da bilirdik, bunu dəfələrlə demişəm ki, bu qurumda toplaşan adamlar, partiyaların münasibətləri 20 ildir mürəkkəb idi. Hərdən-bir bir-birinə qarşı çıxışlar da edirdilər. Ona görə də mən istəyirdim ki, bunları birləşdirəm və məncə, hələlik bu birlik realdır və öz gücünü göstərir. Lalə xanım belə qərara gəlibsə, demək, onun əsaslı səbəbləri var, mən onu başa düşürəm.

- Sizin “Mediaforum”a müsahibənizdə də “mən Lalə Şövkətin tərəfindəyəm” deməyiniz birmənalı qarşılanmadı. Milli Şuradan gedən adamın tərəfində olduğunuzu deməklə siz nə demək istəmisiniz?

- Xeyr, mən Milli Şuradan çıxmaq barəsində onun tərəfində olduğumu deməmişəm. Onun Milli Şuranın daxilində irəli sürdüyü tələbləri var idi və mən o tələbləri dəstəkləyirəm. Çünki Milli Şurada bir balaca ayrı-seçkilik var idi və biz onu aradan götürdük. Bu mənada mən onun iradlarını başa düşürdüm və ona görə də deyirəm ki, Lalə xanımın tərəfindəyəm. Amma Lalə Şövkət çox hörmətli adamdır, mən istəməzdim ki, o, Milli Şuradan çıxsın. Bu barədə mən onu dəstəkləmirəm.

- Lalə Şövkət Müsavat rəhbərliyinə ünvanlı ittihamlar səsləndirib...

- Əzizim, bu, onların öz işləridir, mən bu işlərə qarışmıram. Onlar 20 ildir bir-birinə qarşı ittihamlarla çıxış edirlər. Bunlar 20 ildir bir-birilərini didirlər, onların öz işləridir. Mənim tarixi addımım odur ki, mən bunları birləşdirdim. İndi bunların nə qədər imkanı olacaq ki, bir-biri ilə iş görsünlər, bu, məndən asılı deyil, xalqın xüsusiyyətlərindən, bizim tariximizdən, ərazimizdən asılıdır. Azərbaycan onlarla xanlıqlara bölünmüşdü, birləşə bilmirdi, indi o problemləri də mən öz üzərimə götürməliyəm? Bunların (liderlərin-E.P.) münasibətlərinin də öz tarixi və xüsusiyyətləri var. Mən onların özlərinin də dediyi kimi, yeganə adam idim ki, bunları birləşdirə bildim və məqsədimizə çatdıq, vahid namizədi irəli sürdük. Bu vahid namizəd hərtərəfli dəstəklənməli adamdır, böyük ziyalımızdır, böyük ictimai xadimdir. Axıracan çalışacayıq ki, bu seçkidə uğurlu çıxış eləsin. Mən Lalə xanımın çıxmağını təəssüflə qarşılayıram. Amma ümidvaram ki, partiyası Milli Şurada qalacaq.

- Lalə Şövkət müxalifət liderlərinə xitabən “Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər” deyib. Milli Şuranın sədri kimi bu fikirləri necə qarşılayırsınız?

- Mən belə şeylərə qarışmıram. Mənim Heydər Əliyevə öz münasibətim var və hərdən-bir bu münasibəti ifadə edirəm. Lalə xanım kiməsə nəsə deyirsə, xahiş edirəm bunu mənimlə bağlamayın. Bu, onların öz işləridir, mən belə işlərə qarışmıram.

- Sizin münasibətlərin belə gərgin vəziyyətində ölkəyə dönüşünüz mümkündürmü?

- Baxaq görək, gərginlik kimlər tərəfindən yaradılır. Gərginlik onunla bağlıdır ki, Azərbaycanda demokratiya sıfır səviyyəsindədir. Bir adam ki, seçkiyə qarışmaq istəyir, deyirlər o, xalq düşmənidir, 5 nəfər birləşib deyəndə ki, gəlin seçkini dünya səviyyəsində keçirək, deyirlər bunlar çevriliş hazırlayırlar. Adamların üstünə ya narkotik, ya silah atırlar və türməyə basırlar. Belə vəziyyətdə Milli Şuranın yaranması demək olar ki, böyük tarixi qəhrəmanlıqdır. Çünki belə bir təzyiq altında biz nəyəsə nail oluruqsa, bu, öz-özünə çox böyük şeydir. Mən də mətbuata təəccüblənirəm ki, bu böyük işləri görmür, amma xırda işlərlə məşğuldur. Kim nə dedi, kim ona cavab verdi. Demokratik mətbuatın əsas işi Milli Şuranı qaldırmaq, qurumun vahid namizədinə seçkilərdə kömək etmək, iqtidarı tənqid etməkdir. Bunun yerinə mətbuat xırda şeyləri axtarır ki, kim filankəsə nə dedi, nə demədi. Sizə bir misal çəkim: Milli Şura Avropa İttifaqının prezidenti Barrozoya məktub yazmışdı, o da bu məktuba cavab verib. Məktubda Barrozonun qarşısında məsələ qoyulmuşdu ki, siz noyabrda Vilnüsdə Azərbaycanla saziş bağlamaq istəyirsiniz və o sazişin bir şərti odur ki, Azərbaycanda demokratiya inkişaf etsin. Bu seçkilərin keyfiyyəti əsas bir nümunə olmalıdır ki, Azərbaycanda demokratiya var, ya yox. Bu sazişi də siz seçkilərin nəticələri ilə bağlamalısınız. Barrozo bu məktuba cavabını verib. Ancaq bu boyda məsələyə heç kəs reaksiya vermədi, balaca yazılar dərc olundu. Biz demişik ki, xahiş edirik demokratiyanın kriteriyası olan seçkilərə qarışın, diqqət yetirin və sonra bunun əsasında qərarları qəbul edin. İndi bunlar qəbul edəcəklər, etməyəcəklər, deyə bilmərik, amma vacib məsələdir. Köməkçisi yazıb ki, bu yaxınlarda cavab verəcəklər. Hər halda bir mətbuat orqanı buna fikir vermədi. Baxaq görək Avropa Birliyi özünü necə aparacaq. Necə olur ki, bu şərti qoya-qoya Azərbaycanda çox şeyə gözlərini yumurlar. Bunun səbəbləri odur ki, gedib Avropada da rüşvət verirlər.

- Sizinlə hardasa razılaşmaq olar. Amma Milli Şuranın siyahısındakı əsas fiqurlardan olan Lalə Şövkət həlledici məqamda qurumdan gedirsə, Rəsul Quliyev vahid namizədi geri çəkilməyə çağırırsa, yaxud müttəfiq partiyaları aşağılamağa çalışırlarsa, mətbuat bundan necə yazmaya bilər?

- Milli Şurada 129 adam var və filan qədər partiyalar, digər təşkilatlar ora daxildir. Biz bunu birləşdirəndə bilirdik ki, çox böyük diapazonda siyasi qüvvələr burda iştirak edir. Odur ki, hər şey ola bilər. Bunun əsas səbəbkarı da iqtidardır. İqtidar mənim namizədliyimə imkan verməyib. Ancaq Rəsul Quliyevin gələcəyə baxışı mənimlə bağlı idi. O istəyirdi ki, vahid namizəd mən olum. İqtidar isə buna imkan vermədi. Bunu iqtidar elədi, nə Lalə Şövkət, nə Müsavat, nə Xalq Cəbhəsi eləmədi. Rəsul Quliyev deyir ikinci vahid namizədi seçmisiniz, seçin. Demirikmi ki, bizim təşkilat demokratik təşkilatdır? O da öz fikrini söyləyir. Mən də demişəm ki, o, Rəsul Quliyevin şəxsi fikridir. Mən başqa nə deyə bilərəm? Özü də deyir ki, Cəmil müəllimə hörmətlə yanaşıram, böyük alimdir. Ancaq prezident kimi görmədiyini deyir. O görmür, amma Milli Şuranın 100 nəfər başqa üzvü görür. Bunlar olan şeylərdir. Biz hər məsələyə əllərimizi qaldırası deyilik ki. Lalə Şövkətin də həmişə İsa Qəmbərə, Əli Kərimliyə fərqli münasibəti olub, onun mövqeyi dəyişməyib. Milli Şuraya mənə görə girmişdi. Ancaq ona elə gəlir ki, Milli Şurada nəsə gərginlik yaranır, yaxud ola bilsin ona xoş gəlməyən adamlar nəsə deyiblər. O sərbəst və hörmətli adamdır və o da öz fikrini deyir. Milli Şura bütövlükdə fəal işləyir və iş gedir...

(Birdən R.İbrahimbəyov səsinin tonunu qaldıraraq hücuma keçir - E.P.) Siz nə demək istəyirsiniz? Siz mənə demək istəyirsiniz ki, Milli Şura dağılır, sən nəsə elə?

- Yox, bizim məqsədimiz onu demək deyil...

- (Sözümü kəsir-E.P.) Mən sizi başa düşə bilmirəm. Əksinə, siz Milli Şuranı dəstəkləməlisiniz.

- Rüstəm bəy, siz “Yeni Müsavat”ı oxuyursunuz? Heç olmasa internet versiyası ilə tanış olursunuzmu?

- Mən bütün qəzetləri oxuyuram. Mən bunları deyəndə konkret nə saytı, nə qəzeti nəzərdə tutmuram. Mən başa düşürəm ki, nəsə sizi narahat edir və siz məndən... Açıq deyim də, sizi nə maraqlandırır? Mən Lalə Şövkətin addımını təəssüflə qarşılayıram. Amma bu, o demək deyil ki, Milli Şura dağılır. Heç vaxt deyə bilmərəm ki, Lalə Şövkətin haqqı yoxdur ki, Milli Şura ilə bağlı öz fikirlərini desin.

- Rüstəm bəy, xahiş edirəm iqtidar jurnalisti ilə deyil, müstəqil qəzetin əməkdaşı ilə danışdığınızı unutmayın.

- Çox sağ olun, minnətdaram...

- Mən növbəti sualıma cavab istəyirəm: Zərdüşt Əlizadə deyib Rusiya Rüstəm İbrahimbəyovu aldatdı. Aldadıldığınızı güman edirsinizmi?

- Yox, Rusiya Rüstəm İbrahimbəyovu aldatmayıb. Rusiya Rüstəm İbrahimbəyovu dəstəkləməyib. Bu, başqa şeydir. Mən dəfələrlə demişəm ki, Rusiya mənə dəstək verməyib. Bu, o deməkdir ki, mən Rusiyanın layihəsi deyiləm. Rusiyanın layihəsi İlham Əliyevdir. Rusiya məni istisna olaraq vətəndaşlıqdan çıxara bilərdi, ancaq eləmədi. Mən bunu tələb edə bilmərəm, çünki qanunla bir neçə ay çəkir. Amma istəsəydilər, bir günə edərdilər. Deməli, aydın oldu ki, mən onların layihəsi deyiləm. Bu, kart, ya bilyard deyil ki. Necə yəni “aldatdı?” Aldatmaq burda yerinə düşmür. Putin böyük ölkənin prezidentidir. Putin Bakıya nə məqsədlə gəldi, nə işlər gördülər, nədən danışdılar, bunu heç kəs bilmir. Bunları yalnız Putin və İlham Əliyev bilir. Amma görünür ki, bunların münasibətləri o qədər də pis deyil. Rusiya ilə Azərbaycanın ümumi maraqları var, ona görə də mənim Rusiya vətəndaşlığından çıxmağımı ləngitdilər. Amma mənim seçkilərdə iştirak edə bilməməyim Rusiya vətəndaşlığımla bağlı deyil. Mən onları məhkəməyə də vermişəm. Çünki Azərbaycan qanunlarında ikili vətəndaşlıqdan söhbət gedir. Təəssüf ki, bizim hüquqşünasların bir qisminin səviyyəsi o qədər də yüksək deyil. Digərləri də bunu qəsdən ört-basdır edirlər. Mənim ikinci vətəndaşlığım olub, ikili yox. Bunların arasında böyük fərq var. Bizim Konstitusiyada ikili vətəndaşlıq barədə yazılıb. İkinci vətəndaşlıq haqda bir kəlmə də yoxdur.

- Cəmil Həsənli EL Hərəkatı ilə bir araya gəldi və ortadakı narazılıqları aradan qaldırdı. Siz Milli Şuranın sədri olaraq Bakıya gəlməyə və tərəfləri bir araya gətirə, umu-küsünü aradan qaldırmağa çalışa bilməzsinizmi?

- Mən başa düşmürəm, orda bir neçə şəxsin arasında problemlər yaranıb, oturub o problemləri həll ediblər. İş ondadır ki, siz iqtidar daxilində nələrin baş verdiyini bilmirsiniz. Çünki ora medianı buraxmırlar, amma bizim təşkilat açıq işləyir, MŞ-da baş verənlər 10 dəqiqədən sonra mətbuatda çıxır. Bu insanların münasibətləri yaxşı da ola bilər, pisləşə də bilər. Bakıya gəlib onları niyə bir araya gətirim ki? Bunlar ağıllı, təcrübəli siyasətçilərdir, özləri bilirlər nə edirlər, nə problemləri var.

- İsa Qəmbər və AXCP təmsilçisi London səfərinə getməyəcək. Bəs siz necə, gedəcəksiniz?

- Məni dəvət ediblər və gedəcəyəm. Başqa kim gedir, bilmirəm.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar