PUTİNİN ŞİŞİRDİLMİŞ ŞARI PARTLAYIB – “Rusiyada oğruların hakimiyyəti var”

Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Pol Kruqman Rusiya iqtisadiyyatındakı böhranla bağlı maraqlı məqalə yazıb. AzPolitika.info “Putinin şişirdilmiş şarı partlayıb” başlıqlı məqalənin tərcüməsini təqdim edir:

Öz qoçaqlıq məharətini nümayiş etdirmək üçün cənab Putinin lazımı qədər resursları yoxdur. Rusiyanın iqtisadi imkanları demək olar ki, təxminən Brazilyanınkı kimidir. İndi biz maliyyə böhranı zamanı bu ölkənin iqtisadiyyatının necə kövrək əsaslar üzərində dayandığına şahidlik edirik. Rusiya iqtisadiyyatının zəif olmasının əsas səbəbi Putin rejiminin təbiəti ilə birbaşa bağlıdır. Rusiyadakı maliyyə vəziyyətini izləməyənlər üçün bildirmək istəyirəm ki, avqust ayında Putin rus qoşunlarının Ukraynaya müdaxiləsinə əmr verdikdən sonra rublun dollar qarşısında məzənnəsi tədricən zəifləməyə başlamışdı. Lakin bir neçə həftə bundan öncə həmin zəifləmə çöküşə döndü. Mərkəzi Bankın faiz dərəcəsini yüksəklərə qaldırması da daxil olmaqla, xüsusi əlahiddə tədbirlər, rublun düşməsini əngəlləmək üçün özəl şirkətlərə tətbiq olunan müxtəlif təzyiq üsulları vəziyyəti yalnız müvəqqəti və nisbi surətdə sabitləşdirdi. Bütün bunların hamısı Rusiya iqtisadiyyatının ağır tənəzzülə doğru yuvarlandığını göstərir.

Rusiyanın hazırkı çətinliklərinin başlıca səbəbi, əlbəttə ki, Amerikan şist neftinin çıxarılması nəticəsində və Çinin enerjiyə olan tələbinin azalmasına görə neftin qiymətinin aşağı düşməsidir. Bütün bunlarla yanaşı Rusiyaya Ukrayna böhranı ilə əlaqədar Qərb tərəfindən tətbiq edilən sanksiyaların da çox ciddi təsirləri var. Ancaq Rusiyanın problemləri şok yarada biləcək qədər qeyri-proposianaldır. Neftin qiyməti aşağıya doğru dəyişməyə başlayanda, rublun düşüş dinamikası neft qiymətinin düşüşünü qat-qat üstələyib. Bu isə Rusiya iqtisadiyyatına dəyən zərbənin həcminin neft sektoru çərçivəsini də aşdığını əyani təsdiq etdi.

Bəs nəyə görə vəziyyət belədir?

[caption id="attachment_85809" align="alignleft" width="300"]

Pol Kruqman[/caption]

Burada konkret olaraq heç bir müəmma yoxdur. Bu cür böhranlar 1982-ci il Çilidə, 1995-ci il Meksikada, 1998-ci ildə İndoneziyada, 2001-ci ildə Argentinada baş verib və bu siyahını uzatmaq da mümkündür. Rusiyanın üzləşdiyi böhran öz xarakterinə görə yeni deyil. Ən qorxulu tərəf ondan ibarətdir ki, ölkə ixracatının əsas məhsulunun yaratdığı xoşağəlməz şok, qüsurlu həlqə kimi dövr etməyə başlaya bilər. Nə zaman ki milli valyuta dəyərsizləşir, rublla kapitala malik olan və dollar-avro ilə borclanan müəssisələrin balansı partlayıb dağılır. Nəticədə isə iqtisadiyyat ciddi yaralar alır və milli valyutaya olunan təzyiq ona olan inamsızlığı artırır.

Ancaq bir məsələni mütləq qeyd etmək gərəkdir. Məlumdur ki, bəzi ölkələr idxal mallarının pulunu ödəmək və ticarət balansındakı defisiti qapatmaq üçün xaricdən pul götürüb, borclanmaq məcburiyyətində qalırlar. Amma Rusiyanın ticarət defisiti yoxdur. Rusiya yüksək neft qiymətləri sayəsində belə bir vəziyyətə düşməyib. Onda məntiqlə belə bir sual yaranır: Bəs nə üçün xaricdən bu qədər pul borc götürülüb və bu pullar haradadır?

Əgər siz Londonun Mayfair ətrafına və ya Nyu-Yorkun Manhatten rayonunun İst-Sayd tərəflərinə getsəniz, bu suallara cavab tapa bilərsiniz. Buradakı dəbdəbəli və lüks binaların əksəriyyəti Rusiya oliqarxlarına, ərəb şeyxlərinə məxsusdur və onların çoxunda axşamlar işıqlar demək olar ki, heç yanmır. Rusiya elitası öz maliyyə aktivlərini əsas etibarilə ölkə xaricinə köçürüb və bahalı daşınmaz əmlak bunların yalnız bir hissəsidir.

Bu elita pulu haradan götürür?

Putin Rusiyası hədsiz dərəcədə klanlaşmış kapitalizm variantıdır. Putinin kleptokratik (oğruların hakimiyyəti) tərəfdarları öz şəxsi məqsədləri naminə böyük məbləğlərdən istifadə olunması sisteminə daxil ediliblər. Bütün bunların hamısı neftin qiyməti yüksək olduğu vaxtadək dayanıqlı görünürdü. İndi isə şişmiş şar partlayıb və Putin rejiminin arxası olan həmin korrupsiya Rusiyanı çox çıxılmaz günə qoyub.

Ümumiyyətlə, hadisələr necə qurtaracaq?

Bu cür vəziyyətdə olan ölkələr üçün standart cavab Beynəlxalq Valyuta Fondunun islahatlar aparmaq üçün verəcəyi kreditlə bağlı olur. Aydın görünür ki, indiki halda məlum standart tədbirlər planı işə salınmayacaq. Rusiya düşdüyü vəziyyətdən təkbaşına çıxmağa cəhd göstərəcək. Onlar ölkədən axıb gedən kapitalın qarşısını almağa çalışacaqlar. Bir klassik yanaşmaya görə, anbardan çıxan kleptokrat oliqarxın arxasınca anbarı bağlayacaqlar.

Deyilənlərin hamısı Putin üçün xeyli dərəcədə alçaldıcıdır. Onun özünü hədsiz dərəcədə inamlı və xeyli razı aparması fəlakətin yaranması təməlinin əsasını qoyub. Özünə vurğun şəkildə ədabazlıq etmək iqtisadi çətinliklər üçün çarə deyil.

Tərcümə etdi: Vaqif NƏSİBOV

AzPolitika.info

 

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar