Baş prokurorun keçmiş müavini İsgəndər Həmidovu reket adlandırıb - QALMAQAL
Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli “Yad qardaşlar” adlı məqalə ilə çıxış edib. Moderator.az-da yayılan məqaləsində Mətləb Mütəllimli sabiq daxili işlər naziri İsgəndər Həmidovun “bostanına” daş atıb. Belə ki, o, politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlayıb:
“Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində də mövqeyinə, müəyyən fikirlərinə görə dəfələrlə Zərdüşt Əlizadəyə qarşı təhqiramiz hərəkətlərə yol verilmiş, hətta bir sıra hallarda nazirdən çox reketçilik edən, bununla da Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna ağır zərbə vuran sabiq daxili işlər naziri İsgəndər Həmidovun qoçuları tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmışdır”.
İ.Həmidov qeyd etdi ki, Mətləb Mütəllimli deputat mandatı payı almaq istəyir: “Azərbaycanda bir sıra adamların çörəyi İsgəndər Həmidovu, İsa Qəmbəri şərləməkdən çıxır. İndi görünür Mətləb Mütəllimli də bu yolu seçməklə deputat mandatı ilə mükafatlandırılmaq fikrinə düşüb. Parlament seçkiləri yaxınlaşdıqca, belə hallar çox olacaq. Eybi yox, qoy deputat mandatını bizi söyməklə alsınlar. Amma bir şeyi yaddan çıxarmasınlar ki, iti sahibi öldürür. Hakimiyyət bir gün onları “öldürəcək”. Buna əmin olsunlar”.
İ.Həmidov Mətləb Mütəllimlinin torpaq sahələrinin, obyektlərinin olduğunu da açıqladı: “Onun torpaq sahəsi, obyektləri var. Camaatın məhkəmədə dükanlarını əlindən almışdı. İndi ola bilsin həmin mülkləri saxlamaq istəyir”.(Musavat.com)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.