“Rəsul mənə qardaş kimidir, o, azadlıqda olmalıdır”-Anar Nağılbaz- VİDEO

Reper: “Belə qardaşların ancaq xeyri dəyə bilər ölkəmizə, insanımıza...”

Yanvarın 15-də İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası keçirilib. Prosesə zərərçəkən kimi tanınmış reper Anar Nağılbazın qatılması, üstəlik çıxışında R.Cəfərova azadlıq tələb etməsi diqqətçəkən nüanslardan olub. A.Nağılbaz “Yeni Müsavat”a müsahibəsində bu işdə iştirakından, istintaqdakı ifadəsindən, bir sözlə, R.Cəfərovun işindən danışıb. O, öncə istintaqa hansı qisimdə dəvət edilməsindən bəhs edib.

- Məni əvvəl Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə ifadə almaq üçün şahid qismində dəvət etmişdilər. Sonradan məlum oldu ki, onlar məni zərərçəkən kimi təqdim ediblər. Bu da ondan irəli gəldi ki, sadəcə orda oynadıqları tamaşa ilə əlaqəli idi. Ötən il seçkilərlə bağlı “Gəl seçkilərə” adlı bir mahnı və klipi azad, yaradıcı insan kimi ərsəyə gətirdim. Bu, “Art for democrasy” layihəsinin dəstəyi ilə baş verdi. Sadəcə bu mahnının studiya xərci, ərsəyə gəlməsi, klip çəkilişlərinin xərci mənim tam yadımda deyildi. İstintaqda soruşanda demişdim ki, təxminən filan məbləğdən yuxarıdır. Demişdilər ki, yox, dəqiq rəqəm deməlisən. Mən də birinci dəfə istintaq ifadəsi verdiyim üçün çaşmışdım. Nəticədə birinci ifadəmdə yanlış məbləğ söyləmişdim. O da çox böyük rəqəm sayılmazdı. 200-300 manat fərq idi. Bunu külli miqdarda rəqəm kimi göstərmək olarmı?

- Siz şahid kimi ifadə vermisiz istintaqda, ya zərərçəkmiş kimi?

- İstintaqa şahid kimi ifadə versəm də, məhkəməyə zərərçəkmiş kimi dəvət olundum. Amma buna qədər mən özümə bir vəkil tutdum. Vəkillə bir yerdə istintaqa müraciət etdim, ifadəmi dəyişdirdim. Yenə də məni zərərçəkən kimi göstəriblər. Mən buna etirazımı bildirmişəm. Sadəcə məni Rəsula bağlayan bir layihədir. – “Gəl seçkilərə” layihəsi. Burada iqtidar-müxalifət söhbəti yox idi, sadəcə insanları seçkilərdə aktiv olmağa səsləyən mahnı idi.

- Sizin zərərçəkmişliyinizi nə ilə əsaslandırırlar? Az qonarar almanızla? Söhbət konkret hansı məbləğdən gedir?

- Qonarar məsələsi idi. Amma məbləğ böyük deyildi, adam danışanda utanır. Orda 1300 manat göstərmişəm, amma 1700 manat çıxıbdı. Hansı qanunda yazılıb ki, 400 manat külli miqdarda pul vəsaitinin yeyilməsidir?

- Bugünkü prosesdə də bunları demisiz, səhv etmirəmsə... Və üstəlik Rəsul Cəfərova azadlıq da tələb etmisiz...

- Bəli, məhkəmədə də bildirdim ki, özümü zərərçəkmiş kimi görmürəm. Burda həqiqətən də o məbləğ mahnı işlərinə həsr olunub. Mahnını dinləsəniz görəcəksiz ki, orda instrumental ifalar var. Gitara ifası var, alətlər hamısı canlıdır, insanların cəlb olunması, studiyanın tutulması, klipin ərsəyə gəlməsi üçün xromokey studiyasının məbləği, ümumiyyətlə, bəzi yol xərcləri-filan... var. Bundan başqa, bir müəllif olaraq, mənim özümün də qonorara hüququm var. Bunlar hamısı onun içindədir. Ona görə də məhkəmədə bütün bunları dedim və Rəsul Cəfərova da azadlıq tələb etdim.

- İstintaq zamanı Rəsul Cəfərovun əleyhinə ifadə vermək üçün Sizə hər hansı təzyiq olunubmu?

- Bilirsizmi, mən bunlar barədə danışmaq istəməzdim. Allah Rəsulun qapısını açsın. Sadəcə olaraq, təəssüf edirəm ki, günahsız cavanlarımız ölkəmiz, onun rifahı, həqiqət üçün çalışdıqları halda görürsən ki, kənardadırlar. Peşəkar insanlar öz peşələrindən kənardadırlar. Mənim özümü misal götürə bilərsiz. 86-cı ildən bəri bütün televiziyalarla əlaqəm olduğu, bütün televiziya rəhbərləri ilə şəxsən yaxşı tanışlığım, peşəkar televiziya rejissoru olduğum halda heç bir televiziyada vəzifə sahibi ola bilmirəm. Bunların cavabını axtarmaq lazımdır.

- Bayaq da soruşdum. İlk prosesdə Rəsul bəyə azadlıq tələb etmisiz. Necə düşünürsüz, bu cəsarətli çıxışınız sizə hansısa təzyiq formasında geri qayıda bilər? Eləcə də ümumi prosesə təsir edə bilərmi?

- Mən hər zaman həqiqəti söyləmişəm. Burda böyük cəsarət nümayiş etdirdiyimi düşünmürəm. Məndən daha cəsarətliləri var. Öz günümü, gündəmimi yaşayıram. Rəsul mənə qardaş kimidir, həm qonşum olub, həm də uşaqlığımız birgə keçib.

- Yəni, yaxın dost olmusuz...

- Yaxın dostluğumuz 2013-cü ildən başlayıb. Amma ondan əvvəl eyni ərazidə yaşamışıq, tanışlığımız olub. Bilmişik ki, belə bir insan var. Getdiyi yol, cəmiyyətdəki mövqeyi, işlərini hər zaman uzaqdan izləmişik. Mən ondan böyük olduğum üçün, ona da mənim işlərim, yaradıcılığım biganə olmayıb. Mən də onu izlədiyim üçün addımlarında doğru olduğunu, güman etdiyim qədər səhv etmədiyini görmüşəm.

- Məhkəmədən nə gözləyirsiz, Anar bəy?

- Onu məhkəmənin öhdəsinə buraxmaq lazımdır. Arzu edək ki, ancaq yaxşı cavablar olsun. Çünki belə qardaşların ancaq xeyri dəyə bilər ölkəmizə, insanımıza... Ümumiyyətlə, insanların qədrini bilmək lazımdır.

- Növbəti proseslərdə ifadə verərkən nəsə yeni informasiyalar, bizim bilmədiyimiz detallar üzə çıxacaqmı?

- Xeyr, güman etmirəm. Mən olanı deyəcəm. Nə qisimdə dəvət ediblərsə, buna etiraz etmişəm, sözümü də demişəm.

Qeyd: Haqqında danışılan mahnını təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar