MƏTBUATIN «ÖLÜM FƏRMANINI» VERƏN KİMDİR: ƏLİYEV, YOXSA MEHDİYEV?! – Özünüsenzuranın qayıdışı

Və ya İlham Əliyev jurnalistlərin dostudursa, azad medianı əzmək siyasətinin başında kim durur?

9 oktyabr prezident seçkilərindən 2 aya yaxın vaxt keçsə də, onun nəticələri əsas müzakirə obyekti olaraq qalır. Seçkinin nəticələrinin total və açıq şəkildə saxtalaşdırılması, səsvermə günü baş verən biabırçılıqlar yəqin ki, hələ uzun müddət bu istiqamətdə müzakirələrin davam etməsinə səbəb olacaq. Bu da təsadüfi deyil. Avropa məkanında keçirilən seçkilərlə bağlı rəyi həlledici hesab olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının öz hesabatında Azərbaycanda prezident seçkilərinin yekun nəticələrinin xalqın iradəsini əks etdirmədiyini, birmənalı olaraq saxtalaşdırıldığını bəyan etməsini beynəlxalq ictimaiyyət, demokratik dövlətlər görməzdən gələ bilməzlər. Seçkilərə münasibətdə ABŞ Dövlət Departamentinin və Avropa Parlamentinin məhz bu rəyə əsaslanması və faktiki olaraq, İlham Əliyevi qeyri-legitim prezident kimi tanıması bunun mübahisəsiz isbatıdır.

Bu isə Azərbaycanla bağlı yeni siyasi situasiyanın və həm də mürəkkəb bir vəziyyətin yaranmasını şərtləndirib. Təsadüfi deyil ki, artıq həm daxildə ictimai-siyasi dairələr, həm də beynəlxalq qurumlar Azərbaycanda baş verən hadisələrə, məhz prezident seçkilərinin nəticələri kontekstindən münasibət bildirirlər. Bu günlərdə ölkə başçısı İlham Əliyevin KİV rəhbərlərini qəbul etməsinə (“Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi üçün) münasibət buna əyani sübutdur.

Biriləri bunu İlham Əliyevin «mətbuata qayğısı» kimi təqdim etsə də, demokratik ictimaiyyət faktın arxasında dövlət başçısının Vilnüs sammitində çətin suallardan qaçmaq, beynəlxalq ictimaiyyətin mövqeyini yumşaltmaq cəhdinin dayandığını bəyan etdi. Haqsız da deyildilər...

Seçki ərəfəsində və sonra mətbuatn ciddi basqılarla üzləşdiyi, faktiki olaraq müxalif mövqedə dayanan medianın sıradan çıxarılmasna hesablanmış siyasət aparıldığı bir şəraitdə İlham Əliyevin «Jurnalistləri dostu» elan edilməsi, sadəcə nonsensdir. Bunun səbəbləri ilə bağlı xeyli mövqelər səslənib, yazılar yazılıb. Ona görə də biz təkrarçılıq olmasın deyə məsələyə fərqli rakursdan yanaşacağıq.

Hamıya məlumdur ki, «Qaya» və «Qasid» firmaları böyük ölçüdə sıradan çıxarıldıqdan, əldəyayımın qarşısı polis gücü ilə alındıqdan sonra, çap mətbatının satışı əsasən metropolitendə həyata keçirilirdi. Xüsusən də alternativ fikrin yer aldığı mətbuatı əhali əsasən metrodakı qəzet satışı köşklərindən əldə edə bilirdi.

Bir qədər əvvəl metropolitenin rəisi Tağı Əhmədov metroda qəzet satışını qadağan edərək, bu işi həyata keçirən «Metro Servis» firmasının fəaliyyətinə son qoydu. Və Tağı Əhmədov açıq şəkildə bildirdi ki, bu qərarı “yuxarıdan gələn tapşırıq əsasında" verib.

Elə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun mətbuata müsahibəsində söylədikləri fikirlər də bunu təsdiqlədi. Sitat: «İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb.»

Bu açıqlamadan sonra durub metroda qəzet satışının qadağan edilməsinə görə Tağı Əhmədovu günahlandırmaq, onun prezidentin qərararını sobotaj etdiyini yazmaq, sadəcə faktı təhrif etmək olmayıb, həm də faktın arxasında dayanan əsl simanı gizlətmək cəhdindən başqa bir şey deyil.

Sual olunur: Tağı Əhmədov açıq şəkildə bildirirsə ki, bu, «yuxarıdan gələn qərardır» və Əli Həsənov da bu qərarın doğru olduğunu söyləyirsə, onda çap mətbuatı üçün faktiki olaraq «ölüm fərmanı» olan bu qərarı verən kimdir?!

Yəqin razılaşarsız ki, Tağı Əhmədov üçün «yuxarı» yalnız iki şəxs ola bilər: İlham Əliyev və Ramiz Mehdiyev.

Əli Həsənov da qərarın yalnız bu şəxslərdən gəldiyi halda onun doğru olduğunu söyləyə bilərdi.

Odur ki, İlham Əliyevi “Mətbuatın dostu” elan edənlər, onu dünyada mətbuata qayğı göstərən yeganə prezident kimi təqdim edənlər buyursunlar, əvvəlcə bu məsələyə aydınlıq gətirsinlər. Əlbəttə, əgər özlərində cəsarət taparlarsa...

Ancaq onların cəsarətlərinin, ən uzağı Tağı Əhmədovu ittiham etməkdən o yana keçə bilmədiyinə şübhə etmədiyimiz üçün bəzi məsələlərə özümüz aydınlıq gətirmək istərdik.

Şübhəsiz ki, 9 oktyabr prezident seçkiləri ilə Azərbaycanda dəyişən məsələlərdən biri də hakimiyyət daxilindəki qruplaşmalar arasında güc nisbəti oldu. Daha dəqiq desək, seçki ərəfəsində və ondan əvvəl xeyli zəifləmiş Ramiz Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı», seçkidən əsas güc olaraq çıxdı. Müdafiə naziri postuna da öz adamını gətirdikdən sonra, faktiki olaraq ölkədə real hakimiyyət yenidən «Naxçıvan klanı»nın əlinə keçdi. Bunun səbəbləri və gözlənilən nəticələri ilə bağlı əlavə yazımızın olacağı anonsunu verərək, mövzuya qayıdaq.

Məlumdur ki, Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı» hakimiyyətin içərisində mühafizəkar qrup kimi tanınır. Onlar nəinki hakimiyyətə təhlükə yaradan, hətta alternativ mövqe ortaya qoyan kim və nə varsa nəzarət atına almağı lazım bilirlər. Kimini kökə ilə, kimini kötək ilə... Bu baxımdan, seçkidən sonra mətbuata olan basqıların məqsədinin də sərt tənqidçi medianı susdurmaq olduğu şübhə doğurmur. Söhbət əlbəttə, azad medianın fiziki məhvindən getmir. Avropaya göstərmək üçün buna da ehtiyac var. Sadəcə, mətbuatı elə bir hala salmaq istəyirlər ki, özü-özünə senzura tətbiq etsin. Siyasi hakimiyyətin qeyri-legitimliyindən, iqtidarın zirvəsində olanların korrupsiya əməllərindən və sair belə köklü problemlərdən yazmaqdan çəkinsin.

Hökumət 2005-ci ildən sonra faktiki olaraq belə bir vəziyyət yarada bilmişdi. Hamı qəbul etmişdi ki, hakim ailəyə toxunmaq, Prezidenti və ailəsini açıq şəkildə tənqid etmək təhlükəli bir işdir. Kiçik istisnalarla, mətbuatın özü özünə tətbiq etdiyi bu senzura təxminən 2012-ci ilə kimi (Xədicə İsmayılovanın araşdırmalarına qədər) davam etdi. Prezident seçkiləri kampaniyası başlayandan sonra isə, Cəmil Həsənli, faktiki olaraq təkbaşına hakimiyyətin bir neçə illik zəhmətini cəmi 20 gün ərzində darmadağın etdi. Hakim ailənin tənqidolunmazlığı barədə tabular yıxıldı.

Lakin belə görünür ki, hakimiyyət buna dözmək niyyətində deyil və mətbuatı yenidən “çərçivə” içərisinə qaytarmaq üçün var gücü ilə hücuma keçib. Müşahidələr göstərir ki, buna müəyyən qədər nail də olurlar.

Sirr deyil ki, hakimiyyətin çap mətbuatı üzərində həyata keçirdiyi əməliyyatın əsas məqsədi “Azadlıq” qəzetini susdurmaq, onun tənqid hədəfinin miqyasını kiçiltmək, bu qəzeti özünüsenzuraya məcbur etməkdir. Hakimiyyət “Azadliq”ı tamamilə məhv etmək, çapını birdəfəlik dayandırmaq niyyətində deyil. Amma qəzetin rəhbərliyində belə bir rəy yaratmağa çalışırlar ki, müəyyən qədər “yumşalmasaq” qəzeti bağlayacaqlar. Bu rəyin yaranmasına artıq nail olublar. Təsadüfi deyil ki, “Azadlıq” qəzetinin sayt variantı elə bu qəzetin baş redaktoru Qənimət Zahidin son bir ayda xaricdən Heydər Əliyev Fondu və gömrükdəki “Broker”lə bağlı hazırladığı ifşaedici filmləri öz səhifəsinə yerləşdirməkdən imtina edib. Hər iki filmdə əsas hədəf başda İlham Əliyev olmaqla, hakim ailədir. “Azadliq” qəzetinin əməkdaşları bu filmləri sosial şəbəkələrdə yaymaqla kifayətlənməli olublar. Deməli özünüsenzura artıq işə düşüb...

Bu siyasətin İlham Əliyevdən xəbərsiz həyata keçirildiyini iddia etmək üçün heç bir fakt yoxdur. Əliyevlə görüşdən sonra mətbuatın durumunda yaxşılığa doğru heç bir dönüşün olmaması bunun əyani sübutudur. Əksinə, görüşdən sonra KİV-ə Dəstək Fondu «Azadlıq» qəzetinə maliyyə ayrılmasını da dayandırdı ki, bu faktın da əlavə şərhə ehtiyacı yoxdur.

Sonda qeyd edək ki, bəzi həmkarlarımız İlham Əliyevlə görüşün (əslində bü görüş olmayıb, ölkə başçısına mükafatın təqdim olunması mərasimi idi-müəl.) medianın nüfuzunu qaldıracağını, bəziləri məmurlarda mətbuata hörmət yaradacağını iddia edirlər. Ancaq unudurlar ki, bu gün Azərbaycan mətbuatı böyük ölçüdə əzilmiş, tapdanmış haldadır. Bu cür media başını qaldırıb ancaq iqtidar sahiblərinin ayaqqabısının altına baxa bilər. Bundan zövq alanlara, GÖRÜŞÜNÜZ XEYİRLİ OLSUN deyirik.

Murad Məmmədov

AzPolitika.info

P.S. Qeyd edək ki, "AzPolitika.info" da müstəqil mətbuata olan basqılardan kənarda qalmayıb. Heç bir siyasi quruma bağlılığı olmayan, yalnız obyektiv və cəsarətli mövqeyilə böyük oxucu kütləsi qazanan “AzPolitika.info” 5 aydan çoxdur ki, görünməmiş hücum altında fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar