Təhsilimizin innovasiya aludəçiliyi

Canlı ünsiyyətdən virtual məkana 

Nadir Israfilov, təhsil eksperti

“Təhsil sahəsi çox ağır sahədir...Mən özüm sovet məktəbində oxumuşam. Sovet təhsil sistemini dəstəkləyirəm.” AMEA Prezidenti Akif Əlizadənin mətbuatda geniş yer aldığı bu açıq və səmimi etirafı sözün bütün mənalarında keçmiş düşüncələrimi bir daha yeniləmiş oldu. Nə yaxşı ki, sovet məktəbini keçən, bu sistemin verdiyi təhsil və tərbiyə sayəsində bugünki günümüzün böyük vəzifə və nüfuz sahibinə çevrilənlər arasında da sovet təhsil sistemini dəyərləndirənlər, ona arxa çevirməyənlər var imış.

Orta və ali məktəblərin qarşısında boyunun və çəkisinin az qala yarısı qədər olan iri çantalı, cılız görkəmli “birinciləri”, əllərində son dəb mobil telefon və qulaqlarında qulaqcıq öz aləminə qapılmış “qayğısız” tələbələri görəndə istətər-istəməz dahi Sabirin ötən əsrdə, sanki bu günümüzə ünvanladığı misralarını nostalji hissi ilə xatırlamamaq mümkün olmur:

Nədir, olur bu çocuqlar əyan, bu boyda, bu boyda?

Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?

Ana dilin belə bilmir iyirmi yaşlı cəvanlar,

Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!..

Nə qədər acı olsa da, bir həqiqəti etiraf etmək zorundayıq ki, getdikcə müasir texologiyaların əsirinə çevrilərək virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki cəhətdən, həm də mənəvi tərəfdən nəsə bir cılızlaşma prosesi müşahidə edilir. Yəqin ki, bu da səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə də sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.

Necə deyərlər təhsilimiz nə köhnə sovet şinelihdən çıxa bilib, nə də yeni təhsil texnologiyalarını yetərincə mənimsəyə bilib. Sanki ortalıqda qalıb nə edəcəyimizi bilməyən təəsüratı bağışlayırıq. Başqa sözlə, təhsilimizin mövcud durumunu araşdırmaq, yeni konsepsiyalar təklif etmək üçün nəyi əldə etdiyimizi, nəyi əldən verdiyimizi ayırd edə bilməməyimiz məsələsi ortaya çıxıb. Yəni, bir vaxtlar aid olduğumuz sovet təhsil sistemi hansı təməl prinsiplərə arxalanırdı və hazırda üz tutduğumuz Qərb təhsilinin baza prinsipləri nəyə söykənir.

Olduqca maraqlı nüans yaranıb. Gecəni gündüzə qatıb, bir an belə ara vermədən “Russkiy vkus” kolbasalarını, “Provensial” mayonezlərinı “Russkaya vodka” və digər keçmiş Sovet markalarını reklam edirik, bəh-bəhlə ağzımıza xüsusi dad gələcəyinə millətimimizi inandırmağa çalışırıq, Sovet təhsilindən söz düşəndə bir çoxlarımız ağzımızı büzürük. Nə isə, çox dərinə gedib, məsələnı dramatikləşdirməyək, birbaşa mətləbə keçək.

Deyəsən “elektron hökumət” anlayışını da hərfi mənada başa düşmüşük. Vətəndaşlarımızla internetin başı üzərindən təmas qurmağa meyllənmişik, saytlar və “facebook” kimi sosial şəbəkələrə üstünlük verməyə başlamışıq. Sualları elektron poçt vasitəsi ilə cavablandırırıq, valideynlərlə SMS vasitəsi ilə əlaqə saxlayırıq, Elektron dərsliklər yaradırıq, kitabları planşetlərlə əvəzləyirik. İmtahanları kompüter vasitəsi ilə götürürük (baxmayaraq ki, bəzi hallarda kompyuter əvəzinə “kompiter” kimi lövhələrə də rast gəlirik), tələbələrin problemini sosial şəbəkələrdə həll edirik. Bəzi rektorlarımız tələbələri, valideynləri və digər şəxslərı maraqlandıran suallara “Facebook”dakı rəsmi səhifələrində cavab vermək yolunu seçiblər, sualları müəyyən gün ərzində şərhlər vasitəsi ilə cavablandırırlar.

Orta məktəbə qəbulla bağlı qaydalarda yeni dəyişikliklər ediləcəyi, xüsusi elektron sistemin yaradılacağı, müsabiqə elan olunacağı, birinci sinfə gedəcək uşaqların o sistemdə qabaqcadan qeydiyyatdan keçməsi, qeydiyyatdan keçməyənlərin birinci sinfə qəbul olunmayacağı barədə söhbətlər gəzir. Bir sıra məktəb rəhbərlərinin zamanı qabaqlayaraq bəri başdan məktəbə hazırlıq qruplarına cəlb olunmayanların məktəbə qəbul olunmasına sədd yaratması barədə faktlar var.

Bu zaman heç fikirləşmirik ki, birdən internet anlayışı olmayan və ya elektron sistemdən istifadə etməyi bacarmayan valideynlərimiz olar və uşaqlarını qeydiyyatdan keçırməyib, icbari təhsildən yayındırar. Kimsə, Təhsil Nazirliyinin və Təhsil İdarəsinin rəsmi saytının poçt kodunu axtarıb tapınca və orada ərazisinə uygun gələn məktəbi müəyyənləşdirib seçincə, qeydiyyatın müddətini sovuşdurar və övladını təhsildən kənar qoyar.

Dünya təcrübəsində sosial şəbəkələrdən istifadənin əhatə dairəsinin genişlənməsi cəmiyyət üzvləri arasında uçurum yaratmaq demək deyil. Valideyni, tələbəni, şagirdi narahat edən məsələlərin virtual vasitələrlə həll edilməsi bu kateqoriyalar arasında çəpər çəkmək, sərhəd qoymaq, soyuqluq yaratmaq , kimlərisə kimlər üçün əlcatmaz etmək demək deyil. Virtual ünsiyyət canlı ünsiyyəti cansız ünsiyyətlə əvəzləməklə, vətəndaşların problemini pərdəarxası həll etmək vasitəsi də deyil, onların məlumatlandırılmasında, maarifləndirilməsində mobilliyi təmin etmək vasitəsidir. Əlbəttə ki, əgər biz buna hazırıqsa və düzgün başa düşürüksə. Valideyn də, tələbə də, müəllim də, təhsil prosesinin bərabər hüquqlu subyektləridir və onlarla canlı ünsiyyətdən qaçmaq, yeni texnologiya dilində danışmaq müasirlik demək deyil, elementar etik normalara belə sayqısızlıq göstərmək deməkdir.

Hələ kompyuterlərin tətbiqinə yenicə başlanan 70-ci illərdə böyük rus pedaqoqu və metodistı Vagin yazırdı ki, nə elmi-texniki tərəqqi, nə də heç bir yeni texnologiya canlı ünsiyyəti əvəz edə bilməz. Heç bir vasitə, heç bir metod canlı söz qədər təsir gücünə malik ola bilməz.

Tələsməli yerdə ləngiyirik, ləngiməli yerdə tələsirik. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncami ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikumlarının hazırlanması məsələsi nəzərdə tutulub. Lakin bu məsələ strateji hədəflərdən biri kimi gələcək üçün müəyyənləşib. Yəni bu vəzifə gələcəkdə məktəbə hazırlıq təhsilinin (1il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması məqsədilə planlaşdırılıb.

Nəzərdə tutulan vəzifələrin yaxın və ya uzaq gələcəkdə həyata keçiriləcəyinə isə Strategiyaya dair Fəaliyyət planının nə vaxt işıq üzü görəcəyi zaman aydınlıq gələ bilər. 5 ay müddət verilməsinə baxmayaraq, Strategiyaya dair Fəaliyyət planı bu günədək ortalıqda yoxdur və hələ ki, səmərəli təhsil modelinə əsaslanan standart və kurikumlarının hazırlanması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması və 12 illik ümumi təhsil sisteminin yaradılması da baş verməyib.

Elə isə, bir çox məktəb rəhbərləri tərəfindən zamanı qabaqlayaraq, indidən uşaqları 1 siniflərə qəbul edərkən müxtəlif müsabıqə, müsahibə və imtahan keçirmək, uşaqların məktəbə hazırlıq mərhələsindən keçməsini şərt qoymaqla süni baryerlər yaratması nədən qaynaqlanır? Məgər məktəb rəhbərlərimiz bilmirlər ki, mövcud Qaydalara əsasən uşağın məktəbə hazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir? Strategiyanın qanunvericilik bazası yaradılmadan hansı özfəaliyyət hərəkətinə yol verməkdən danışmaq olar?

Bəlkə bütün qüvvəmizi səfərbər edərək Strategiyaya dair Fəaliyyət planını hazırlayıb, Qaydaları vaxtaşırı dəyişmək ənənəsindən birdəfəlik qurtulaq? Bəlkə neçə faiz məktəb direktorunun Strategiyadan və ya məktəbə qəbul qaydalarından xəbəri olub-olmadığına dair hər hansı bir reydin keçirilməsinə, sorğunun aparılmasına ehtiyac var? Biz ölkə təhsilində baş verən hər hansı bir forma dəyişikliyini innovasiya kimi dəyərləndirib dünya təhsilinə inteqrasiya ilə əlaqələndirərkən bir mühüm məqanı bilərəkdən və bəlkə də bilməyərəkdən nəzərə almırıq ki, beynəlxalq inteqrasiya heç də o anlama gəlmir ki, dünya təhsilində nə varsa olduğu kimi ölkə təhsilinə gətirilməlidir.

Hətta, 1999-cu ildə yaradılan və 2005-ci ildən qoşulduğumuz Boloniya prosesinin Bəyannaməsi (Deklarasiyası) belə heç bir üzv ölkəni nəyəsə təhrik etmir, onun müddəalarına qeyri-şərtsiz əməl etməyi diktə etmir, sadəcə prosesin mahiyyəti ilə bağlı tövsiyə verir. Məhz, bunun bariz nümunəsidir ki, bu prosesin ərsəyə gəlməsinin ilk təşəbbüskarlarından olan iki üzv və qonşu olkə olan Almaniya və Fransada təhsil sistemləri tam fərqli şəkildə qurulub.

Dünyanın heç bir ölkəsində təsdiqlənmiş təhsil modeli yoxdur, sadəcə dünya birliyi bir sıra məsələlərdə eyni standartların olmasına calışır. Məhz, həmin bir sıra məsələlərin düzgün seçimini həyata keçirərkən Boloniya prosesinin istirakçısı kimi onun təhsilin yuxarı eşelonuna daha çox sərf edən kredit sistemindən bərk-bərk yapışaraq aşağı eşolona zəruri olan “hər bir tələbənin fərdı tədris planının olması və onun bu planın tərtibində iştirakı”, “tələbənin fənn və müəllim seçimində müstəqilliyi”, “hər bir tələbəyə təhsil alma prosesində məsləhətçi (tyutor) köməkliyi”, “tədris prosesinin bütün lazımi çap materıalları ilə təminatı” kimi mütərəqqi ideyalarına biganə yanaşılması artıq düzgün seçim deyil.

Dünya təcrübəsində tətbiqinə h azırlaşdığımız 12 illik təhsillə yanaşı 14,13,11,10 hətta 9 illik təhsil də var. Bununla belə müxtəlif 4+5+3, 4+6+3, 5+6+2, 5+4+3, 6+3+3, 6+2+4, 6+5+2 və s sxemlər də tətbiq olunur. Digər tərəfdən bizim müəllimlərdən qat-qat artıq əmək haqqısı və dəfələrlə aşağı təhsil haqqı olan ölkələr də az deyil. Bu hər bir ölkənin xarakterik xüsusiyyətləri ilə bağlı bir haldır. Bu mənada hansı ölkənisə nümunə gətirmək, paralellər aparmaq, onlarla sanki yarışa girmək yanlışlq olardı. İnnovasiya adlandırdığımz hər hansı bir yeniliyin, dəyişikliyin həyata keçirilməsi, hətta mütərəqqi ideya olsa belə onun qəbul olunması üçün ilk növbədə bu yeniliyə, dəyişikliyə və ideyaya uyğun mühit yaradılmalıdır. Təəssf ki, mühit yaratmaq əvəzinə innovasiyanı ifrata çeviririk.

Müəllimlərin əmək haqqının aşağı olması məsələsi gündəmə gələndə maaş artımını təhsildə əsaslı islahatlarla, bu sahənin bazar iqtisadiyyatına uyğulaşdırılması ilə, inflyasiyanın baş verə biləcəyi ilə və min bir səbəblə əlaqələndiririk. Universitetlərımızdə təhsil haqqının həddən artıq yüksək olmasından danışanda Harvard, Oksford, Kembric universitetlərini nümunə gətirib, təhsil haqlarının onlarda bizdən da artıq olduğunu misal çəkirik.

Nəyə görə məktəbə hazırlıq mərhələsini keçmədən adi ümumtəhsil məktəbinə gedə bilməməliyik?

Repetitor yanına getmədən ali məktəbə qəbulda çətinlik çəkməliyik?

Universitet diplomundan savayı hansısa əlavə kurslara, treninqlərə, təlimlərə baş vurmadan, müsabiqə, müsahibə və imtahan sınaqlarına məruz qalmadan ixtisasımız üzrə işə düzələ bilməməliyik?

Orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaq deyil deyirik, amma məktəblərin işinə medalçıların, təqaüdçülərin, qəbulda yüksək bal toplayanların faktiki göstəriciləri ilə qiymət veririk. “Sağlam təhsil-sağlam mühit” layihəsi həyata keçiririk, proqram və dərslikləri, test və tapşırıqları qəlizləşdirib, uşaqlarımızı fiziki və mənəvi istismara məruz qoyub onları uşaqlıq və yeniyetməlik həyatı yaşamasından məhrum edirik. “Şəxsiyyətyönümlü”, “nəticəyönümlü” kurikulumlar ifadəsini işlətməkdən dilimiz yara salıb. Şəxsiyyətyönümlülüyün nə olduğu elə 2006-cı ilin oktyabrında qəbul etdiyimiz Kurikulum sənədinin səhifəsində qalıb. Nəticəyönümlü təhsilin nəticələrini şərh etmək isə artıq vaxt itkisi olar.

Çünki tələsirik, özü də zərurət olmadan. Sanki, ölkənin iqtisadı inkişaf tempi ilə ayaqlaşmaq istəyirik. Lakin bir şeyi unuduruq ki, ölkənin iqtisadi inkişafı təhsilimizin də ona adekvat inkişaf səviyysində olması demək deyil. Yüksək maddi-texniki baza, infrastruktur hələ yüksək təhsil demək deyil. Təhsil təkcə təmir-tikinti və təchizatdan ibarət deyil. Təhsil tələskənliyi, inqilabi sıçrayışları qəbul etmir. Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənin vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya, metodologiyanın onilliklərdən, yüzilliklərdən bəri toplanmış potensialına əsaslanır, təkamül yolu ilə inkişafı tərciyə edir.

Akademikimizin Sovet təhsil sistemini dəstəkləməsi söz xatirinə deyilən söz deyil. Bir həqiqət odur ki, bu sistem uzun illərin sınağından çıxıb oturuşmuşdu. Bizim innovasiya aludəçıliyimiz isə təhsilimizi oturuşmağa imkan vermir. Nə qədər ümidverici olmasa da, hər halda diqqətçəkici bir məsəl var: “Əgər hara gedəcəyini tam dəqiqləşdirməmisənsə, yaxşısı budur yerində qalıb tərpənməyəsən.”

Təhsilimiz hara gedir? Gəlin əvvəlcə bunu dəqiqləşdirək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar