RUSİYA İQTİSADİYYATI UÇURUMA YUVARLANIR - "Hökumət öz avtoritetini itirir"

İqtisadiyyat barəsindəki məlumatların Rusiya kütləvi informasiya vasitələrindən yoxa çıxması bu ölkədə dərin iqtisadi böhranın başlamasından xəbər verir. Sovet dövründə olduğu kimi iqtisadiyyatdakı real faktlar ictimaiyyətdən gizlədilir. Rəsmi KİV-lərdəki reportajlar əsasən Ukraynadakı müharibəyə və rus idmançılarının, balet ustalarının nailiyyətlərinə həsr edilir. Hətta Rusiya televiziyalarında ən çox danışılan mövzu Ukrayna iqtisadiyyatının necə bərbad vəziyyətdə olmasıdır.

Rəsmi televiziyanın hər vasitə ilə iqtisadiyyat mövzusundan qaçdığı bir dövrdə vətandaşlar əllərindəki rublları tələsik dollara dəyişdirir, qiymətləri qalxmayan malların alışına girişir və gələcəkdəki çətin günlər üçün planlar qururlar. Yeni ilin iki həftəsi ərzində rublun məzənnəsi dollara görə 17,5% qədər dəyər itirib və infliyasiyyanın səviyyəsi iki rəqəmli göstəriciyə yüksəlib. Müxtəlif qiymətləndirmələrə görə 2015-ci il üçün Rusiyanın Ümumi Daxili Məhsulu 3-5% azalacaq. Ölkənin kredit reytinqi artıq "zibil" adlandırılan səviyyəyə qədər enib. Bütün bunlara baxmayaraq, Rusiya hökumətinin arxayınlığı və sakitliyi onların hər hansı strategiyasının olmamasından xəbər verir. Vladimir Putinin müntəzəm olaraq regional hakimiyyət nümayəndələri ilə keçirilən müşavirələrində görülən möhtəşəm işlər və böyük nailiyyətlər barəsində ona məruzələr edilir.

Neftin bir barelinin qiymətinin 50 dollara enməsi Rusiya büdcəsinə baha başa gələcək və nəzərdə tutulan gəlirlər 20% azalacaq. Rusiya maliyyə naziri Anton Siluanov büdcənin 10% kəsilməsinə qərar verib. Ancaq indi görünür ki, onlar büdcəni 10%-dən də artıq kəsməyə məcbur qalacaqlar. Kreml zənn edir ki, 2008-2009-cu illərdə baş verən maliyyə böhranının yaşandığı illərdə olduğu kimi, problemlərin öhdəsindən yenə də gəlinə biləcək. Həmin dövrdə hökumət dövlət xərclərini artıraraq, borcu olan şirkətlərə yardım göstərmişdi. Bu gün isə hökumətin o cür imkanları yoxdur. Rusiyanın hazırkı maliyyə ehtiyatı dörd il əvvəlkindən xeyli aşağıdır və bu imkan yaxşı halda il yarım üçün yetərli ola bilər. Həm də ki, hökumət tədricən öz avtoritetini itirir. Mərkəzi Bankın faiz dərəcələrini 17%-ə qədər qaldırması rublu möhkəmləndirməli idi. Amma bu tədbir də işə yaramadı. ”Alfa Bank”ın iqtisadçı analitiki Nataliya Orlovanın sözlərinə görə, rusiyalılar rubla olan inamlarını itirdiklərinə görə banklardakı pullarını geri götürməyə başlayıblar.

Əgər Kreml Rusiya ixracatçılarına öz valyuta gəlirlərini satmağı məcbur etməsəydi və eyni zamanda da böyük şirkətlərin həmin valyutanı almasına mane olmasa idi, rublun məzənnəsi daha sürətlə düşəcəkdi. Mərkəzi Bankın Rusiya banklarını müdafiə etmək məqsədi ilə gördüyü bütün tədbirlər ciddi fayda vermir və ölkədəki pul kütləsi valyuta bazarına daxil olaraq rublun vəziyyətini zəiflətməkdə davam edir. İstənilən yola əl atılması daxili tələbi stimullaşdırmır və bu da öz növbəsində ölkədən çıxan kapital axınını gücləndirəcək. Rublu müdafiə etmək üçün yeganə vasitə bankların maliyyə likvidliyinə məhdudiyyətin gətiriliməsidir. Ancaq bu üsul bankları təhlükəli risk qarşısında qoyur. Gəzən söz-söhbətlərə görə, Rusiyanın ən böyük bankı “Sberbank”ın rəhbəri Qerman Qref xəbərdarlıq edib ki, hazırkı valyuta böhranının qarşısı alınmazsa, bu böyük masştablı bank böhranına çevrilə bilər.

Kapital axını, neftin qiymətinin düşüşü, xarici maliyyə bazarlarına daxil olmaq imkanının itirilməsi və demoqrafik problem şəraitində Rusiyanın indki böhrandan çıxa bilməsi xeyli müşkül görünür. Ola bilər ki, bəlkə də ruslar ümidlərini xaricdən idxal edilən malların, yerli məhsullarla əvəz olunmasına bağlayıblar. 1998-ci ilin defoltundan sonra Rusiya böyük məsrəf çəkmədən köhnə sovet avadanlıqlarından istifadə etmək yolu ilə ixrac məhsullarının yerini müəyyən qədər əvəzləyə bilmişdi. O dövrdən indiyədək xeyli müddət keçib və hazırda Rusiyanın ixrac etdiyi məhsulların yerini tez bir zamanda yerli analoqlarla əvəz etmək qeyri-mümkündür. Bunları həyata keçirmək üçün ciddi investisiya qoyuluşu tələb olunur ki, indiki dövrdə kimsə bunu etməyə hazır deyil.

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin və iqtisadçı Yevsey Qurviçin fikirlərinə görə, Rusiya iqtisadiyyatı təkcə pul-kredit və digər büdcə tədbirlərinin köməyi ilə bərpa oluna bilməz. Bütün bədbəxtliklərin başlıca səbəbi isə bazar gücünün zəifləməsi və rəqabətin məhv edilməsidir. Bu isə Rusiyanın tam mənası ilə bazar iqtisadiyyatından uzaq bir ölkə olması mənasına gəlir. Sovet dövründəki Dövlət Plan Komitəsi kimi Rusyada iqtisadiyyata indi də çox güclü dövlət təsiri mövcuddur. Rusiya iqtisadiyyatındakı aparıcı mövqeləri - gəlirləri iqtisadi səmərəliliyi hesabına artan özəl şirkətlər deyil, siyasi dairələrlə əlaqədar olan dövlət şirkətləri tuturlar. Stimulun ortadan qaldırılması, korrupsiya və sahibkarların hüquqi cəhətdən qorunmaması ən səmərəli şirkətlərin bazardan çıxmasına yol açdı. Əvəzində isə çox bərbad şəkildə idarə olunan parazit və effektsiz dövlət firmalarının mövqeləri möhkəmləndi. Neftin qiymətinin aşağı düşməsi belə bəlaları sadəcə olaraq üzə çıxardı.

Kudrin və Qurviç izah edirlər ki, Rusiya iqtisadiyyatının sürətlə böyüməsi 1998-2008-ci illər arasında neftin qiymətinin yüksəlməsi hesabına asan yolla əldə olunan gəlirlərlə bağlıdır. Bu illər ərzində hökumət iqtisadiyyatın yenidən qurulması və modernləşdirilməsi əvəzinə asan yolla gələn gəlirlərin bölüşdürülməsi ilə məşğul olub. Kreml uzunmüddətli investisiyaların yerinə daha yüngül gəlirlərə üstünlük verib. Rusiyanın hazırkı mürəkkəb və çətin vəziyyətdən qurtulmasının yeganə yolu iqtisadiyyatın yenidən qurulmasından keçir. Cənab Kudrin Putinə çatdırmaq istəyir ki, bu cür keçidi həyata keçirmək onun indiki prezidentlik etdiyi müddətin çərçivəsində də mümkündür. Ancaq bu işləri hazırkı hökumətlə görmək olmaz. Lakin Putin öz əvvəlki fikirində çox möhkəm dayanıb. O, hansı işlər görəcəyi variantları üzərində düşündüyü zaman və eləcədə rəsmi televiziya kanallarının nə söyləməklərinə baxmayaraq, Rusiya iqtisadiyyatı uçuruma doğru yuvarlanır.

(The Economist)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar