Səməd Seyidov Qərbin təzyiqlərindən danışdı- "Azərbaycana qarşı addımlar atan olacaq"

“AŞPA-nın hər sessiyası ərəfəsində süni şəkildə gərginlik artırılır. Növbəti sessiyada da istisna deyil ki, Azərbaycana qarşı addımlar atan olacaq. Sözsüz ki, biz də öz sözümüzü deyəcəyik. Amma bu gün Avropa Şurası o səviyyədə deyil ki, Azərbaycana hansısa bir məsələni diktə eləsin. Avropa Şurası öz müqəddəratı və öz gələcəyi haqqında daha çox düşünməlidir, nəinki Azərbaycanda gedən hansısa proseslər barədə...”.

Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya müsahibəsində deyib.

AŞPA-nın yanvar sessiyasında Azərbaycanla bağlı müzakirə olacağı haqda məlumata münasibət bildirən Seyidov bunu istisna etməsə də, hələlik qurumun gündəliyində rəsmi olaraq belə məsələnin olmadığını bildirib.

Seyidov Azərbaycan hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək çinli məmurlara qarşı sanksiyaların tətbiq olunması barədə bu günlərdə yayılan xəbərə də münasibət bildirib. O, ad çəkmədən hansısa dairələrin Azərbaycanla bağlı pis fikir formalaşdırmaq məqsədində olduğunu deyib: “Bəzi qüvvələr, qurumlar süni şəkildə Azərbaycana qarşı hansısa tədbirlərin görülməsinin tərəfdarıdır, onlar öz fikirlərini başqalarına da yaymaq istəyirlər. Əslində Avropa Azərbaycanla əməkdaşlıqda həddindən artıq maraqlıdır. Çünki Avropanın həll edə bilmədiyi məsələni Azərbaycan burada həll edir”.

Seyidovun fikrincə, Avropa bu gün Azərbaycanla bağlı mənfi nəsə etsə, özünə etmiş olacaq. “Hazırda Avropada gedən proseslər onun müqəddəratını və taleyini şübhə altında qoyur”, - deyə o qeyd edib.

S.Seyidov Azərbaycanla ABŞ arasında hazırda hökm sürən gərgin münasibətdən də danışıb. Bu barədə suala o, belə cavab verib:

- Dünyanın bəlkə də ən aparıcı ölkəsi olan ABŞ-ı nəzərdə tutaraq deyirik ki, Azərbaycan artıq 15 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan qüdrətli, güclü və ən əsası, millətin maraqlarını yüksək səviyyədə həyata keçirən dövlətdir. Azərbaycan hansısa ölkələrin maraqlarını ödəmək yox, hər şeydən əvvəl öz xalqının maraqlarını ödəməyi əsas götürür. Hansısa ölkə Azərbaycanda öz maraqlarını xalqdan üstün tutaraq tətbiq etmək istəyəcəksə, bu, mümkün olmayacaq. Bunu birdəfəlik dərk etmək lazımdır. Söhbət ondan gedir ki, Azərbaycan apardığı siyasətlə xalqı və ölkəni yüksək pillələrə gətirib çıxarıb və bu düzgün siyasət xalqa xidmət edir. İndi bu, kimi və niyə narahat edir? Bizim yeganə tələbimiz odur ki, əməkdaşlıqda Azərbaycanın da maraqları nəzərə alınsın. Azərbaycanla hesablaşmaq lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar