ERMƏNİ KƏŞFİYYAT-TƏXRİBAT QRUPU MƏHV EDİLDİ - Cəbhədə güclü atışma olub

Yanvarın 21-də gecə saat 3 radələrində Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində düşmən ordusu yeni itki verib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.  Yerli media orqanlarının verdiyi məllumata görə,  qoşunların təmas xəttində 1982-ci il təvəllüdlü Naapet Asatryan ölüb. 1973-cü il təvəllüdlü hərbçi Ovannes Qasparyan isə yaralanıb. Erməni tərəfinin iddiasına görə, hadisə Azərbaycan ordusunun atəşkəs rejimini pozması nəticəsində baş verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan da bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Tavuş vilayətində müddətdən artıq xidmət edən hərbçi ölüb.

Ovannisyan bildirib ki, bu gecə cəbhədə atışma zamanı 1980-ci il təvəllüdlü müddətdən artıq xidmət edən Arman Raşidoviç Udumyan ölüb. O, çavuş olub.

Qeyd edək ki, Ermənistan ordusu yeni il başlayandan xeyli itki verib. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu erməni kəşfiyyat-təxribat qrupunun hücumlarının qarşısını alır, düşmən itki verərək geri çəkilir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır: "Erməni tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək yalnız cəbhədə onların (Ermənistan Silahlı Qüvvələrinin) 8 hərbi qulluqçusu məhv edilib, 4 nəfəri isə ağır yaralanıb. Təsdiq edilən itkilər ancaq Ermənistan Silahlı Qüvvələrinə məxsusdur. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmi açıqlanandan ən az iki-üç dəfə çoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.

MURAD

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar