ƏRDOĞAN RƏSUL QULİYEVİ TÜRKİYƏYƏ BURAXMAYIB! – Eks-spiker baş nazirə məktubunda nə yazıb?

Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Türkiyəyə girişinə qoyulan qadağanın aradan qaldırılması xahişi ilə Rəcəb Tayyib Ərdoğana məktub yollayıb. Bu barədə AzPolitika.info-ya daxil olan məlumatda bildirilir ki, Rəsul Quliyevin o vaxt baş nazir olan Ərdoğana 2013-cü ilin prezident seçkilərindən əvvəl yazdığı məktuba xeyli sonra mənfi cavab verilib. R.Quliyevin Türkiyədəki yaxın adamlarından birinə deyilib ki, hələlik eks-spikerin Türkiyəyə girişinə qoyulan qadağanın aradan qaldırılması məqsədəuyğun hesab edilmir.

Məlumatda bildirilir ki, Rəsul Quliyevin Ərdoğana məktubunu 2013-cü ilin əvvəlində Türkiyəyə səfər edən ACP rəhbərlərindən biri aparıb.

Xatırladaq ki, elə həmin günlərdə Azərbaycan KİV-lərinə Rəsul Quliyevin Türkiyəyə gələcəyi barədə məlumat ötürülmüşdü. Hətta belə bir səfərin mümkünlüyünü Rəsul Quliyev özü də istisna etməmişdi. Lakin bu məlumatlar özünü doğrultmadı. Çox guman ki, son 1-2 ildə Rəsul Quliyevin Ərdoğanın əleyhinə sərt açıqlamalar verməsi də bununla – məktubuna mənfi cavab verilməsi ilə bağlıdır.

Rəsul Quliyevin Türkiyəyə girişinə qeyri-rəsmi qadağa 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Qurumu tərəfindən qoyulub. Həmin vaxt R.Quliyev Türkiyədə yaşayır və ordan Azərbaycan iqtidarına qarşı sərt açıqlamalar verirdi. Türkiyədən deportasiya olunduqdan sonra eks-spiker ABŞ-a köçdü və indiyədək də orda yaşayır.

Bu illər ərzində R.Quliyevin Türkiyəyə gələcəyinə dair saysız-hesabsız məlumatlar yayılıb. Onun özü isə dəfələrlə bəyan edib ki, istədiyi vaxt Türkiyəyə gələ bilər, heç bir qadağa yoxdur. Lakin 2013-cü ildə R.Quliyevin lideri olduğu partiya rəsmən etiraf etmişdi ki, Türkiyə belə bir qadağa qoyub.

“Biz istəmirik ki, bu, mübahisəyə çevrilsin. Hal-hazırda Türkiyə hökumətinin mövqeyini gözləyirik", deyə, partiyadan bildirilmişdi.

Qeyd edək ki, 2013-cü ildə Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrova da məktub yazmış, Moskvada qəbul olunmasını xahiş etmişdi.

Rasim ƏLİYEV

AzPolitika.info

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar