BAKI SADIQOVU, KREML ABBASOVU DƏSTƏKLƏYİR - Kim qalib gələcək?

Rusiyadakı səfirliyimiz Söyün Sadıqova dəstək verməklə sabiq vitse-primyerin bağışlanmadığı mesajını verib

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un Ağsaqqallar Şurasının sədrliyindən uzaqlaşdırılması mediada diqqətlə izlənir. Xatırladaq ki, yanvarın 17-də “AzerRos”un fəxri sədri Söyün Sadıqovun rəhbərliyi ilə keçirilən növbədənkənar qurultayda A.Abbasovun dəstəyi ilə sədr olmuş Asif Məhərrəmov rəhbərlikdən uzaqlaşdırılıb, Ağsaqqallar Şurası sədri postu isə ümumiyyətlə ləğv edilib.

Bundan sonra qurumun rəsmi saytı olan azerros.ru-da “AzerRos”un Federal Şurasının sədri Mehriban Sadıqovanın bəyanatı yayılıb. M.Sadıqovanın bəyanatında bildirilir ki, yanvarın 17-də qurultay adında keçirilən tədbirin heç bir hüquqi qüvvəsi yoxdur. M.Sadıqova tədbir iştirakçılarını “reyder” adlandıraraq onları “AzerRos”da hakimiyyəti ələ keçirməkdə ittiham edib. “AzerRos”un Federal Şurasının sədri bəyan edib ki, yanvarın 15-də “AzerRos”un ofisində qurultaya hazırlıq müzakirə edilərək 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb və ali tədbir martda keçiriləcək.

Yeri gəlmişkən, M.Sadıqova 2013-cü il iyunun 28-də “AzerRos” Federal Şurasının birinci iclasında sədr seçilib. Hələ o zaman onun bu vəzifəyə sədr kimi namizədliyi qurumda ciddi etirazla qarşılanmışdı. M.Sadıqovanın namizədliyini bir neçə nəfərdən başqa heç kim dəstəkləməmişdi. “AzerRos”da bir çoxları M.Sadıqovanın yüksəlişini həzm edə bilmirdilər. Amma məhz Abbas Abbasovun müdaxiləsindən sonra narazılarla aparıla danışıqlar nəticə verdi və M.Sadıqovanın qurumun Federasiya Şurasına sədrliyi rəsmiləşdi.

Baş verənlər artıq “AzerRos”un iki yerə bölündüyünü təsdiq edir və çox güman ki, martda Abbas Abbasov tərəfdarları da öz qurultayını keçirərək M.Sadıqovanı yeni sədr seçəcəklər.

A.Abbasov hələ ki susqunluğunu qoruyur. Onun deputat oğlu Aydın Abbasov “Yeni Müsavat”a müsahibəsində Ağsaqqallar Şurasının ləğv olunması ilə bağlı xəbərlərə qısa münasibət bildirib: “”AzerRos"un rəsmi saytı var, girin ora, baxın, ləğv olunub-olunmadığını ordan öyrənin. Yaxud zəng edin “AzerRos”un özünə, onlardan məlumat alın". O, S.Sadıqova üstüörtülü “intriqant” deyib və bu məsələ ilə bağlı əlavə heç nə danışmaq istəməyib.

“Yeni Müsavat” öz mənbələrindən öyrənib ki, “AzerRos”un əsas strukturları A.Abbasovu dəstəkləyir və qurumun ofisi də, rəsmi saytı da onun nəzarətindədir. “Kreml də məhz Abbas Abbasovun rəhbərliyində olduğu qurumun legitimliyini rəsmi tanıyacaq. Abbas Abbasovun Kreml administrasiyasında dayaqları kifayət qədər güclüdür. İkinci bir tərəfdən, Abbas Abbasov Bakı ilə özünü Kremlin oyunlarına görə düşmən edib. Moskvadakılar da bunu yaxşı bilir və unutmurlar” deyə, məlumatlı mənbəmiz bildirib.

Publika.az Moskvadakı mənbələri vasitəsilə maraqlı bilgilər əldə edib. “Hər şey iki il öncəki qurultayda başladı. ”AzerRos"da son seçkilərdə Abbasovun dəstəyi ilə Asif Məhərrəmov yeni prezident seçildi. Bununla da Söyün Sadıqovla qurum arasında ciddi konflikt yarandı. Xüsusilə qurumdakı sadıqovçular yeni rəhbərliyə tabe olmaq istəmirdilər. Lakin sonradan Abbas Abbasovun müdaxiləsi ilə “atəşkəs” elan olundu. Həmin konfliktdə Sadıqovun imici xeyli zəiflədi və Rusiya hökumətindəki əlaqələri də zərər gördü.

Daha sonra Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının yeni tərkibi açıqlandı. Yeni tərkibdə Söyün Sadıqovun adı yox idi. Onun yerinə isə Asif Məhərrəmov təyin edildi. Bu artıq bütün körpülərin yandırılması idi.

Çünki Sadıqov Kremlin ona qarşı soyuq münasibətinə görə Abbasovu ittiham edirdi. Həmin dövrdən sonra Sadıqov sanki “qeybə” çəkildi. O, özünü çox sakit apardı və məqam gözlədi. Kremllə münasibətlərini yenidən yoluna qoymaq istiqamətində çalışdı, hətta bir neçə “iş” də ala bildi. Sonuncu dəfə Ukrayna münaqişəsindən sonra Krım tatarlarının parçalanması, Mustafa Cəmilovun dayaqlarının sıradan çıxarılması işini ona tapşırdılar. Sadıqov bu işi pis həyata keçirmədi və hazırda məsələ üzərindəki fəaliyyətini davam etdirir. Hələ o vaxt məlum idi ki, Sadıqov dirçələn kimi Abbasova qarşı revanşa başlayacaq. Qurumun içində o vaxtdan marginallığı ilə seçilən adamlar var. Bu qrupa Sadıqov

rəhbərlik edir. Söyün uzun müddət idi ki, “AzerRos”a yaxın buraxılmırdı. Təsir imkanları azalmışdı. Lakin görünür o, uzaqda olanda da işi dayandırmayıb və qurumu içindən dağıtmaq planlarını hazırlayıb. Bu işdə ona Nizami Bəşirov, Qalib Ağayev, Tahir Hacıyev, Yusif Xıdırov kömək edir. Bu qruplaşma əvvəldən də qurumu Abbasov - Məhərrəmov kurasiyasından almaq istəyirdi. Son proseslər də bunu göstərdi. Ümumi hədəf isə Abbasovu ictimai-siyasi proseslərdən uzaqlaşdırmaq, onun nüfuzunu zədələməkdir".

İndi əsas maraqlı məsələ bu proseslərdə rəsmi Bakının rolunun olub-olmamasıdır. Çünki 2013-cü il prezident seçkiləri ərəfəsi “Milyarderlər ittifaqı”na rəhbərlik edən A.Abbasovla Azərbaycan iqtidarının münasibətləri son dərəcə pisləşmişdi. Seçkidən sonra da A.Abbasov hakimiyyətin qınağında olub və həm Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, həm hakimiyyətin ayrı-ayrı təmsilçiləri öz açıqlamalarında A.Abbasovu “doğru yola” dəvət ediblər.

Maraqlıdır ki, A.Abbasovun “AzerRos” rəhbərliyindən uzaqlaşdırıldığı tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov da iştirak və çıxış edib. Q.Osmanov qurultay iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb. Q.Osmanov Azərbaycan dövlətinin hər bir ölkədə güclü, monolit diasporu olmasında maraqlı olduğunu deyib: “Qurultayı təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”. Bu iştirak artıq rəsmi Bakının mövqeyidir və A.Abbasovun hakimiyyətlə münasibətlərinin düzəlmədiyi barədə informasiyaların təsdiqdir. Amma bu dəstəkdə daha bir maraqlı məqam da var. Azərbaycan hakimiyyətinin S.Sadiqova da münasibəti, yumşaq desək, yaxşı sayılmaz. Xüsusilə YAP rəhbərliyi onu dəfələrlə xəyanətdə suçlayıb. Görünür, Azərbaycan iqtidarı özü üçün müəyyən etdiyi “iki pisin içərisində” seçim edərkən S.Sadıqovun tərəfini tutmalı olub.

Bəs A.Abbasovun bundan sonrakı addımı nə ola bilər? Publika.az.saytı yazır ki, sabiq məmur revanşa hazırlaşır: “Ehtimallara görə, onun qisası daha ağır olacaq. Hətta Abbasovun Kremldəki müəyyən dairələrlə əlaqəyə keçdiyi və mart ayında keçiriləcək qurultaya qarşı sərt tədbirlər görəcəyinə dair məlumatlar da dolaşır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar