“RAUF ARİFOĞLUNU MÜSAVATDAN UZAQLAŞDIR, GƏL...” – Əli Kərimli-Arif Hacılı görüşünün təfərrüatı

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl AXCP sədri Əli Kərimli ilə Müsavatın yeni başqanı Arif Hacılı arasında görüş keçirilib. Arif Hacılının təşəbbüsü ilə baş tutan görüş 2 saatdan artıq davam edib.

Görüşdən sonra Arif Hacılı bildirib ki, AXCP sədri ilə iki partiya arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sitat: “Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”.

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı isə bildirmişdi ki, belə bir görüşün olacağı partiyanın Rəyasət Heyətinə bəlli idi: “Əli bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib. Sadəcə bu qədər. Heç kim uzağa gedən nəticələr çıxarmasın”.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da bu görüşdən uzaqgedən nəticələr çıxarmağın yanlış olduğunu demişdi:

“Bir daha bildirirəm ki, görüş faktından başqa nəticələr çıxarmaq lazım deyil. Arif Hacılı görüş üçün müraciət edib, Əli bəy də mədəni insan kimi siyasi etikaya uyğun olaraq onunla görüşüb. Amma bizim partiya olaraq Müsavat partiyası ilə hər hansı birlik, ittifaq yaratmaq kimi planlarımız yoxdur və məncə, bu barədə Arif bəyin özünə də deyilib. Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi”.

Bu gün AzPolitika.info-ya Əli Kərimli ilə Arif Hacılı arasında danışıqların bir detalı haqda maraqlı informasiya daxil olub. Bizə verilən məlumata görə, 2 saatlıq görüşdə Arif Hacılı Əli Kərimlini əmin etmək istəyib ki, Müsavat partiyası bütün gücü ilə real müxalifət mövqeyində duracaq və AXCP ilə əməkdaşlıqda maraqlıdır. O, Müsavatla AXCP arasında yeni əməkdaşlıq formatının tapılması üçün müzakirələrə başlamağı təklif edib.

Əli Kərimlinin reaksiya maraqlı olub. AXCP sədri bildirib ki, prinsipcə, AXCP ilə Müsavatın müttəfiqliyi haqda yenə də düşünmək olar, lakin bir şərtlə ki, Rauf Arifoğlu Müsavat partiyasından uzaqlaşdırılsın. “Yalnız bundan sonra sizin səmimiyyətinizə inanmaq olar və AXCP ilə Müsavatın müttəfiqliyindən danışa bilərik. Gedin Rauf Arifoğlunu partiyadan uzaqlaşdırın, sonra gəlin”, deyə Əli Kərimli Arif Hacılının qarşısında konkret şərt qoyub. Beləliklə də, AXCP sədri ilə Müsavatın yeni başqanının görüşü nəticəsiz başa çatıb. Hər halda Arif Hacılının Rauf Arifoğlunu Müsavatdan uzaqlaşdırmağa cəhd edəcəyi inandırıcı görünmür. Hətta onun istəsə belə bunu edə biləcəyi şübhəlidir – İsa Qəmbər imkan verməz.

Deməli, qarşıdakı illərdə AXCP ilə Müsavatın müttəfiqliyi gözlənilmir.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar