PUTİNİN İMPERİYA AMBİSİYASININ SONU - Avrasiya İttifaqı məhv olur!

"Hətta Putinin avtoritar müttəfiqləri də kasıblayan Rusiya iqtisadiyyatından təngə gəliblər”

Dünyanın Avrasiya İqtisadi İttifaqının işə başlamasına hədsiz dərəcədə sakit yanaşmasını anlamaq üçün geriyə, avqust ayına qayıtmaq lazımdır. Rusiyanın Seliqer gənclik düşərgəsinə toplaşanlarla keçirdiyi görüş zamanı Vladimir Putin bildirmişdi ki, Qazaxıstanın Nazarbayevə qədər dövləti olmayıb. Putinin söylədiklərinə Qazaxıstandan gələn cavab isə özünü çox da gözlətmədi. Ağsaqqal avtokrat və müasir Qazaxıstanı yaxşı tanıyan prezident Nazarbayev elan etdi ki, 2015-ci ildə onun ölkəsi öz dövlət quruculuğunun 550-ci il dönümünü qeyd edəcək.

Rusdili əhalinin qorunması adı altındakı yalançı bəhanələr ilə Moskvanın utanmadan Ukrayna torpaqlarını işğal etməsindən sonra Qazaxıstan daha çox itaətsizlik əlamətləri nümayiş etdirməyə başlayıb. Həm də ki, onların Rusiya ilə münasibətləri Sovet İttifaqının dağılması dövründəkindən də pis pozulub.

Yanvarın əvvəllərindən öz işinə başlayan Avrasiya İqtisadi İtiifaqı öz daxilindəki narahat vəziyyəti və gərginliyi nəzərə alıb bu hadisəni təntənəli surətdə qeyd etməkdən vaz keçdi. Vladimir Putin postsovet inteqrasiyasını inkişaf etdirmək əvəzinə yeni yaradılan ittifaqdan istifadə etmək yolu ilə Rusiyanın hegemonluğunun rəsmi olaraq təsdiqini həyata keçirmək istəyir.

1994-cü ildə Nazarbayev ilk dəfə olaraq Avrasiya İttifaqının yaradılması təklifini irəli sürən zaman, o, Sovet İttifaqının yeni qiyafədə peyda olmasını deyil, Avropa Birliyi kimi bərabər hüquqlu üzvlüyü nəzərdə tuturdu. Putin bu ideyanı götürüb, Avrasiya İttifaqı arzusunu reallaşdırmağa start verdi. Belarus, Qazaxıstan və Rusiyanın daxil olduğu Gömrük İttifaqından sonra daha əhatəli və dərin inkişaf etmiş Avrasiya İttifaqı yaradılmalı və beləliklə də Moskvanın itirilmiş böyük imperiya statusu geriyə qaytarılmalı idi. Putinin fikrinə görə, daha geniş xarici siyasət layihəsi olan Avrasiya İttifaqı yeni geosiyasi qütbə çevrilməklə yanaşı həm də yeni bir eranın yaradıcısı olmalıydı.

Müəyyən bir vaxt Avrasiya İttifaqı həqiqətən də öz üzərinə götürdüyü yükün öhdəsindən gəlməyi bacaracaq təşkilat təsəvvürü yaratmışdı. Əksər texnokratlar iqtisadi təkliflər hazırlamağa başlamışdılar. Moskva öz suverenlikləri üçün narahatlıq keçirənləri sakitləşdirərək onlara söz verirdi ki, hər bir üzvün səsi bərabər səviyyədə eşidiləcək. Üç ölkənin nazirlərinin bu istiqamətdə gördükləri işlərin hamısı əsas etibarı ilə tam qaydasında gedirdi. Hətta, Ukraynada böhran və inqilab başlayanda və Kiyevdəki Avromaydan tərəfindən Viktor Yanukoviçə Putin ittifaqına girmək qadağan olunanda da, Avrasiya İttifaqı, Ukrayna bazarı və istehsal bazasından yan keçməyi nəzərə alıb, öncədən planlaşdırılan yol ilə irəliləyirdi.

Keçən ilin fevral ayında Krım ərazisində yaşıl adamcıqlar adlandırılan rus əsgərləri aeroportları mühasirəyə almağa, hüquq müdafiəçilərini və Ukrayna vətənpərvərlərini oğurlamağa başladılar. Üsyankar rus millətçiləri Krım parlamentinə hücum edib, oranın altını üstünə gətirdi və Moskvanın istəyi ilə Krımdakı rus millətçiliyi baş qaldırdı. Kreml əvvəlki beynəlxalq müqavilələri tanımadığını bildirərək Krımı Rusiyaya birləşdirdi.

Bu hadisədən sonra isə Avrasiya İttifaqının üzərindən xətt çəkildi. Yeni imperializm pərdəsi aralandı və Putinizmin əsl mahiyyəti üzə çıxdı. Rusiya Ukraynadakı avantürasını durmadan davam etdirdi və buna görə də Avrasiya İttifaqı tədricən sökülməyə doğru getdi. Bu birliyin iqtisadiyyatı həmişə Rusiya ilə münasibətlərə üstünlük verilməsi üzərində qurulub və Moskvanın öz büdcəsini sağlam tutduğu vaxtadək faydalı sayılıb. Amma Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar və neftin qiymətinin aşağı düşməsi əmələ gələcək iqtisadi razılaşmaları dağıtdı. Qazaxıstana dolmuş Rusiya biznesi onun Ümumdünya Ticarət Təşkilatına üzv olmasını ləngitdi. Rusiya iqtisadi cəhətdən zəifləməyə başlayanda, Moskva Qazaxıstandakı biznes strukturlarının xilası üçün heç bir tədbir görmədi. Nazarbayev Moskvanın bu cür mövqeyini qınayaraq qeyd edib ki, Avrasiya İttifaqına ən böyük təhlükə Qərb sanksiyalarından deyil, yerli sənayeni boğan Rusiya şırkətlərindən gəlir. Bu arada isə 2014-cü ildə Qazaxstan ilə Rusiya-Belarus tandemi arasındakı ticarətin ümumi həcmi 20% azalıb. Həmçinin belaruslar da Rusiyanın indiki iqtisadi siyasətinə qarşı şıxırlar. Ötən il Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq, Moskva həmin ölkələrdən ərzaq məhsullarının Rusiyaya gətirilməsinə qadağa qoymuşdu. Bundan sonra isə Belarus Qərb ölkələrinin məhsullarını öz malları adı altında qablaşdıraraq Rusiyaya satmağa başladı. Onların içərisində dəniz məhsulları da var və çox yaxşı məlumdur ki, Belarusun dənizə heç bir şıxışı yoxdur. Rusiya bütün bunların qarşısını almağa çalışıb. Lakin rusların hərəkətlərinə cavab olaraq Belarus prezidenti Aleksandr Lukaşenko sərt tədbir görərək Rusiya ilə bütün sərhəd boyunca gömrük postlarının qoyulmasına göstəriş verdi. Onun bu cür addım atması isə əslində Gömrük İttifaqının mövcudluğunu sual altına qoyurdu. Rusiyanın Belarusa qarşı əl atdığı tədbirləri ağılsız və beyinsiz addım adlandıran Lukaşenko əlavə edib ki, "belaruslar it küçüyü deyillər ki, kimsə onların boynuna xalta taxıb gəzdirsin".

Çox maraqlısı da odur ki, İttifaqın genişləndirilməsindən ötrü onun daha da zəiflədilməsinə yol verilir. Yanvarın əvvəlində Ermənistan da bu ittifaqa daxil oldu. Ancaq Avrasiya İqtisadi İttifaqının qaydalarına görə, ərazi mübahisəsi olan ölkələrin həmin ittifaqa girişi qadağan edilmişdi. Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində gömrük postu qoyulmamasına qərar verib. İttifaqa təzəcə daxil olan olan Qırğızıstan Çinlə olan sərhədində yeni qaydaların qoyulmasına heç də həvəsli görünmür. Ona görə ki, Çindən gətirilən malların yenidən ixrac edilməsindən gələn gəlirlər Qırğızıstanın Ümumi Daxili Məhsulunun 30%-ni təşkil edir. Qırğızıstanın Avrasiya İttifaqına girməsi ilə əlaqədar olaraq bu ölkənin prezidenti Almazbek Atambayev deyib: ”Biz iki ziyan arasından daha az olanını seçirik. Başqa çıxış yolumuz yoxdur”.

Kremlin Avrasiya parlamenti, Avrasiya pasportu və ümumi təhlükəsizlik sistemi yaratmaq planları məhv oldu. Rusiya rəhbərliyi ittifaq daxilindəki ticarətin dollar və avro ilə aparılmasından imtina edilməsinə və vahid valyutaya keçilməsinə təkid göstəriblər. Rusiyanın yüksək rütbəli məmurlarından biri isə söyləyib ki, bu ona görə çox vacibdir ki, ABŞ iqtisadiyyatının dağılmasını istisna etmək olmaz. Bəs bütün bunlara Lukaşenko necə cavab verib? İndi Belarus ilə Rusiya arasındakı ticarət yalnız dollar və avro ilə həyata keçiriləcək.

Qazaxıstanın şimalında xeyli sayda rus yaşayır. Millətçilik əlamətləri isə getdikcə artır. Qazaxıstan dövlətinin 550-ci il dönümü ərəfəsində çıxış edən prezident Nazarbayev deyib ki, bizim əcdadlarımız hər bir qazaxı son damla qanına qədər Qazaxıstanı qorumağa çağırıb. Qazaxıstan 2015-ci ildə Avrasiya İttifaqının yaradılmasını bayram etmək yerinə, Putinin sözlərinə görə mövcud olmayan öz qədim dövlətinin yaranması ilə fəxr edəcək. Bax, budur Avrasiya İttifaqı. Avrasiya İttifaqı ikinci dərəcəli və gecikmiş ideyalar, iqtisadi çətinliklər girdabına düşmüş, millətçilik və quraşdırılmış yubileylərdən ibarət bir quruluşdur.

Bu ay onun işə başlaması mətbuatda xüsusi olaraq işıqlandırılmadı və həm də ki, bu hadisə heç bir ciddi nəticələrlə də yadda qalmadı. Putinin böyük geosiyası layihəsi, mövcudluğundan iki həftə keçməmiş bütün məyusluq əlamətləri ilə üzə çıxdı.

("The New Republic")

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar