Bu gün Gülər Əhmədovaya hökm oxuna bilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək. Xatırladaq ki, ötən prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə nitqi söyləmiş, hakim söz üçün sabiq deputata imkan yaratmışdı. Amma G.Əhmədova səhhətindəki problemləri əsas gətirərək, hələ çıxış üçün hazır olmadığını demişdi.

Bu gün saat 10.30-a təyin olunan prosesdə isə G.Əhmədovanın çıxış edəcəyi gözlənilir. Çıxışın ardınca sabiq deputata hökm oxunacağı da istisna deyil. Çünki G.Əhmədovanın işinə baxan hakim heyəti dekabrın 5-ə (həftənin cümə axşamına) NİDA-çıların məhkəməsini təyin edib. Bu isə onu göstərir ki, heyət həftənin bazar ertəsi və cümə axşamı gününə təyin etdiyi G.Əhmədova üzərində məhkəməni bazar ertəsi günündə yekunlaşdıracaq.

Daha öncəki prosesdə prokuror sabiq deputata 4 il iş istəmişdi. Bəzi ekspertlər bunu sabiq deputatın ittiham olunduğu maddələr üzrə minimal cəzadan da az cəza hesab edərək, bu gedişlə onun şərti azadlığa buraxılacağını istisna etməyib. Amma G.Əhmədovanın sağlıq durumu bu məsələdə xüsusi rol oynayacaq. Əgər sabiq deputat səhhətinin qaydasında olmadığını deyib, çıxışdan imtina etsə, qərarın verilməsi də uzana bilər.

Proses boyunca sabiq deputat istintaqa və Elşad Abdullayevə yönəlik tənqidi çıxışları ilə yadda qalıb. ABU-nun sabiq rektorunun gözləntilərindən fərqli olaraq, G.Əhmədova hakimiyyəti ifşa edən, onu tənqidə məruz qoyan hər hansı açıqlama, bəyanat verməyib.Onun son söz çıxışında da əvvəlki xəttindən fərqlənən hansısa nüansların olacağı gözlənilən deyil.

Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar