Qərb Azərbaycanla yandırılmış körpüləri bərpa edir - Sensasiya

Prezident İlham Əliyevin Almaniya səfəri bu yöndə “dönüş nöqtəsi” ola bilər

Berlindən verilən mesajlar təkcə Rusiyaya ünvanlanmayıb

Azərbaycanla Qərb dünyası arasında konfrontasiyanın yeni və daha gərgin məcraya adlayacağı barədə bəzi siyasi analitiklərin proqnozları özünü doğrultmadı. Xüsusilə də prezident İlham Əliyevin Almaniyaya iki günlük işgüzar səfəri bu qənaəti daha da möhkəmləndirən faktora çevrildi. Avropanın aparıcı dövlətlərindən və Avropa Birliyinin söz sahibi olan üzvlərindən biri olan Almaniyaya səfər Bakı-Brüssel, Bakı-Strasburq, həmçinin Bakı-Vaşinqton münasibətlərində də buzun sınmasının əlaməti kimi qiymətləndirilməkdədir.

Belə ki, xüsusilə son bir neçə ay ərzində rəsmi Bakı ilə ABŞ və Avropanın bir sıra təsisatları arasında hökm sürən gərgin münasibətlərdən sonra prezident Əliyevin Almaniyaya səfəri kifayət qədər yüksək səviyyədə baş tutdu. Bəzi yerli müşahidəçilər Azərbaycan hakimiyyəti ilə Qərb arasında “soyuq müharibə”nin hökm sürdüyü şəraitdə reallaşan səfər zamanı İlham Əliyevə kifayət qədər soyuq münasibətin sərgilənəcəyini güman etsələr də, bunun əksi müşahidə edildi. Prezidentin aeroportda qarşılanma mərasimindən tutmuş keçirilən görüşlərdə verilən mesajlara qədər bir çox məqamlar səfərin Bakının istəyinə uyğun şəkildə baş tutduğunu söyləməyə əsas verir.

Almaniya kansleri Angela Merkelin İlham Əliyevlə birgə mətbuat konfransı keçirməsi, enerji məsələləri, Qarabağ və Azərbaycandakı durumla bağlı verilən suallara elə Azərbaycan hakimiyyətinin arzuladığı formada cavab verməsi son dərəcə normal münasibətlərin təzahürü kimi dəyərləndirilir. Yeri gəlmişkən, əvvəlcədən bizdəki məlumat da bundan ibarət idi ki, Qərb Azərbaycanı Rusiyanın yan-yörəsindən yığışdırmaq üçün onun şərtləri, kaprizləri ilə razılaşacaq və fevral ayında Bakı ilə barışacaq. “Yeni Müsavat” bu barədə manşet yazısı da dərc etmişdi.

Dövlət başçısının Almaniyaya işgüzar səfəri bu məlumatların doğruluğunu isbatladı. Görünən budur ki, Qərb, ABŞ Almaniya üzərindən Azərbaycan hakimiyyəti ilə anlaşma xəttinə qayıtdı. Şübhəsiz ki, Azərbaycanın da bu jestin qarşılığında görəcəyi işlər var və yəqin ki, Berlində bu barədə də konkret danışılıb. Azərbaycana önəm verilməsi xanım Merkel tərəfindən də dəfələrlə vurğulanıb.

Bu arada ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın “ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin dinc yolla həlli mövqeyinə sadiqdir”, - məzmunlu bəyanatla çıxış etməsi də diqqət çəkir. Xanım Merkelin Qarabağla bağlı sensasiyalı sayılacaq mövqeyi fonunda amerikalı diplomatın da Bakıdakı anti-amerikan mövqelərə reaksiya verərək Vaşinqtonun prinsipial mövqeyini təkrarən açıqlaması belə qənaətlər yaradır ki, Qərb ən azı Rusiyanın təcavüzkar siyasət yürütdüyü bu mərhələdə Azərbaycanın bütövlüyü ilə bağlı birmənalı mövqe sərgiləyib, Bakının hansısa təhdidlər nəticəsində Moskvaya yaxınlaşmasına imkan verməsin.

Bəzi müşahidəçilər isə hesab edir ki, ABŞ və Almaniyanın eyni gündə Azərbaycanı məmnun edən Qarabağ bəyanatı ilə çıxış etməsi Qərbin Azərbaycanla əməkdaşlıq niyyətində ciddi olmasının və sanksiya çağırışlarına baxmayaraq Bakı ilə münasibətlərdə barışıq və anlaşma xəttini tutmasının simptomlarından, yaxud göstəricilərindəndir...

Qayıdaq Berlindəki Qarabağ bəyanatına. Azərbaycan prezidenti və Almaniya kansleri arasındakı danışıqlardan sonra keçirilən mətbuat konfransında xanım Merkel Qarabağa dair sensasion bəyanatlar səsləndirib. İki ölkə liderlərinin birgə mətbuat konfransının materialları Almaniya hökumətinin rəsmi saytında da yerləşdirilib. Deyilir ki, Merkel Qarabağ münaqişəsi zonasında son zamanlar artan gərginliyə görə Rusiyanı günahlandırıb. Bu ittihamla çıxış etməzdən əvvəl isə o, ölkəsinin həmsədr olmaq istəyi barədə də anons edib. Deyib ki, Almaniya Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasında iştirak etmək istəyir. Merkelin sözlərinə görə, onlar Azərbaycan prezidenti ilə belə vahid mövqeyə gəliblər ki, münaqişə dinc yolla həll edilməlidir. “Almaniya münaqişənin nizamlanmasında vasitəçi olmağa can atır. Biz hesab edirik ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə birgə təşəbbüslə çıxış edə və münaqişənin nizamlanmasına müəyyən töhfə verə bilərlər. Bununla əlaqədar olaraq Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparır” - Merkel bəyan edib.

Kansler öz nitqində onu da bildirib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupunun üzvüdür və Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Lakin Merkel əlavə edib ki, Rusiya Qarabağ münaqişəsinin qızışmasında neqativ rol oynayır. “Hesab edirik ki, bu münaqişənin ancaq bir həll yol var-sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması halları neqativ faktdır. Hesab edirəm ki, burada Rusiya müəyyən rol oynayır. Mən bunu sadəcə olaraq, qeyd etmək istədim” - Merkel bildirib.

Virtualaz.org xəbər verir ki, Rusiya mediası Merkelin Moskvaya ünvanlanmış bu bəyanatına operativ reaksiya verib. Bildirilib ki, “Almaniya kansleri son zamanlar Ukrayna məsələsinə görə Rusiyanın ünvanına tez-tez sərt bəyanatlar səsləndirir. Və kanslerin Qarabağ münaqişəsini Rusiyanın qızışdırdığına dair bəyanatı bu xəttin davamıdır”.

Qarabağ münaqişəsi zonasında Ermənistan silahlı qüvvələrinin ötən ilin yayından başlayaraq tez-tez təxribatlara əl atmasının arxasında Rusiyanın dayandığını indiyə qədər bir çox Qərb ekspertləri və KİV-ləri iddia edirdi. Məsələn, İsrailin Hayfa Universitetinin professoru, ABŞ-ın bir sıra “beyin mərkəzləri” ilə əməkdaşlıq edən Brenda Şaffer yazmışdı ki, ötən ilin iyul-avqust aylarında təmas xəttində hər iki tərəfdən çoxsaylı itkilərlə müşayiət olunmuş atışmaların arxasında Rusiya dayanır. Onun fikrincə, Rusiyanın məqsədi əvvəlcə bu münaqişəni qızışdırmaq, sonra öz silahlı qüvvələrini sülhməramlılar adı altında regiona yeritməkdir. Şaffer iddia edirdi ki, həmin atışmaların ardınca prezident Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərlərinin Soçi danışıqlarında Rusiya sülhməramlılarının regionda yerləşdirilməsində israr edib.

İndi isə bunu - yəni Ermənistanın Rusiyanın təhriki ilə təmas xəttində atəşkəsi tez-tez pozmasını dolayısı yolla olsa da nüfuzlu Qərb liderlərindən biri - Almaniya kansleri bəyan edir. Həmçinin Merkelin Azərbaycanın Almaniyanı Minsk Qrupunda həmsədr kimi cəlb etmək üçün Brüssellə danışıqlar apardığını açıqlaması sensasion hesab edilə bilər. Rəsmi Bakı Minsk Qrupunun indiki tərkibdə fəaliyyətindən narazılığını tez-tez bəyan edir, ancaq Almaniyanın həmsədr kimi prosesə cəlb edilməsində maraqlı olduğunu açıq bəyan etməmişdi.

Azərbaycanın Almaniyanı Minsk Qrupunda həmsədr kimi görmək istəməsi, yaxud Berlinin danışıqlar prosesinə başqa formatda cəlb olunmasına səy göstərməsi rəsmi Bakının Berlinlə münasibətlərinin nə dərəcədə strateji önəm kəsb etdiyini təsdiq edir.

Xatırladaq ki, yanvarın ortalarında prezident İlham Əliyev Nazirlər Kabinetindəki müşavirədə ad çəkməsə də, Ermənistanın havadarlarını nişan vermişdi. Ölkə başçısı “bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması, sadəcə olaraq, Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir” - bəyan etmişdi. Hesab edilirdi ki, nəhayət, Azərbaycan beynəlxalq səviyyədə təcavüzün arxasında Moskvanın dayandığı barədə ciddi mövqelərin səslənməsinə nail olmalıdır. Artıq bu cür mövqe Merkeldən gəldi. Üstəlik, Almaniya həmsədrlik iddiasındadır.

Bu mövzuda qəzetimizə danışan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirdi ki, Berlinin ATƏT-in Minsk Qrupunun həmsədri olması ilə bağlı müraciət edib-etməməsindən məlumatsızdır: “Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən vasitəçilik edilən danışıqlar prosesi var, Azərbaycan da burda iştirak edir. Amma ümumiyyətlə, rəsmi Bakı həmişə bəyan edib ki, Minsk Qrupunun 11 üzvü var, bu dövlətlərin də hamısının prosesdə fəal rol oynaması münaqişənin həllinə öz töhfəsini verə bilər”.

XİN rəsmisi Merkelin Qarabağ bəyanatı və işğal prosesinə görə Rusiyanı günahlandırmasına münasibət açıqlamadı. Qurum sözçüsü “o, artıq prezidentlər səviyyəsində keçirilmiş görüş idi. Bu mənada görüşü şərh etmək düzgün olmazdı” deməklə kifayətləndi.

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, əslində Merkelin Qarabağın işğalında Rusiyanı suçlaması təəccüblü deyil: “Bütün dövlətlərin siyasi elitaları və diplomatları gözəl bilirdilər ki, Azərbaycan torpaqlarını erməni bayrağı altında işğal edən Rusiyadır. Amma onlar başqa məsələlərlə məşğul olduqlarından bu məsələyə toxunmurdular. Yəni 90-cı illərin əvvəllərində eyforiya var idi ki, Sovet İttifaqı çöküb, Rusiya getdikcə zəifləyir, iqtisadiyyatı dağılır, yeni kapitalist iqtisadiyyatını yaratmaq üçün iki əsr lazımdır. Ona görə də Rusiyanın bütün başqa işlərinə onlar göz yumurdular. O cümlədən Qarabağın, Abxaziya və Cənubi Osetiyanın işğalına. Amma Rusiyanın aqressiv imperiya olduğunu onlar heç vaxt yaddan çıxartmayıb”.

Qarabağ məsələsinin bu gün dilə gətirilməsinin səbəbini politoloq bu cür izah etdi: “Çünki Rusiya yeni heç bir şey icad etməyib. Ukraynanın cənub-şərqində apardığı siyasət eynilə Qarabağ siyasətidir. Rusiya bu dəqiqə Donetsk və Luqanskı işğal edib, separatçıları silahlandırır, ora qoşun və müasir texnika göndərir. İndi də tələb edir ki, gəlin sülh müqaviləsinə imza ataq, Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyır. Eynilə bizim variantdır. Azərbaycanın 20 faizini işğal etdilər - müstəqilliyimizi tanıyaraq, Dağlıq Qarabağı isə müstəqil subyekt kimi tanımayaraq. İndi gündəmə tək Qarabağ məsələsi yox, Abxaziya və Osetiya, Dnestryanı məsələsi də gəlir.

Çünki Rusiyanın təcavüzkar siyasəti Qarabağdan başlayıb. Hibrid müharibənin birincisi Qarabağda oldu, indi isə Donbasda davam edir”.

Adətən rəsmi Bakı Qərbi Qarabağ məsələsinə münasibətdə ikili standartlar sərgiləməkdə ittiham edib və haqlı arqumentlər ortaya qoyub. Xüsusilə də ABŞ Konqresinin hər il işğalçı Ermənistana və separatçı Qarabağ rejiminə milyonlarla dollar yardım göstərməsi Azərbaycanın haqlı narazılığına səbəb olur. Hansı ki, dünya birliyi işğalçı ölkədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb etməli idi. Vəziyyət o həddə çatdı ki, hətta Azərbaycanın rəsmi mətbuatında ABŞ təcavüzü dəstəkləyən dövlət, prezident Obama isə “ikiüzlü” adlandırıldı. Görünür, Bakının kəskin reaksiyası müəyyən dairələrdə nəzərə alınmağa başlayıb. Elə ABŞ-ın Bakıdakı diplomatının son açıqlaması da bunun əlaməti sayıla bilər.

Lakin Vəfa Quluzadə fərqli düşünür: “Qərbin tələbləri gündəmdən çıxmayıb. Qərbin tələbləri siyasi islahatlar, demokratikləşmə, eyni zamanda da Azərbaycanın ATƏT, Avropa Şurası qarşısında, Helsinki Aktında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsidir, bu, gündəmdə qalır. Lakin burda gözə çarpan nədir? Qərbin bu dəqiqə Azərbaycanla üst-üstə düşən maraqları var bir ortada”. Quluzadə güman etmir ki, Qərbin münasibətlərinin yumşalması Azərbaycanın şimala istiqamətlənməsini əngəlləmək üçündür: “Azərbaycanın Rusiyaya doğru gedişi mümkün deyil. Biz düşmənimizi silahlandırıb torpağımızı işğal edən dövlətlə nə cür birləşə bilərik? Bunu Qərb bizdən yaxşı başa düşür. Bu, sadəcə, siyasi bir oyun kimidir ki, elə olmasa, belə edərik. Ancaq belə etməyə imkanımız yoxdur. Azərbaycanın Rusiya adlı alternativi yoxdur. Azərbaycanın yalnız bir yönlü, qərbyönlü siyasəti ola bilər”.

Qarşıda isə AŞ PA-nın qıs sessiyası var. 26-30 yanvarda keçiriləcək toplantıda Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsi çıxarılacaq və burada Azərbaycanın da adı var. Düzdür, prezident Əliyev Almaniyada ölkədəki azadlıqlarla bağlı mövqeyini bildirib. Ancaq məsələ qurumun gündəliyində qalır. Güman olunur ki, AŞ PA yenicə ilıqlaşan münasibətlərə xələl gəlməmək üçün növbəti tövsiyələrlə çıxış etməklə kifayətlənəcək...(musavat/com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar