Avronun ucuzlaşması Azərbaycan üçün zərərlidir- Ekspert RƏYİ

Samir Əliyev: "Qeyri-neft sektorunun inkişafını prioritet elan etmiş Azərbaycan üçün avro çətinlik yaradacaq"

Yanvarın 22-də Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərib. Bu çıxışdan sonra avronun ucuzlaşması baş verib və onun dollara nisbəti 1,1617-dən 1,1483-ə düşüb. Bununla da avro son 11 ildən ən aşağı həddə düşüb. Yanvarın 23-də isə avro hətta 1,13 dollara qədər ucuzlaşıb.

img1470703Yerli ekspertlər isə bildirirlər ki, avro ilin sonuna qədər dollarla bərabərləşə bilər. Ekspert Samir Əliyevin sözlərinə görə, proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılacaq və həmin pula dövlət və özəl qiymətli kağızların alınması nəzərdə tutulur. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın həddə qaldırmaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla bilər. “Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq",- deyə S.Əliyev qeyd edib.

Onun sözlərinə görə, dünya bazarlarında avronun ucuzlaşması təbii olaraq Azərbaycanda da müşahidə edilib: “Manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da baş verir. Bu gün ölkədə avronun manata qarşı rəsmi məzənnəsi təxminən 13 illik minimuma enib və 88,97 qəpik təşkil edib. Sonuncu dəfə 2002-ci ilin mayın 19-da avronun rəsmi məzənnəsi 4444,08 AZN, yəni yeni pulla 88,88 qəpik olub. Avropa Mərkəzi Bankının qərarı avronu Azərbaycanda bir günə 1 faiz ucuzlaşdırıb. Ümumiyyətlə isə yanvar ayında avro manata münasibətdə 3,8 faiz ucuzlaşaraq 1 manat üçün 92,45 qəpikdən 88,97 qəpiyə düşüb. Dünya bazarlarında avro dollara münasibətdə ucuzlaşdıqca, bu, manata münasibətdə də ucuzlaşacaq”.

Ekspertin sözlərinə görə, avronun ucuzlaşması səbəbindən valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması müşahidə ediləcək: “Avronu daha aşağı məzənnə ilə dəyişməyə səy göstərəcklər. Əhali isə əlində olan avronu dəyişmək üçün valyutadəyişmə məntəqələrinə üz tutacaq”.

Onun fikrincə, avronun ucuzlaşmasının müsbət təsiri yalnız ondan ibarətdir ki, Avropa malları ucuzlaşa bilər: “Söhbət burada avtomobillərdən, məişət və ofis texnikasından, geyimlərdən və sair idxal mallarından gedir. Ancaq unutmaq lazım deyil ki, bu, nəzəridir. Çünki bir qayda olaraq dünyada qiymətlərin ucuzlaşması Azərbaycanda hiss olunmur. Çünki gömrük orqanları ucuzlaşmanı “tənzimləyir”, inhisarçı şirkətlər də öz növbəsində imkan vermir. Ona görə də ciddi ucuzlaşma baş verməyəcək”.

S.Əliyev qeyd edib ki, Avropa valyutasının ucuzlaşmasının bizə zərəri daha çox olacaq: “Avronun ucuzlaşması manata təyziqi daha da artıracaq. Yəni əhali pulunu dollara çevirəcək ki, bu da bazarda dollar qıtlığı yaradacaq. Digər tərəfdən bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Pullu vətəndaşlarımız, o cümlədən oliqarxlarımız Rusiyadan sonra köhnə qitənin daşınmaz əmlakına yatırım edə bilərlər ki, bu da investisiyanın axınına gətirib çıxara bilər. Həmçinin ixracımız üçün çətinlik yaradacaq. Düzdür, hazırda 93 faiz neft sektorunun payına düşür. Ancaq qeyri-neft sektorunun inkişafını prioritet elan etmiş Azərbaycan üçün bu avro çətinlik yaradacaq. Üstəlik, Avropadan idxalımız artacaq. Valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirəcək. Avro ilə yerləşdirilən əmanətlər də dəyərini itirəcək. Hazırda əmanətlərin təxminən 4 faizini avro təşkil edir. Bu da təxminən 280 milyon manat edir. Deməli, söhbət yanvar ayında 11 milyon manatlıq itkidən gedir”.

S.Əliyevin sözlərinə görə, artıq dünya yeni valyuta müharibəsinə qədəm qoyub. Yaponiya və ABŞ-ın ardınca Avropanın öz valyutasını ucuzlaşdırması bu müharibənin hələ çox davam edəcəyinə işarədir: “Digər ölkələrdə bu müharibəyə qoşulacaq. Ən azı Çin və Britaniyanı onlar arasında görəcəyik. Azərbaycanın ətrafında olan bütün valyutalar ucuzlaşıb. Azərbaycan bazarı həmin ölkələr üçün çox cəlbedicidir. Manat isə hələki sabitdir”. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar