“Milli Şuradan istefa verdim” - Rəsul Quliyev

Eks-spiker Rəsul Quliyev Hafta.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsinə münasibətiniz necədi?

- Rüstəm müəllimin sədrlikdən getməsini düzgün hesab etmirəm. Bir daha, Rüstəm İbrahimbəyovsuz o təşkilatın adının nə olmasından asılı olmayaraq, İctimai Palatanın (İP) zəifləmiş formada davamçısı olacağını qeyd edirəm. Bu təşkilatlar isə Molla Nəsrəddin dediyi kimi 20 ildir eyni gücdə qalıblar. 20 il əvvəl qaldıra bilmədikləri eyni daşı indi də qaldıra bilmirlər. Təkrar-təkrar izah etməyimə baxmayaraq, bir daha izah etmək məcburiyyətindəyəm. 2013-cü ildə yaradılmış MŞ-nın əvvəllər yaradılmış MŞ-larla adından başqa heç bir oxşarlığı yoxdur. Hər iki MŞ konkret, azərbaycanlıların seçdiyi deputatlardan formalaşmışdı, kimlərinsə və ya partiyaların diktəsi ilə yox. Yəni fundamenti var idi. Bu MŞ-nın yaradılması 1918-ci ilin dekabrında Xoyski (qeyd etmək istəyirəm ki, ilk Azərbaycan dövlətçilik institutlarının formalaşdırılmasının banisi Fətəli xan Xoyski və onun hökumətinin nazirləridir, Məmməd Əmin Rəsulzadə başda olmaqla, o vaxtkı MŞ-nın üzvlərinin rolu yox dərəcəsindədir. Çünki MŞ yaranandan 20 gün sonra özünü buraxdı, bir də 1918-ci ilin dekabrında Xoyskinin dəvəti ilə parlamentə qayıtdı) hökumətinin formalaşdırdığı parlamentin yaradılması prinsiplərinə daha yaxındır. Ancaq o parlamentin yaradılmasından çox fərqli idi. Birincisi onda parlamenti hökumət formalaşdırırdı, indiki MŞ isə əksinə hökumətə qarşı yaradılırdı. İkincisi, o dövrdə hər şeyin sivil olması üçün İngiltərə nəhəng bir arbitr rolunu oynayırdı, 2013-də 20 ildir formalaşmış başı pozuq ayrı-ayrı komandalar heç bir qanun qaydaya uyğunlaşdırmadan namizədlər irəli sürdülər. Tək mən yox həmin “El” hərəkəti, Liberal Partiyası, KXCP, ACP və bir çox müstəqillər Rüstəm İbrahimbəyovun MŞ-ya sədr olub prezident seçkilərində iştirak etməsi şərti daxilində bu şuraya daxil oldular. Prezident seçkisinin uduzulacağı 2013-cü ilin əvvəllərindən məlum idi. Rüstəm müəllimin bu seçkilərdə iştirakı və ya seçkiyə buraxılmaması cüzi bir közərti idi, üfürüb alovlandırmaq olardı. Bütün beynəlxalq təşkilatlar və ABŞ-ın reaksiyası Rüstəm müəllim seçkilərə buraxılmasaydı çox neqativ olacaqdı. Təəssüf ki, cüzi olmasına baxmayaraq, bu açıq aşkar görünən yeganə şans əvəzinə uduzmaq taktikası seçildi.

- İbrahimbəyovun istefasının Milli Şuraya hansısa itkiləri və ya xeyiri olacaqmı?

- Yaxın illərdə Azərbaycanda baş verə biləcək dəyişikliklərin MŞ-nın mövcudluğu ilə heç bir əlaqəsi ola bilməz. Artıq onların intervyu və yazılarından real pozitiv bir istiqamətin seçiləcəyi gözlənilmir. Bu təşkilat bir növ təbiətin mühafizə təşkilatına oxşayacaq. Ekologiya üçün müəyyən çıxışlar edəcəklər, bu istiqamətdə hökumət beynəlxalq təzyiq altında bir iş görəndə öz adlarına çıxacaqlar.

- Dekabrın 3-dəki sessiyadan gözləntiləriniz nədir? Nidaçıların da tələbini nəzərdə alsaq, bu sessiyada sizin uzaqlaşdırılmağınız reallaşa bilərmi?

- MŞ-nın bəzi üzvləri, istər nidaçı, istər qeyri-nidaçı mənim məsələmin müzakirəsinə heç bir əhəmiyyət vermədiyimi hələ də anlaya bilmirlər. Bilmirəm bu insanlar olmayan düşmənlə vuruşmaqdan nə vaxt əl çəkəcəklər. Əsərin axırında hətta Don Kixot da mənasız vuruşduğunu başa düşmüşdü. 20 il Don Kixotluq etmək olmaz. Mən bu dəqiqədə elan edə bilərəm ki, Milli Şuradan istefa verdim. Hamı bilir ki, bugünkü MŞ-ya mən bir iki dəcəl uşağın öz oyuncağını başqasına verməmək üçün çığır-bağır salır kimi baxıram. Və nə vaxt avtomatik bu təşkilatdan çıxmış hesab edilməyi qeyd etmişəm. Mənim üçün maraqlıdır, Azərbaycan xalqının taleyini həll etmək üçün toplandıqlarını bəyan edən MŞ üzvləri bir iki tərbiyəsiz uşağın özlərini aparmaqlarına necə reaksiya verəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar