"İŞGƏNCƏ VERİB ÖLDÜRDÜLƏR, ÜRƏK TUTMASI YAZDILAR" - Saxta rəy verilib

Elşad Babayevin qətli ilə bağlı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb...

Dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişən məhkum Elşad Babayevin ölüm kazığı yaxınlarına təqdim olunub. Bu haqda “Yeni Müsavat”a məhkumun bacısı Simuzər Babayeva məlumat verib. S.Babayeva qardaşının ölüm səbəbinin saxtalaşdırldığını deyib: “Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasının eksperti Cavid Əhədov ölüm kağızını mənə verdi. Ölüm kağızında yazıb ki, güya qardaşım ürək tutmasından - kardiomiopatiyadan ölüb. Mənim qardaşımın ölümünə səbəb ona verilən işgəncələrdir, döyülmə zamanı aldığı xəsarətlərdir. Onun ürəyi heç vaxt ağramayıb. Bunu ekspertə dedim. Ondan qardaşımın bədəni üzərindəki xəsarətlərin hansı şəraitdə almasını soruşdum. Ekspertin əlləri əsirdi, cavab verə bilmədi. Bu adamlar qardaşımı öldürənlərin cinayətinə şərik oldular”.

S.Babayeva qardaşının ölümü ilə bağlı bəzi detalları dəqiqləşdirə bilib: “Elşada işgəncəni dekabrın 13-də veriblər. Qardaşım ölümündən 10 gün əvvəl ”do prixod" deyilən yerdə döyülüb, işgəncələrə məruz qalıb. Onu orada 10 gün betonun üstündə saxlayıblar. Vəhşicəsinə döyüb ağır vəziyyətə salıblar və orada saxlayıblar. Dekabrın 22-nə qədər qardaşıma çörək bir tərəfə, su belə verməyiblər. Sonradan onu ölümcül durumda “kars”a köçürüblər".

S.Babayeva qardaşının işgəncəyə məruz qalmasını görən məhkumların təzyiq altında olduğunu bildirib: “Bu işə şahidlik etmiş məhkumlara təzyiq edirlər. Azadlığa buraxılanlara da deyiblər ki, danışanları tutub türməyə salacağıq. Azadlığa buraxılan məhkumlara deyirlər ki, olimpiyadaya görə çox adamları həbs edəcəklər. Sizləri də geri qaytara bilərik”.

S.Babayeva ekspertin rəyi ilə razı olmadığını, qardaşının ölümünə işgəncələrin səbəb olduğunu xatırladıb: “Döyüb, işgəncə verib Elşadı öldürüblər. Onu döyənlər orada ad çıxarıblar. Nəzarətçilər Firdosi, Faiq, Rahib xüsusi adam döyənlərdir. Bu gün də orada işləyirlər. Rahib məhkumlara işgəncə verdiyinə görə illər öncə bıçaqlanıb. Bu rəyi verməklə məhkəmə tibb-eksperti bu adamların cinayətinin ört-basdır olunmasında iştirak etdi. Amma bilsinlər ki, hər biri etdiklərnə görə qanun qarşısında cavab verəcəklər. Mən qardaşımın qanını yerdə qoyan deyiləm”.

Yada salaq ki, məhkum Elşad Babayevin ölümündən sonra onun meyiti Qaradağ rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Yeri gəlmişkən qeyd edək ki, qətldən ötən 1 ay ərzində məhkumun ölümü ilə bağlı hansı maddə ilə cinayət işi başlanılması az qala dövlət sirri kimi gizlin saxlanır. Prokurorluq bununla bağlı sorğulara adekvat olmayan cavablar verməklə mahiyyətdən yayınır. Digər ictimai əhəmiyyətsiz işlərlə bağlı hansı maddə ilə və nə vaxt cinayət işi başlanmasını mediaya ötürən qurum Elşad Babayevin işində çox susqun, həvəssiz görünüb. İndi məlum olur ki, bu səbəbsiz olmayıb. Sorğulara verilən cavabla iş üzrə aparılan araşdırmanın yönü də demək olar ki, fərlənmir. Gizlədilən maddə Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşmadır. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər.

Ədliyyə Nazirliyinin saytında yer alan Cinayət Məcəlləsində bu maddə belə təqdim olunur:

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Prokurorluq orqanının bir məhkumun döyülərək, işgəncə verilərək öldürülməsinə yanaşması ölkənin cəzaçəkmə yerlərində yeni qanlı cinayətlərə yol açacağı şübhəsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar