İcra başçısının kabinetində özünü yandırmaq istəyən şəxs həbs edildi

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında özünü yandırmağa cəhd edən şəxs 15 sutkalığa həbs edilib.

Virtualaz.org saytının Şirvan bürosunun müxbirinin əldə etdiyi xəbərə görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşovun özünü yandırmaq cəhdi İmişli Rayon Məhkəməsi tərəfindən xuliqanlıq əməli kimi qiymətləndirilib və yanvarın 23-də müvafiq hökm çıxarılıb.

İmişli Polis Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən virtualaz.org saytına faktı təsdiqlədilər.

RPŞ-dən Nazim Qardaşovun özünü yandırmağa cəhd etməsi barədəki məlumatları təkzib etsələr də bildirdilər ki, o, İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə cəzalandırılıb və barəsində 15 günlük inzibati həbs tətbiq olunub.

Yada salaq ki, İmişli rayon sakini, İmişli Sosial Müdafiə Mərkəzinin keçmiş işçisi Nazim Qardaşov yanvarın 22-də RİH başçısı Vilyam Hacıyevin qəbulunda olub. O, icra başçısının qəbuluna iş istəməyə gəlibmiş. Xahişinə bu dəfə də müsbət cavab almayan N.Qardaşov öz üstünə benzin tökərək alışqanı çaxmaq istəyəndə alışqan alovlanmayıb. Bundan istifadə edən polislər və digər şəxslər onu zərərsizləşdirə biliblər.

Mənbə xəbər verir ki, Qardaşov benzini öz üstünə çiləyərkən yanacaqdan icra başçısının və polislərin də üstünə tökülüb.

Rayon sakinlərinin bildirdiyinə görə, Nazim Qardaşov 3 il əvvəl İmişli Sosial Müdafiə Mərkəzində aparılan yoxlamalardan sonra işdən azad edilib. Bu illər ərzində işsiz qalıb. Bu səbəbdən də dolanışığı çox ağır imiş.

Üstəlik infarkt keçirən Nazim Qardaşovun səhhətinin ağırlığı onu gündəlik dolanışıq mənbəyi olan şəxsi maşınından taksi kimi istifadə etməsinə də imkan verməyib. Onun oğlu hərbi xidmətdədir, qızı ali məktəb tələbəsi, həyat yoldaşı isə müəllimədir. İmişli RİH başçısı onu işlə təmin etməyə söz versə də problem həllini tapmırmış.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar