Milli Şuranın sessiyası keçirilib-"...seçkini əsas hədəfimiz hesab edirik"

Milli Şura növbəti sessiyasını keçirib. Sessiyanın gündəliyinə iki məsələ daxil edilib:

- ictimai-siyasi vəziyyətin müzakirəsi;

- qurumun 2015-ci il üçün fəaliyyət planının qəbulu.

Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bildirib ki, bu gün milli, siyasi, sosial haqlar, demokratiya uğrunda mübarizənin əsas konturları bu qurumun müarizəsindən keçir.

Hakimiyyət strateji vəzifə kimi 2013-cü ildən bəri Milli Şuranı dağıtmağı qarşısına məqsəd qoyub. Lakin buna nail ola bilməyib.

“Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb. Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”, - deyə Cəmil Həsənli qeyd edib.

Milli Şura sədri bildirib ki, Azərbaycan xalqı konstitusiya ilə ona verilmiş hüquqlardan məhrum edilib. Milli Şuranın da vəzifəsi bu hüquqları xalqa qaytarmaqdır. “Məni ən çox narahat edən vətəndaşları narkotiklə şərləyib tutmaqdır. Təəssüf ki, 2014-cü ildə bu tendensiya daha da inkişaf edib. Hətta Sovet imperiyası vətəndaşları narkotiklə şərləməyi özünə sığıdırmırdı. İndi Azəraycanın ən ləyaqətli oğulları müxtəlif ittihamlarla həbsdə yatır. Amma bu adamları şərləyən, mühakimə edən insanlar özü həbsdə oturmalıdır. İnsanları 3 qramla şərləyənlər, 3 ton narkotikə görə məsuliyyət daşımır”, - deyə Cəmil Həsənli bildirib.

Azərbaycanda mətbuat azadlığının acınacaqlı vəziyyətindən danışan Milli Şura sədri “Azadlıq” radiosunun bağlanmasını pisləyib: “Bu, mətbuata, azad sözə qəsddir. Bu, hakimiyyətin ölkədə söz azadlığına qarşı rəsmi siyasətidir. Təsəvvür edək ki, Azadlq radiosundan sonra Azadlıq qəzeti, Turan agentliyi də bağlandı. O zaman Azərbaycanda hansı mənzərə yaranar? Milli Şuranın əsas hədəflərindən biri bu mətbuat orqanlarını qorumaq və Azadlıq radiosunun bərpasına nail olmaqdır. İşimizi bəyanatlar verməklə bitmiş sya bilmərik”.

Cəmil Həsənli çıxışında ölkədəki sosial-iqtisadi vəziyyətə də münasibət bildirib.

Siyasi ekspert Rahim Hacıyev isə çıxışında Azərbaycan hakimiyyətinin beynəlxalq aləmlə münasibətlərinin son dərəcə kəskinləşdiyini, hakimiyyəti saxlamaq üçün ənənəvi üsulların aradan qalxdığını qeyd edib.

Milli Şuranın Kordunasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə öz çıxışında qarşıdan gələn parlament seçkilərinə diqqət çəkib. "Biz ciddi təşkilatıq və Azərbaycanda alternativ fikrin ən geniş, ən mötəbər platformu kimi qəbul olunuruq. Buna görə də Milli Şura olaraq seçkini əsas hədəfimiz hesab edirik. Bizim üçün seçki demokratik islahatlara, ciddi demokratik dəyişikliklərə qapı açmaq üçün bir fürsətdir, ciddi şansdır. Biz, Milli Şura olaraq seçkini belə dəyərləndiririk. Bizim üçün seçki mandat uğrunda, parlamentdə 5-6 yer almaqla öz maraqlarımızı təmin etmək uğrunda mübarəz deyil. Bizim üçün seçki, xalqımızın mənafeyinə və maraqlarına xidmət etmək uğrunda mübarizədir. Biz Milli Şura olaraq, məhz Azərbaycan xalqının mənafeyinə cavab verən, heç olmasa, status-kvonu dəyişməyə xidmət edən, demokratik açılıma təkan verən bir seçki prosesində iştirak etmək istəyirik".(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar