RÜSTƏM İBRAHİMBƏYOVDAN İKİBAŞLI AÇIQLAMA - "Görək istefam qəbul olunacaqmı?..."

Milli Şura sədrin istefasını qəbul etməyə və həmsədrlik institutu təsis edə bilər

“Milli Şuradan istefamı istəyənlərin kimliyini sabah sessiyada görəcəksiniz”. Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib. O bildirib ki, Milli Şuranın sabah keçiriləcək növbəti sessiyasında onun istefa ərizəsi müzakirəyə çıxarılacaq: “İstefamın qəbul olunub-olunmamasına sessiya qərar verəcək”.

“İstefa ərizəsi qəbul edilməyəcəyi təqdirdə hansı addımları atacaqsınız” sualını da cavablandıran R. İbrahimbəyov indidən hansısa mülahizənin irəli sürülməsinin tərəfdarı olmadığını qeyd edib: “Bu gün hər hansı bir fikir söyləmək tezdir. Bunu Milli Şura üzvlərindən soruşmaq lazımdır. Gəlin, hamımız səbirlə sabaha qədər gözləyək. Görək, sessiya mənim istefa ərizəmlə bağlı hansı qərarı verəcək? Bilirəm ki, mənim Milli Şura sədrliyində qalmağımı istəyənlərlə yanaşı, getməyimi arzulayan insanlar da var”.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən həftə Milli Şuranın sədrliyindən istefası ilə bağlı ərizə ilə qurumun sessiyasına müraciət edib. Lakin belə görünür ki, Milli Şurada Rüstəm İbrahimbəyov dövrünün bitdiyini düşünmək hələ tezdir.

Çünki R.İbrahimbəyovun yuxarıda təqdim etdiyimiz fikirləri ikibaşlıdır və düşündürücüdür. Onun "Gəlin, hamımız səbirlə sabaha qədər gözləyək. Görək, sessiya mənim istefa ərizəmlə bağlı hansı qərarı verəcək?" sözləri ən müxtəlif yozumlara açıqdır. Bu fikirləri R.İbrahimbəyovun Milli Şurada qalmaq istəyi kimi də izah etmək olar. Yəni belə görünür ki, R.İbrahimbəyov sabahkı sessiyada istefasının qəbul olunmaya biləcəyinə də ümidlidir. Siyasətdə belə hallara tez-tez rast gəlinir. Bu baxımdan, sabahkı sessiyada Rüstəm İbrahimbəyovun istefasının qəbul olunmayacağı, həmsədrlik institunun təsis olunacağı qətiyyən istisna deyil.

Fikrimizcə, R.İbrahimbəyovun istefa bəyanatı taktiki gediş də ola bilər və məsələ səsverməyə qoyulsa çoxluq onun qalmasından yana olacaq. R.İbrahimbəyovun əleyhdarı kimi çıxış edən Müsavatın Milli Şurada qərarların qəbulunda həlledici söz sahibi kimi çıxış etmək şansı yoxdur.

R.Əliyev

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar