İKİNCİ HƏYAT ŞANSI: KRİOKONSERVASİYA – Elm, ölümün qarşısını ala biləcəkmi?

Bəşəriyyəti həmişə maraqlandıran məsələlərdən biri də əbədi həyat və ona necə nail olmağın yollarıdır. Dünya xalqlarının əfsanələrində dirilik suyu və əbədi cavanlıq eliksiri barəsində çox danışılır. Zaman keçdikcə, elm və texnologiyanın inkişafı əvvəllər yalnız nağıllarda təsvir edilən və möcüzə sayılan hadisələri tədricən gerçəkləşdirir.

Bəs ölümsüzlüyü bizim dövrdə tamamilə real saymaq mümkündürmü?

Bunun həyata keçməsi, sürətlə inkişaf edən elmin - krionikanın sayəsində yaxın gələcəkdə bəlkə də mümkün ola bilər. Krionika sözünün mənası yunan dilində şaxta deməkdir. Yəni burada söhbət canlı orqanizmlərin dondurulması və sonradan isə həmin donmuş bədənin yenidən canlandırılmasından gedir. Bildiyimiz kimi, hələ qədim zamanlardan da dondurulma dedikdə şübhəsiz ki, mütləq buz yada düşüb.

Buzun təəccüblü xüsusiyyəti insanları həmişə maraqlandırıb. Antik dövrlərdə ondan əsasən ərzaq məhsullarının daha üzun müddətə saxlanılması üçün istifadə ediblər. Əsrlər ötdükdən sonra elmi düşüncə inkişaf etdi və alimlər istiqanlı canlıların dondurulması zamanı nələrin baş verəcəyi barəsində fikir yürütməyə başladılar. XVIII əsrdə krionikanın ilkin dövrlərində daha ciddi təcrübələrə əl atılırdı. İngilis anatom və cərrahı Con Hanter tarixdə ilk dəfə olaraq belə bir ideya ilə çıxış etdi ki, insanı əvvəlcə dondurmaq, gələcəkdə isə onun donunu açmaqla, dirildərək həyatını uzatmaq mümkündür. Onun dedikləri istehza ilə qarşılanıb. Ona görə ki, Hanterin canlı heyvanlar üzərində apardığı təcrübələr nəticə vermirdi. Uzun illər ərzində canlı orqanizmlərin dondurulma yolu ilə konservasiya edilməsi istiqamətində müxtəlif üsullardan istifadəyə cəhdlər olunub. Ancaq bütün bu cəhdlərin hamısı faydasız idi. Çünki heyvanların canlı toxumaları soyuqdan məhv olurdu.

Belə cəhdlərdən biri də Vladimir İliç Leninlə əlaqədar baş vermişdi. Leninin ölümündən sonra onun meyidinin dondurulması ilə bağlı çox ciddi danışıqlar və diskusiyalar aparılıb. Ancaq o dövrdə bunu həyata keçirmək üçün lazımı texnologiya mövcud deyildi və çox dərin dondurulma zamanı toxumalarda buz kristalları əmələ gələrək, hüceyrə membranını parçalayırdı. Ancaq 40-cı illərdə toxumaların kristallaşmasının qarşısını almaq üçün yeni üsullar tapıldı. Buna krioprotektorlardan (məsələn qliserin) istifadə etməklə nail olunmuşdu.

DƏFN ƏVƏZİNƏ KRİOKAMERA

1962-ci ildə krionikanın əsl banisi hesab edilən amerikan fiziki Robert Ettinqerin krionikadan bəhs edən kitabı çap olundu. Ettinqer “Ölümsüzlüyün perspektivləri” adlı kitabında ilk dəfə olaraq insanların dondurulmasına aid əvvəlki təcrübələri analiz etməklə yanaşı, həm də bir çox yeni hipotezlər də irəli sürmüşdü. Bəşər övladının nəzəri cəhətdən də olsa əbədi yaşamaq imkanları alimləri və sadə vətəndaşları da maraqlandırmağa başladı. R.Ettinqer hesab edirdi ki, insanları mənfi 196 dərəcəyədək olan maye azotun içində dondurmaq lazımdır. O, öz işini təkcə darıxdırıcı nəzəriyyələr ilə məhdudlaşdırmır, həmçinin praktik təcrübələrə baş vurmaqla da heyvanlar üzərində xeyli sayda canlı eksperimentlər aparırdı. Robert Ettinqer bildirirdi ki, ölmüş insanın bədənini dondurmaqla, onu gələcəkdə supereffektli reanimasiya və bütün xəstəliklərin dərmanının icad olunmasından sonra diriltmə prosesini həyata keçirmək mümkündür. Vaxtilə Etinqer yazırdı: ”Ölümün hansı səbəbdən baş verməsindən və hətta dondurulma metodlarının mükəmməlik səviyyəsinin aşağı olmasına baxmayaraq, bizim gələcəkdəki dostlarımız tez və ya gec bizim dirilməyimizin və müalicə olunmağımızın öhdəsindən gələ biləcəklər”.

2001-ci ildə vəfat etmiş və dünyada ilk krionika cəmiyyətini təsis etmiş Robert Ettinqerın bədəni ABŞ-ın Detroyt şəhərindəki Krionika İnstitutunda saxlanılır.

Dünyada ilk dəfə 1967-ci ildə xərcəng xəstəliyindən ölmüş Kaliforniya Universitetinin psixologiya professoru Ceyms Bedfordun bədəni dondurulub. Bu pasienti süni tənəffüs və qan dövranı aparatına qoşublar və bu proses zamanı qanı xüsusi məhlulla əvəzləyiblər. Sonra da onun bədənini soyudaraq maye azotla doldurulmuş kriogen kameraya yerləşdiriblər. İndiyədək də dondurulmuş bu pioner “Amerika Krionika Cəmiyyəti”nin laboratoriyasında saxlanılır.

Müasir dövrdə hər hansı bir şəxsin beyin ölümü hüquqi cəhətdən təsdiq edildikdən sonra kriokonservasiya prosesi həyata keçirilir. Yəni kriokonservasiyanın qaydalarına əsasən, beyin ölümü “yekun ölüm” aktı kimi yalnız canlı orqanizmin beyninin ölməsindən sonra təsdiq olunur.

Kriokonservasiyanın inkişafı tədricən irəliləyir və orada istifadə olunan üsullar da zaman içərisində təkmilləşir. Həmin istiqamətdəki nailiyyətlər çoxdur. Məsələn, 1983-cü ildə ilk dəfə uşaqlıq borusuna maye azotda saxlanılmış embrionun yerləşdirilməsindən sonra hamiləliyin yaranması baş tutub. Digər bir yenilk isə 2002-ci ildə baş veib. Beləki, 21 illik dərin donuşluqdan sonrakı spermanın döllənməsindən uşaq dünyaya gəlib.

Hal-hazırda “dondurulma” ifadəsindən istifadə olunması demək olar ki, düzgün sayılmır. Çünki indi vertifikasiya üsulu ilə hüceyrələrdəki böyük miqdardakı suyu krioprotektor adlanan xüsusi məhlul ilə qarışdırılır. Nəticədə isə çox dərin dondurulma zamanında da belə toxumalarda hüceyrə membranını dağıda biləcək buz kristalları əmələ gəlmir. Hüceyrələrdəki temperaturun aşağı düşməsi nəticəsində oradakı kimyəvi proseslərin sürəti xeyli azalır və bioloji polimerlər elastik vəziyyətdən metastabil hala keçir və hüceyrə üçün zaman dayanır. Amma nəticədə bu cür vitrifikasiya nümunələrini yenidən canlandırıb həyata qaytarmaq olar. Krionika zamanı ən mühüm işlərdən biri də beynin konservasiya olunmasıdır.

Ümumiyətlə isə, alimlər bildirirlər ki, gələcəkdə “dondurulmaya” heç ehtiyac da qalmayacaq. ”Ölümdən sonrakı” süurun öyrənilməsinə dair yaradılmış AWARE layihəsinin rəhbəri tanınmış amerikan reanimatoloqu Sem Parina iddia edir ki, texnologiyanın ikişafı insanları klinik ölümdən bir gün sonra da həyata qaytara biləcək. O, bu barədə deyib: ”Əlbəttə, ölümdən sonra elə bir an gəlir ki, bədəni həyata qaytara bilmirik. Ancaq dediyimiz həmin anın konkret olaraq nə zaman gəldiyini heç kim dəqiq bilmir. Həmin an ölümdən on dəqiqə sonra və yaxud bir saatdan da uzun çəkə bilər. İnsan ölən zaman onun hüceyrələrində apoptoz və yaxud proqramlaşıdırılmış hüceyrə ölümü başlayır. Əgər bədən dondurulmuş vəziyyətə gətirilərsə, onda deyilən bu proseslər ləngiyir və məhz bu səbəbdən də hüceyrələrin məhv olma tempini aşağı salmaq olar.”

Hazırda bir neçə kriokonservasiya şirkətləri fəaliyyət göstərir. Onlar qeyri-kommersiya təşkilatlarıdır. Həmin cəmiyyətlərin içərisində ABŞ-da fəaliyyət göstərən və 1972-ci ildə təsis olunmuş “Alcor”, 1976-cı ildə təsis olmuş “Cryonics institute” və “Trans Time” şirkətləri bu sahə üzrə ən aparıcı yerdə gedirlər. Kriokonservasiya təşkilatlarından biri də 2005-ci ildə Rusiyada işə başlayan və öz saxlama kameraları olan “Krio Rus” şirkətidir. ”Krio Rus” Avrasiya qitəsində öz saxlama kamerası olan yeganə təşkilatdır. Hazırda bu şirkətin kriokonservasiya edilmiş 36 pasiyenti var.

Onu da qeyd etmək lazımdır ki, krionika şirkətlərində insanlarla yanaşı heyvanlar və quşlar da konservasiya olunur. ABŞ-ın “Alcor” və “Krionika İnstitutu”nun kameralarında saxlanılan pasiyentlərin ümumi sayı 150 nəfərdir və daha 1500 insan isə ölümündən sonra dondurulmaq üçün krionikonservasiya şirkətləri ilə müqavilə imzalayıb. Dondurulmuş insanlar xüsusi “Dyuar” qablarında saxlanılırlar. Həmin adamlar krionika şirkətlərinə bunun üçün 150 min dollar məbləğinə qədər pul ödəyirlər. Bir çox hallarda pasiyentlərin istəklərinə uyğun olaraq, onların yalnız başları konservasiya edilir. Krionika şirkətlərinin bütün xərcləri pasiyentlərdən alnan pullar sayəsində ödənilir. Bütün bu illər ərzində krionika şirkətləri işçi personalının və texniki avadanlıqların istənilən səviyyədə saxlanılmsı üçün lazımi maliyyə vəsaitinin çatışmaması ucbatından çox xoşağəlməz hadisələrlə də üzləşiblər. Bəzən elə olub ki, pasiyentin donu açılaraq, onu dəfn etmək məcburiyyətində də qalıblar. Hərdən elə olur ki, müştərinin istəyinə uyğun olaraq həmin şəxsin dondurulma əməliyyatı haqqında ictimaiyyətə məlumat da verilir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar