BAKIDA SƏFİRLİKLƏRİN MÜHAFİZƏSİ GÜCLƏNDİRİLDİ - İŞİD təhlükəsi

Diplomatik korpusun təhlükəsizliyi ilə bağlı xüsusi addım;Təkcə yanvar ayında Azərbaycana bu təhlükə ilə bağlı beynəlxalq mediada bir neçə məqalə dərc olunub; təhlükəsizlik tədbirlərinin terror təşkilatlarının dünyada yaratdığı psixoloji gərginliyi aradan qaldırmağa xidmət etdiyi deyilir; ekspertdən sensasiyalı iddia...

Bakıda dünyanın aparıcı dövlətlərinin və Avropa ölkələrinin konsulluqlarında təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi addımlar atılıb. Bu barədə axar.az-a məlumatlı qaynaqdan verilən xəbərdə səfirliklərin mühafizəsinin daha da sistemləşdirildiyi qeyd olunur.

Xüsusi xidmət orqanları və kəşfiyyat tərəfindən qorunan səfirliklərdə mühafizənin gücləndirilməsinin əsas səbəbləri açıqlanmasa da, regionda cərəyan edən siyasi-hərbi konfliktlərə görə bu addımların atıldığı ehtimal edilir.

Saytın xəbərində o da deyilir ki, Azərbaycan hüquq-mühafizə orqanları səfirliklərin qorunmasında xüsusilə aktiv iştirak edir və hər hansı təhlükə ehtimalı yoxdur. Sadəcə, bu tədbirlər dünyanı təhdid edən terror təşkilatlarının yaratdığı psixoloji gərginliyi aradan qaldırmağa və səfirliklərin özünü güvəndə hiss etməsi üçün şərait yaratmağa xidmət edir.

Qeyd edək ki, bu günlərdə “Another Western Dawn News” adlı Avropa nəşri Azərbaycana İŞİD təhlükəsi ilə bağlı sensasion xəbər dərc etmişdi.

Xəbərdə deyilirdi ki, “İraq Şam İslam Dövləti”nin (İŞİD) daxili işlər naziri Abdul Vahid Xudayar Əhməd Azərbaycandan olan silahlıları bir yerə toplayaraq, onları Qərbin dəstəklədiyi Azərbaycan hakimiyyətinə qarşı silaha sarılmağa çağırıb: “Biz Bakını, İslamın ən qiymətli şəhərlərindən birini xilas etməliyik. Heç şübhəsiz, Azərbaycanın və onun təbii sərvətlərinin İslam dünyasındakı yeri bərpa olunacaq”. Nəşr onu da iddia edib ki, İslam cihadçılarını yönləndirən və maliyyələşdirən Səudiyyə Ərəbistanının milyonçuları hələ 1998-ci ildən etibarən Azərbaycanda gizli radikal mücahidlərin hazırlanmasına və formalaşdırılmasına başlayıblar. Məlumatda vurğulanır ki, sonradan Suriyaya yollananlar məhz həmin dəstələrdə hazırlıq keçənlərdir.

Maraqlıdır ki, bu xəbərdarlıqdan bir neçə gün sonra Türkiyənin “Yeni Çağ” qəzeti də “İslam Dövləti” terror qruplaşmasının Azərbaycanda fəaliyyətini gücləndirdiyinə dair yazı dərc edib. Məqalədə İŞİD-çilərin 90 faizinin Suriyaya Türkiyə üzərindən keçdiyi göstərilir. Qəzet yazır ki, müxtəlif ölkələrdən öz sıralarına radikalları cəlb edən qanlı təşkilat İŞİD-in qolu Azərbaycana da uzanıb. Təşkilat Azərbaycandan topladığı gənclərə təlim keçdikdən sonra onları ailələri ilə birlikdə Türkiyə üzərindən Suriyaya keçirir. Dönmək istəyən ailələr isə “Azərbaycanda sizi həbs gözləyir” deyə qorxudulur.

Milli Təhlükəsizlik Nazirliyi İŞİD-ə qoşulanlara qarşı mütəmadi əməliyyatlar keçirsə də, bu terror təşkilatlarına yenə də qoşulanlar var. Məsələn, son olaraq Şəki rayonu, Daşüz kənd sakini Elnurə Məmədova üç övladını da özü ilə götürərək Suriyaya gedib. Onunla bərabər Suriyaya anası, bacısı və yeznəsi də gedib. 9 nəfərlik qrup kəndi tərk edərək Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.

Adının çəkilməsini istəməyən sabiq təhlükəsizlik xidməti əməkdaşının dediyinə görə, vaxtilə İŞİD tərkibində vuruşanlar Azərbaycana qayıtdıqdan sonra real təhlükə mənbəyi ola bilərlər: “Onların əksəriyyəti indi ya həbs edilib, ya da nəzarətdədirlər. Amma mümkündür ki, bəziləri hələ də nəzarətdən yayına bilsin. Düşünürəm ki, MTN Azərbaycanda bu təhlükə ilə bağlı situasiyaya ciddi nəzarət edir”.

Həmsöhbətimiz səfirliklərlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gəlincə, sensasion sayıla biləcək iddia irəli sürdü. “Bu təhlükəsizlik tədbirlərinin prezidentin Almaniya və Davos səfərlərindən sonra gücləndirilməsi maraq doğurur. Mümkündür ki, prezidentin xüsusilə Almaniyaya səfərində Azərbaycana İŞİD təhlükəsi ilə bağlı hansısa kəşfiyyat məlumatları verilib. Almaniya İŞİD-lə mübarizədə çox fəaldır və bu ölkənin kəşfiyyat orqanları terror təşkilatlarının bütün dünyadakı ”yuvaları" barədə də ciddi məlumatlara malikdir", deyə müsahibimiz bildirib.

İstirahət günü olduğu üçün səfirliklərlə və rəsmi orqanlarla mövzunu bu gün davam etdirəcəyik.

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar