Neft-kimya Kompleksinin tikintisi təxirə salındı- SOCAR-ın 6,9 milyard borcu var

Neftin qiymətinin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) hansı addımlar atmağa sövq edəcək? Nəzərə almaq lazımdır ki, neftin qiymətinin enməsi ilə yanaşı, ölkəmizdə "qara qızıl"ın hasilatı da kəskin aşağı düşüb. ARDNŞ bir sıra layihələri reallaşdırmaq üçün xarici maliyyə institutlarından böyük həcmdə kreditlər cəlb edib. Mövcud vəziyyətdə sözügedən kreditlərin ödənilməsində problemlər meydana çıxa bilərmi? Azərbaycan Dövlət Neft Şirkəti baş ofisinin İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Ənvər Qasımov "Bizim Yol"un bu və başqa məsələlərlə bağlı suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Ənvər müəllim, Dövlət Statistika Komitəsi 2014-cü ildə neft hasilatının 41,9 milyon ton olduğunu göstərib. Bu isə əvvəlki illə müqayisədə 1,5 milyon ton azalma deməkdir. Dövlət Neft Şirkəti bəyan etmişdi ki, 2014-cü ildə hasilat stabil qalacaq. Bu proqnoz özünü niyə doğrultmadı?

- Neft hasilatı dedikdə, ölkə daxilində istehsal olunan xammalı iki istiqamətə bölmək lazımdır. Onlardan birincisi, "Azəri-Çıraq-Günəşli" yatağıdır ki, "BP"nin operatoru olduğu konsorsium istifadə edir. Orada Azərbaycan Dövlət Neft Şirkətinin də payı var. İkincisi, Dövlət Neft Şirkətinin özünün yataqlarından hasil etdiyi neftdir. Şirkət özünün hasil etdiyi və proqnozlaşdırdığı nefti artıqlaması ilə icra edib…

- ARDNŞ-in ötən ilki hasilatı nə qədər olub?

- Ötən il 8,3 milyon ton neft istehsal edilib. Yerdə qalan dəyişiklik, yəni azalma konsorsiumda baş verib. Əgər rəqəmlərə dəqiq baxsanız, konsorsiumda həmin azalmanı görə bilərsiniz. Bir daha deyirəm ki, Dövlət Neft Şirkətinin istehsalında və gündəlik görülən işlərində heç bir dəyişiklik yoxdur.

- Bəs neftin ucuzlaşması Dövlət Neft Şirkətinin xarici ölkələrdəki fəaliyyətinə təsir göstərirmi?

- Doğrudur, ARDNŞ-in xaricdə müəyyən fəaliyyəti var. Amma baxaq görək bu neft istehsalıdır? Əlbəttə, xeyr. Dünyada neftin qiymətinin aşağı düşməsinin ARDNŞ-in xaricdəki fəaliyyətinə neqaviv təsirləri yoxdur. Ukraynada, Rumıniyada, İsveçrədə yanacaqdoldurma məntəqələri var. Orada yanacağı alır və sonra da satır. Qiymətlər aşağı düşəndə ucuz alıb, ucuz satacaq. Qalxanda isə baha alıb, baha da satacaq.

- Yəni xaricdəki törəmə şirkətlərin xərclərinə təsir göstərməyəcək? Şirkətlərin əvvəlki büdcəsi necə olubsa, elə də saxlanacaq?

- Dünyada neftin ucuzlaşmasının Dövlət Neft Şirkətinin ümumi gəlirlərinə təsiri olacaq. Amma neftin qiymətinin 120 dollardan yüksək həddə olduğu vaxtla bu günkü 50 dollarlıq qiymət arasında yaranan 70 dollarlıq fərqi, bunu hasilata vurub və az gəlir əldə ediləcəyini düşünmək düzgün deyil. ARDNŞ tərəfindən hasil olunan neft Heydər Əliyev adına Neft Emalı və bu yaxınlarda ləğv olunmuş "Azərneftyağ" zavodlarında emal olunduqdan sonra daxili bazarda satılır. Daxili bazarda isə neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Belə olan halda, neftin qiyməti yüksək olduğu vaxtlarda Dövlət Neft Şirkətinin gəlirlərinə pozitiv təsiri yox idisə, hazırkı ucuzlaşma da şirkətin gəlirlərinə bir o qədər mənfi təsir göstərmir. Bütün bunlar ARDNŞ-də gündəlik müzakirə olunan məsələlərdir, bütün bu riskləri müəyyənləşdirir və nəzərə alır.

- Bir müddət əvvəl ARDNŞ rəsmiləri bəyan etmişdi ki, xərcləri optimallaşdıracaq. Optimallaşdırma deyəndə nələr nəzərdə tutulub, hansı istiqamətdəki xərclərə baxılacaq?

- Dövlət Neft Şirkətinin xərcləri bir neçə istiqamətə bölünür. Burada əməliyyat, kapital və sosial xərclər var. Şirkət bu xərclərin strukturuna yenidən nəzər yetirir. Bu yaxınlarda "Azərneftyağ" zavodu ləvğ olundu və iki neft emalı zavodu birləşdirildi. Hazırda Dövlət Neft Şirkətində orta aylıq əmək haqqı 800 manatdan yuxarıdır. Bu, bizim maliyyə hesabatımızda da göstərilib. Nəzərə almaq lazımdır ki, SOCAR-da böyük sayda işçi çalışır. Dövlət Neft Şirkətinin illik gəlir və xərclər smetası hazırlanır, müvafiq dövlət qurumları, nazirliklər tərəfindən təsdiq olunur. Həmin xərclər və gəlirlər smetası əsasında da fəaliyyət göstərilir. Xərclərin optimallaşdırılması həmin smetaya yenidən baxılması deməkdir.

- Ola bilərmi, sosial layihələr ixtisara düşsün?

- Ötən illər ərzində Dövlət Neft Şirkəti sosial tədbirləri daim dəstəkləyib. Həmişə işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması uğrunda müvafiq tədbirlər görülüb. Keçən il bir neçə bina neftçilərin istifadəsinə verildi. Hər bir dönəmdə baş verən proseslərin təcrübəsi göstərir ki, ARDNŞ bu tip sosial layihələri həmişə dəstəkləyir.

- SOCAR müəyyən layihələrin icrası üçün kreditlər cəlb edib. Bu gün xarici borclanmanın həcmi nə qədər təşkil edir?

- Dövlət Neft Şirkətinin kredit tarixi son 10-12 ili əhatə edir. Bu kredit tarixçəsindən qürurla danışmaq olar. Əlbəttə, düşünə bilərsiniz ki, bu, kreditdir və faiz ödənilir. Beynəlxalq maliyyə təşkilatlarının, bankların, investorların yanaşması isə fərqlidir. Bu gün ARDNŞ həm qiymətli kağızlarının dəyəri, eyni zamanda kredit ayrılması baxımından ən güclü şirkətlərdən biri sayılır.

Götürülən kreditlərin bir neçə növü var. Onlardan ən böyük həcmlisi və maraqlısı layihələrin maliyyələşdirilməsidir. Bu kifayət qədər böyük bir istiqamətdir. İki il aparılan danışıqların nəticəsi olaraq ötən il beynəlxalq ixrac kredit agentliklərin verəcəyi zəmanət məktubu əsasında Türkiyədə "Star" Neft Emalı Kompleksinin tikintisi üçün təqribən 3.240-3.290 milyard ABŞ dolları məbləğində vəsait cəlb edə bilmişik. Əgər bu layihə uğurlu olmasaydı, yaxud həmin investorlar və beynəlxalq maliyyə qurumları onun gələcəyinə inanmasaydı, belə böyük həcmdə kreditin ayrılmasına razılıq verməzdi. Onu da qeyd edim ki, ayrılan vəsait təqribən 18 il müddətinə ödəniləcək.

- ARDNŞ-in hazırda götürdüyü kreditlərin ümumi həcmi nə qədərdir?

- Dövlət Neft Şirkətinin bütün layihələrini əhatə etməklə cəlb etdiyi kreditlərin həcmi 6,9 milyard ABŞ dolları civarındadır.

- Bu il Dövlət Neft Fondu "Star" zavodunun bir hissəsinin maliyyələşdirməsini ixtisara salıb. İndi həmin vəsaiti əvəzləmək üçün ARDNŞ yeni kreditlər cəlb edə bilərmi?

- "Star" zavodunun ümumi dəyəri 5,6-5,7 milyard dollardır. Burada 3,3 milyard dollara yaxın kreditdən əlavə səhmdarların özlərinin ilkin olaraq qoyacağı vəsait tələb olunur. Artıq nizamnamə fonduna təqribən 1,5 milyard dollar vəsait yatırılıb. Nizamnamə fonduna ümumilikdə 2.3 milyard dollara yaxın pay qoyuluşu nəzərdə tutulub. Bunun da 1,5 milyardı "Star" Neft Emalı Zavodunun nizamnamə kapitalına mədaxil edilib. Burada dövlətin 40 faiz, ARDNŞ-in isə 60 faiz payı var. Layihə icra olunduqca, yəni müəssisə tikildikcə, Dövlət Neft Şirkətinin payına düşən vəsait mərhələli şəkildə yatırılacaq.

- Qaradağdakı Neft, Qaz emalı və Neft-kimya Kompleksinin tikintisi nə üçün təxirə salınıb?

- Təxirə düşüb deməzdim. Ötən ilin son dövründə qərara alınıb ki, kompleksə daxil olacaq neft emalı zavodlarının tikintisi 2030-cu ilə qədər təxirə salınsın. Qaz Emalı Zavodunun tikintisi isə yaxın gələcəkdə həyata keçiriləcək.

- Bu layihəyə vəsait hardan cəlb ediləcək?

- Beynəlxalq maliyyə təşkilatları həmin layihələrin risklərini rahatlıqla qəbul edirlər. Əgər beynəlxalq maliyyə institutları "Star" Neft Emalı Zavodunun 3,3 milyard dollarlıq riskini qəbul edirsə, deməli, gələcəkdə sözügedən kompleksin tikintisinə vəsait cəlb edilməsi istisna deyil. Lakin buna hələ ki, qərar verilməyib. Amma gələcəkdə kreditdən istifadə edilməsi yolları mümkündür.

- Bununla bağlı Mərkəzi Banka müraciət olunmuşdu. Bu məsələ yenə gündəmdədirmi? Mərkəzi Bank kredit xəttinin açılışına razılıq veribmi?

- Sözügedən layihədə öncə səhmdarların strukturu müəyyən olunmalıdır. Ondan sonra bu tip məsələlər müzakirə edilərək həll olunmalıdır. Burada Dövlət Neft Şirkəti, eyni zamanda dövlətin müvafiq nazirliyi iştirak edir. "Bakı-Tiflis-Ceyhan" boru kəmərinin tikintisində dövlət tərəfindən o zaman İqtisadi İnkişaf Nazirliyinin iştirak payı var idi. Hazırda da "Star" Neft Emalı Zavodunda İqtisadiyyat və Sənaye Nazirliyi paya malikdir. Cənub Qaz Dəhlizində də müvafiq dövlət strukturu 51 faiz, ARDNŞ isə 49 faiz paya sahibdir. Bu məsələlər artıq böyük bir təcrübədə həyata keçirilə bilən bir sxemdir. Ona görə də gələcəkdə bu tip qərarlar ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar