Əli İnsanov Ali Məhkəmənin sədrini hədələdi 

“Unutmayın ki, mənim hər gün qanunsuz həbsdə saxlanmağıma görə məsuliyyət daşıyırsınız”

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Müraciətin səbəbi Ali Məhkəmə Plenumunun sabiq nazirlə bağlı qərarının hələ də ona verilməməsidir. Qərar noyabrın 15-də çıxarılıb.

Azadliq.info-nun məlumatına görə, Əli İnsanov müraciətində yazıb:

“Sizin sədrliyinizlə Ali Məhkəmə Plenumunun 15 noyabr tarixli iclasında siyasi hakimiyyətin sifarişi ilə məni azadlığa buraxmamaq üçün birinci instansiya məhkəməsinin hökmü qərəzli şəkildə qüvvədə saxlanılıb. Amma həmin qanunsuz hökmü dəyişdirmədən təsdiqləmiş apelyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları ləğv edilib. Nəticədə Avropa Məhkəməsinin barəmdə çıxardığı 14 mart 2013-cü il tarixli qərarı icra olunmayıb. Mən qanunsuz olaraq azadlığa buraxılmamışam. Bu günə qədər 13 saylı cəzaçəkmə müəssisəsində dözülməz şəraitdə saxlanılmaqla işgəncəyə məruz qalmışam. Bununla da Avropa Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən hüquqlarım pozulmaqda davam edir. Plenumun iclasından 17 gün keçməsinə baxmayaraq, qərar müdafiə tərəfinə verilməyib. Məqsəd bütün mümkün vasitələrlə mənim həbsdə saxlanma müddətimi uzatmaqdır. Buna görə də Plenumun qərarının yubadılmadan mənə verilməsini xahiş edirəm. Unutmayın ki, mənim hər gün qanunsuz həbsdə saxlanmağıma görə məsuliyyət daşıyırsınız”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar