Azərbaycan bankı Qərbin sanksiyaları ilə üzləşə bilər

Natiq Cəfərli: “Orada xüsusi bir qeyd var ki, sanksiyaları yarmaqda Rusiyaya yardımçı olan şirkətlərə və banklara qarşı da oxşar addımlar atıla bilər”

Xəbər verdiyimiz kimi, Davos Dünya İqtisadi Forumu çərçivəsində Rusiya “Sberbank”ı və Azərbaycan Beynəlxalq Bankı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənəddə qeyd olunan əməkdaşlıq sahələri arasında investisiya layihələrinin maliyyələşdirilməsində birgə iştirak, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətlərinin və filiallarının olduğu 3-cü ölkələrdə ticarətin maliyyələşdirilməsinin təşkili, maliyyə bazarlarında əməkdaşlıq sahələri yer alır.

Bəs, görəsən bu əməkdaşlıq daha hansı ölkənin maraqlarını təmin edir? Azərbaycan üçün Rusiya bankları ilə əməkdaşlığın hansı riskləri və səmərəsi ola bilər?

Musavat.com-un sualların cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, indiki vəziyyətdə Rusiyada Azərbaycanın bank sisteminə maraq böyükdür: “Bu, artıq Azərbaycan bankları ilə Rusiya bankları arasında üçüncü belə anlaşmadır. Əslində, banklar arasında əlaqələrin genişlənməsi üçün bu yaxşı bir addımdır. Ancaq nəzərə almaq lazımdır ki, indiki vəziyyətdə bu əməkdaşlıq kimə lazımdır? Hazırda Rusiyanın vəziyyəti həddindən artıq gərgindir. Bu ölkənin xaricdəki kredit mənbələrinə çıxış imkanları məhdudlaşdırılıb. Sanksiyalarla əlaqədar demək olar ki, Rusiyanın imkanları sıfırlanıb, əsasən də Avropa, Amerika və Yaponiya kimi ölkələrin kredit bazarlarına çıxış imkanları yoxdur. Bir neçə Uzaq Şərq ölkələri, o cümlədən, Çin istisna olmaqla, bu sanksiyalar Rusiyanın xaricdən kredit almasını mümkünsüz edib”.

Ekspertin sözlərinə görə, Rusiya sanksiyalardan çıxış yolu axtarmağa çalışır və qonşu ölkələrdən öz bazarına ucuz kredit imkanları tapmaq üçün müxtəlif vasitələrdən istifadə edir: “Birmənalı demək olar ki, bu əməkdaşlıqda maraqlı tərəf Rusiyadır. Rusiyanın indiki iqtisadi durumunda Azərbaycan banklarının orada hər hansı əməliyyat aparması çox risklidir. Çünki rublun kursu sabit deyil, hər hansı bir layihəyə kredit ayırdıqda uduzmaq ehtimalı artır. Bu ölkədə kredit faizləri həddindən artıq yüksəlib. Rusiya Mərkəzi Bankı kreditlərin uçot dərəcələrini 17,5 faizə qədər qaldırıb. Bu, dünyada ən yüksək uçot dərəcələrindən biridir. Yəni, Rusiyada hər hansı bir biznes layihəsinə kredit ayırmaq çox risklidir. Rusiya isə Azərbaycan bank sistemi vasitəsilə dünyaya çıxış yolları axtarır. Dünya banklarından uzunmüddətli kreditlər cəlb etməyə çalışır. Azərbaycan üçün bu, həm də Qərbin sanksiyaları baxımından çox risklidir. Çünki burada xüsusi bir qeyd var ki, sanksiyaları yarmaqda Rusiyaya yardımçı olan şirkətlərə və banklara qarşı da oxşar addımlar atıla bilər. Belə bir təhlükə var. Beynəlxalq Bank da Azərbaycanda dövlət nəzarətində olan banklardan biridir və bu məsələdə çox ehtiyatlı olmalıdır. Azərbaycan Beynəlxalq Bankının hər hansı bir şəkildə Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etməsi, beynəlxalq maliyyə qurumları tərəfindən aşkarlansa, sonradan Beynəlxalq Banka qarşı da müəyyən təzyiqlər görülə bilər. Ona görə də, bu cür əməkdaşlığa ehtiyatla yanaşmaq lazımdır”.

N.Cəfərli onu da qeyd etdi ki, Rusiyanın hazırki vəziyyətində bu memorandumun Azərbaycan üçün hər hansı bir faydalı cəhəti olmayacaq: “Ancaq Rusiya bu əməkdaşlıqla müəyyən qədər özünü sığortalayıb, xarici bazarlara çıxışları əldə saxlamağı düşünür. Sanksiyaların növbəti mərhələsində Rusiya hətta beynəlxalq ödəmə sistemindən ayrıla bilər. Belə olan halda, Rusiya başqa ölkələrin bank sistemi vasitəsilə oraya çıxış yolları axtarır. Belə çıxır ki, artıq Rusiya bu əməliyyatları Azərbaycan üzərindən həyat keçirməyi planlaşdırır və indidən bununla bağlı hazırlıq aparır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar