ABŞ RUSİYAYA QARŞI YENİ İQTİSADİ CƏBHƏ AÇIR - Obama yeni sanksiyalarla hədələdi

”Mən bizdə olan əlavə variantlara baxıram və hərbi qarşıdurmanı istisna etmək şərti ilə bu məsələni həll etmək istəyirəm”

ABŞ prezidenti Barak Obama Kremlə qarşı tətbiq edilmiş sanksiyaların bir qədər də gücləndiriləcəyi barəsində müəyyən siqnallar verib. Obama bildirib ki, separatçı yaraqlılar tərəfindən Ukraynanın cənub-şərqindəki Mariopul şəhərinin atəşə tutulması Rusiyanın hərbi köməyi və maliyyə yardımı sayəsində həyata keçirilib.

“The Financial Times”-ın yazdığına görə, bu bəyənatı Obama bazar günü Nyu –Dehli şəhərində Hindistanın baş naziri Norendroy Modi ilə birlikdə keçirdikləri mətbuat konfransında verib. Obamanın sözlərinə görə, separatçılar Rusiya tərəfindən silah və digər hərbi texnika ilə təchiz olunurlar. Bununla əlaqədar olaraq ABŞ prezidenti deyib: ”Mən bizdə olan əlavə variantlara baxıram və hərbi qarşıdurmanı istisna etmək şərti ilə bu məsələni həll etmək istəyirəm”.

Ağ Evin kəskin bəyanatına baxmayaraq, Rusiya məsələsində Obama administrasiyasının ən mühüm müttəfiqi olan Avropa Birliyinin belə bir nümunə göstərəcəyi hələlik bəlli deyil. Avropa diplomatlarının sözlərinə görə, yeni sanksiyaların qəbulu ilə əlaqədar Avropa ölkələri arasında fikir ayrılıqları mövcuddur. Avropa Birliyinin xarici məsələlər üzrə yüksək təmsilçisi Federika Moqerini, AB-nin xarici işlər nazirlərini bu həftə təcili iclas keçirməyə çağırıb. Ancaq bəzi diplomatlar belə tezliklə yığıncaq keçirməyin əleyhinə çıxış edirlər. Polşa diplomatlarından biri bildirıb ki, bu toplantını sadəcə yalnız Mariupolda baş verənləri qınamaq və bununla bağlı növbəti bəyanatın verilməsi üçün çağırmağın mənası yoxdur.

Rusiyanın indiki iqtisadi vəziyyətinə də toxunan Barak Obama bildirib: ”Biz Rusiyanın zəifləməsində və onun iqtisadiyyatının dağılmasında maraqlı deyilik. Lakin mənim baxışlarıma görə, biz əsas prinsip kimi o məsələdə dərin şəkildə maraqlıyıq ki, böyük ölkələr kiçik ölkələri qorxutmamalı, onların ərazi bütövlüklərinə və suverenliklərinə toxunmamalıdır.”

Rusiyapərəst separatçılar tərəfindən Mariupol şəhərinə açılan yaylım atəş nəticəsində 30 nəfər ölmüş, 100 nəfərə yaxın insan isə yaralanmışdı. Bu hücum keçən il Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadasına quru sahəsi ilə Azov dənizi boyunca koridor açılması təhlükəsini gücləndirib. Mariupol şəhərinin atəşə tutulması separatçıların yüksək vəzifəli liderinin atəşkəs barəsində hər hansı danışığa getməyəcəklərini elan etməsindən və Ukraynanın şərqindəki yeni şəhərlərin zəbt olunmasına söz verməsindən sonra başalyıb.

Hazırda Rusiya Ukrayna böhranının yoluna qoyulması və nizama salınması yolunda müsbət addımlar atmağa hazır olduğunu nümayiş etdirmir. Beləki, amerikalı və avropalı həmkarları ilə apardığı danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz bəyanatlarında baş verən bütün hadisələrdə Kiyevi günahlandırıb.

Vaqif NƏSİBOV

AzPolitika.info

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar