“Avronun ucuzlaşması Azərbaycan iqtisadiyyatını təhlükə altına salır”

Dünya bazarında avronun məzənnəsinin ucuzlaşması ciddi müzakirə edilən məsələlərdəndir. Əksər ekspertlər məzənnə düşməsinin Azərbaycana ciddi təsir göstərəcəyi qənaətindədirlər.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta bazarlarında avronu ucuzlaşdırıb. Bu çıxış avroya öldürücü təsir göstərdi və valyuta bazarında avronun məzənnəsi son 11 ildə ən aşağı həddə düşdü.

Ekspert Vüqar Bayramov bu məsələ ilə bağlı musavat.com-a bildirib ki, ucuzlaşmanın əsas təsiri Avropadan Azərbaycana gələn malların qiymətlərində olacaq: “Bu, artıq Avropadan daha çox məhsulun Azərbaycana gətirilməsi deməkdir. Əvvəllər 10 min avroya olan məhsulun ölkəyə gətirilməsi nəticəsində 4 min manat ucuzlaşma fərqi olacaq. Əslində problem ondan ibarətdir ki, Avropadan gələn məhsulların manat ifadəsində ucuzlaşmasına baxmayaraq, Azərbaycanda qiymətlərin aşağı düşməsini müşahidə etmək olmur. Əslində bu, məhsulların qiymətinin süni şəkildə yüksək saxlanması ilə bağlıdır. Həmçinin idxal artacaq. Avropa Birliyinin ixracatında Azərbaycan məhsullarının bahalaşması səbəbindən müəyyən çətinliklər olacaq.

Nəzərə alaq ki, Azərbaycanın Avrozonaya göndərdiyi məhsulların əhəmiyyətli hissəsi neft və neft məhsullarıdır. Eyni zamanda, Azərbaycanın Avropa ilə ixracatı, avronun ucuzlaşması dövlət rezervlərinə də təsir göstərir. Dövlət rezervlərinin təxminən 30 faizi avroda saxlanır. Onu da nəzərə alaq ki, Dövlət Neft Fondunun malik olduğu qiymətli kağızların 40 faizdən artığı Avrozonanın payına düşür. Neft Fondu riskləri sığortalamaq üçün vəsaitlərin bir qismini dollarda saxlayır və dolların səbətdə payı avro ilə müqayisədə daha çoxdur. Bundan əlavə, avronun bütövlükdə valyuta səbətində payının 30 faizə yaxın olması, avro ilə saxlanan vəsaitlərin dəyərinin aşağı düşməsinə gətirib, çıxaracaq. Avro nə qədər məzənnə itirəcəksə, dövlət rezervlərinin avroda saxlanan hissəsi praktik olaraq, o qədər azalacaq. Ona görə də, avronun məzənnəsinin aşağı düşməsi birmənalı şəkildə Azərbaycan iqtisadiyyatı üçün əlverişli deyil. Həm dövlət rezervlərinin azalması, həm də Avropaya ixracın artması fonunda Azərbaycan istisadiyyatına neqativ təsir göstərir”.

Qeyd edək ki, ekspertlər bildirirlər ki, avronun ucuzlaşması uzun müddət davam edə bilər. Çünki məlum proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılacaq və həmin pula dövlət və özəl qiymətli kağızların alınması nəzərdə tutulur.

Məqsəd Avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın həddə saxlamaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq, uzadıla da bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq.

Ekspertlərə görə, dünya bazarlarında avronun ucuzlaşmasının Azərbaycanda təsiri təbiidir. Manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da öz əksini tapır. Həmçinin bildirilir ki, avronun ucuzlaşması səbəbindən ölkədə valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması baş verəcək.

Eyni zamanda, Avropa malları ucuzlaşa bilər. Əksər ekspertlərə görə isə, Avropa valyutasının ucuzlaşmasının Azərbaycana zərəri daha çox olacaq.

Ekspert Samir Əliyevin sözlərinə görə, avronun ucuzlaşması manata təzyiqi artıracaq: “Yəni əhali pulunu dollara çevirəcək ki, bu da bazarda dollar qıtlığı yaradacaq. Digər tərəfdən, bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Pullu vətəndaşlarımız, o cümlədən, oliqarxlarımız Rusiyadan sonra köhnə qitənin də daşınmaz əmlakına yatırım edə bilərlər ki, bu da investisiya axınına gətirib, çıxara bilər”.

Ekspert bildirib ki, bu fakt ixracımız üçün çətinlik yaradacaq. Üstəlik, Avropadan idxalımız artacaq. Valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri isə dəyərini xeyli itirəcək. O cümlədən, avro ilə yerləşdirilən əmanətlər dəyərdən düşə, avro isə ilin sonuna qədər dollarla bərabərləşə bilər.

Ekspertlərə görə, avronun ucuzlaşmasından ən çox itirən Azərbaycan Dövlət Neft Fondu və avro ilə aktivlərə malik olan yerli banklar olacaq. Avronun məzənnəsinin ucuzlaşmasından yaranan fərq üzrə Neft Fondunun büdcədənkənar xərcləri artacaq. Qazanan isə Avropa Birliyi ölkələrindən Azərbaycana mal idxal edən sahibkarlar olacaq. Avronun antirekordları yeniləməsinin əsas səbəblərindən biri kimi, yanvarın 25-də Yunanıstanda keçirilən parlament seçkiləri göstərilir.

Belə ki, seçkilərdə radikal solçu SİRİZA partiyasının qalib gələrək, onun lideri Aleksis Siprasın baş nazir olacağı halda, siyasətçi Yunanıstanı Avrozonadan çıxaracağına söz verib.

Qeyd edək ki, A.Sipras Yunanıstanın 322 milyard avroya çatan dövlət borcunun bir hissəsinin silinməsini tələb edir. Çünki Yunanıstan dövlət büdcəsinin kifayət qədər böyük hissəsini xarici borclarının qaytarılmasına sərf edir.

Bazarda avronun dəyərini itirməsi qızılı da bahalaşdırıb. Ekspertlər bildirirlər ki, qızıl bu il 9 faiz dəyər qazanıb. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar