Təhsilimizin dəyişən qaydaları

Demokratikləşmə, yoxsa inhisarlaşma?

Nadir İsrafilov, təhsil eksperti

Təhsilimiz öz tarixinin növbəti, keyfiyyətcə yeni mərhələsinə - təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi mərhələsinə qədəm qoyub. Strategiya ilə bağlı Fəaliyyət Planı ətrafında geniş və qızğın müzakirələr gedir. Nə olacaq, necə olacaq, bunu zaman göstərəcək. Əsas odur ki, “Proqram” “Plan”a uyğun reallaşacaqmı, gerçəyə çevriləcəkmi, bu zaman yaxın keçmişin dərslərindən ibrət götürüləcəkmi, nəticə çıxarılcaqmı?

Nədənsə, heç yadımdan çıxmır. 1979-cu ilin əvvəlləri olardı. Xidməti işlə əlaqədar BŞBTİ-nin (Bakı Şəhər Baş Təhsil İdarəsi) o vaxtkı rəisi Ağalar Axundovun kabinetində idim. Bu ara telefon zəng çaldı. Zəng edən nazir Mehdizadə idi. Qısa telefon danışığından belə bəlli oldu ki, Mehdi müəllim Bakı məktəblərinin birindən nazirliyə daxil olan şikayət ərizəsinin araşdırılması prosedurunu Ağalar müəllimlə razılaşdırmaq istəyir. Diqqət edin, akademik titulu olan bir nazir tabeçiliyində olan bir şəxsi nazirliyə daxil olan məktub barədə məlumatlandırır. Daha doğrusu, onun başı üzərindən tabeçiliyində olan məktəblə bağlı ölçü götürülməsini qeyri-məqbul hesab edir. Bu, o dövr nazirinin yerli idarəetmə orqanlarına hansı statusda baxmasının bariz göstəricisi, totalitar hesab etdiyimiz rejimin demokratik bir nümunəsi idi.

Təəssüf ki, qısa bir zaman kəsiyində vəziyyət tamamilə əks istiqamətə yönəldi. Demokratik təhsilimiz, sanki sıçrayış edərək totalitar rejimə keçid etdi. Məhz bu ziyanlı və təhlükəli tendensiyanın artıq reallığa çevrilməsi 1999-cu ildə qəbul edilən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda da etiraf olundu və bunun getdikcə genişlənməsinin qarşısının alınması üçün “Proqram”da bir sıra qabaqlayıcı tədbirlər nəzərdə tutuldu:

“Ölkənin təhsil sisteminin real vəziyyəti araşdırılıb və bəlli olub ki, indiyədək təhsil sisteminin idarə edilməsində inzibati-amirlik prinsipləri üstünlük təşkil edib; idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi, inhisarsızlaşdırma, səlahiyyətlərin bölüşdürülməsi, funksiyaların yuxarıdan aşağıya paylanması, əsas hədəfin təhsil verənə və alana yönəldilməsi istiqamətində məqsədyönlü işlər görülməyib. Ona görə də, təhsil sistemində idarəetmə ictimai-siyasi həyatımızda aparılan demokratikləşmə prosesinə uyğun qurulmalı, təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqillik verən yeni idarəetmə mexanizmi yaradılmalıdır.”

Sən demə, bütün bunlar gəlişi gözəl sözlər imiş. Bir də ki, sözlərdə nə günah, əgər sözü əməlləri ilə digər məcraya yönəldənlər olacaqsa.

Bəzən istər-istəməz, öz-özünə düşünürsən: Niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi, vərdişlərimizi qoruyub saxlayırıq, onlara hörmətlə yanaşırıq, təhsil ənənələrimizə, vərdişlərimizə sayğısızlıq göstəririk, onu ildən-ilə, aydan-aya bayağılaşdıraraq, deformasiyaya uğradırıq? Axı, etibar etmək, etibar qazanmaq, etimad göstərmək, etimadı doğrultmaq xalqımızın ən dəyər verdiyi, digərləri ilə müqayisədə fərqləndirici xüsusiyyətlərindən biri olub.

Təhsilə dair qəbul olunan proqram xarakterli rəsmi sənədlərdə etibardan, etimaddan, qarşılıqlı əlaqələrdən, isti münasibətlərdən danışırıq, təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətinin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sisteminin yaradılacağını, təhsil sistemində dövlət-ictimai və ictmai-dövlət xarakterli yeni idarəetmə modelinin tətbiq olunacağını, yaxın perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçiləcəyini vəd edirik, pedaqoji prosesin bütün iştirakçılarını bərabərhüquqlu subyektlər kimi dəyərləndiririk, bir aradan sonra isə heç bir şey olmamış kimi fəaliyyətimizi başqa istiqamətə yönləndiririk.

Necə başa düşmək olar ki, ümumtəhsil məktəbinin idarə olunması ilə əlaqədar məktəbin dövlət və ictimai özünüidarəsinin prinsipləri əsasında idarə edilməsi barədə Əsasnaməyə “Məktəbin ictimai özünüidarəsinin ali orqanı məktəbin ümumi yığıncağıdır (konfransdır). Konfrans: birbaşa gizli səsvermə, adi səs çoxluğu ilə məktəb şurasını, onun sədrini və məktəb direktorunu seçir” kimi demokratik ruhlu müddəa daxil edilir (2009-cu il Əsasnaməsi, maddə 43). Cəmi-cümlətani iki il keçdikdən, daha doğrusunu desək, ara sakitləşdikdən sonra isə mövcud Əsasnəmə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” adı ilə “yenilənərək”, “konfrans... məktəb direktorunu seçir” ifadəsi “Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir” kimi qeyri- demokratik bəndlə əvəz olunur (bax: 2011-ci il Nizamnaməsi, maddə 5.4).

”Yenilik” təkcə bununla bitmir. Nizamnamənin 1.6 bəndinə əsasən, “Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur”. Elə həmin Nizamnamənin 10.1 bəndinə görə isə “Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişlı müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir“. Bu, əgər dolayısı yolla repetitorluğu leqallaşdırmaq və gündən-günə çiçəklənməkdə olan bu qeyri-qanuni fəaliyyət sahəsini inhisara almaq deyilsə, bəs onda bunun başqa adı nədir?

Əlbəttə, məktəbə kiminsə, hansı formadasa “yardım əlini” uzatması qəbahət sayila bilməz və bu kimi hallar az da deyil. Lakin buna hüquqi status verib, rəsmiləşdirmək məktəbin, müəllimin, bütövlikdə pedaqoji kollektivin aşağılanması, olan-qalan nüfuzunun sarsılması kimi qəbul olunub, ələbaxımlıq psixologiyası yarada biləcək hal kimi də qiymətləndirilə bilər.

Nəsə, çox da xırdalıqlara getməyək, keçək təyinat məsələsinə. Deyəsən, “ümumtəhsil məktəbinə nazirlik tərəfindən təyin olunan direktor rəhbərlik edir” redaktəsi bir az anti-demokratik, anti-humanist səslənib. Hələlik, son variant kimi məktəb direktorlarının müsabiqə yolu ilə seçilməsi variantı üzərində durmuşuq. Yəqin ki, başqa versiyalar üzərində də iş getməmiş deyil. Amma, kompensasiya kimi direktor müavinlərini də bu müsabiqəyə cəlb etməyi qazanc bilmişik. Diqqət çəkən və maraqlı olanı isə odur ki, gündəmə gətirilən çoxpilləli və mərhələli bu yeni təyinetmə “mexanızmi” son zamanlar az qala Təhsil Nazirliyi tərəfindən analoqu olmayan böyük bir ilkə imza atılması kimi təqdim edilir.

Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, 2000-cı ildən üzü bu yana, təkcə məktəb direktorlarının vəzifəyə təyin olunması ilə bağlı 10-dan artıq nomenklatur dəyişikliyi edilib. Təhsildə qaydalar dəyişilə bilər, cəmiyyət daim inkişafdadır. Problemə baxış və tendensiyalar yeniləşir. Bunu danmaq ədalətsizlik olardı. Təhsilimizin məqsəd və vəzfələri dəyişməyibsə, onda mənasız dəyişikliklər görəsən hansı məqsədlərə xidmət edir? Nə edirik sualından qabaq, nə üçün edirik barədə düşünməyi nəzərə almamaq problemin həlli yolu ola bilərmi?... Məktəb kollektivinin ümumi yığıncağının rəyi, təhsil şurasının təqdimatı əsasında yerli şəhər və rayon təhsili idarəetmə orqanları tərəfindən məktəb direktorlarının müəyyənləşdirilməsi və nazirliklə razılaşdırılmasının hansı əksikliklərini görmüşük? Axı, elə bu yaxınlara qədər məktəblər nömrələri ilə deyil, onlara rəhbərlik edən direktorların, orada dərs deyən müəllimlərin adı ilə tanınardı. Sona Tağıyevanın məktəbi, Zahid Şöyübovun məktəbi, Zərbəli Səmədov işləyən məktəb, Məhər Quliyevin dərs dediyi məktəb və s. Niyə əvvəl elə idi, indi belə oldu, buna bir əsaslı səbəb var idimi?

Niyə yerli idarəetmə orqanları olan şəhər və rayon təhsil şöbələrinə öz məktəblərinə rəhbər seçmək, məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisələrinə müəllim qəbul etmək, müəllimlərə 11 il dərs dedikləri, hər bir cəfasını və səfasını çəkdikləri, nazı ilə oynadıqları şagirdlərindən imtahan götürməkdə etibar etmirik? Onları ki, yadplanetlilər deyil, özümüz bu vəzifələrə təyin edib, iş vermişik. Etibar edib, etimad göstərməyəcəkdiksə, onda onlari işə götürəndə hansı meyarları əsas götürmüşdük? Əgər bütün bu səlahiyyətləri özümüz mənimsəyib, digərlərinin hüquq və vəzifələrinə barmaqarası baxacaqdıqsa, 10-dan artıq şəhər, 60-dan artıq rayon təhsil idarə və şöbələrinin müdirlərinə və onların çoxsaylı aparatına nə ehtiyac var idi?

Heç bir səlahiyətə malik olmayan, formal vəzifə daşıyıcısı olan təhsil şöbə müdirinin məktəb direktorunun, məktəbə laborant götürməkdə belə problem yaşayan məktəb direktorunun müəlliminin, öz ailə və məişət qayğıları ilə baş-başa qalan müəllimin şagirdinin yanında hansı hörmət və nüfuzundan söhbət gedə bilər?

Yerli şəhər, rayon, məktəb şuralarının fəaliyyətini dondurub, professor Əjdər Ağayevin sədri olduğu Respublika Təhsil Şurasını gözmuncuğu kimi təhsil ictimaiyyətinə təqdim edirik. Şəxsiyyətinə böyük hörmət bəslədiyim tanınmış pedaqoqumuz görəsən yerli orqanları olmayan hansı quruma rəhbərlik edir? Bəlkə bu barədə də düşünək?

Məktəb direktoru, onun müavinlərinin hər hansı bir müsabiqə olsun və ya imtahan vasitəsi ilə, kurs və təlim keçmək yolu ilə müəyyənləşməsi heç bir reallığa və adi məntiqə söykənə bilməz. Məktəb rəhbərlərinı məktəb mühiti yetişdirməlidir, kollektiv formalaşdırmalı, öz liderini müəyyənləşdirməlidir, ona etimad göstərməlidir, ona etibar etməlidir, onunla qayğılarını bölüşməlidir. Məktəb direktoru kimi mühüm bir postda bir gün belə işləməyənlərin müsabiqə keçirməsi, imtahan götürməsi absurddan başqa bir şey deyil. İnsan qanı yad mikroorqanizmləri qəbul etməyib reaksiya verdiyi kimi, kollektivə yad olan gəlmə kadrların aqibətinin də nə ilə nəticələndiyinin dəfələrlə şahidi olmuşuq və təəsüf ki, hələ də bir nəticə çıxarmamışıq.

Dərslikləri, məktəbli kitabçalarını, iş dəftərlərini bir para işbazların biznes maraqlarına qurban verərək, kommersiya məzmunlu reklamlarla doldururuq, bir müddət sonra isə ictimai qınaq və sərt təpkilərlə üzləşib, “səhvimizi” başa düşür, bunların çıxarılması qərarına gəlirik.

Aralıq imtahanlarını ləğv edib, rüblük qiymətləndirmənı yarımillik qiymətləndirmə ilə əvəzləyirik. Şagirdləri imtahan məsuliyyətindən arxayınlaşdırıb, birdən-birə buraxılış imtahanlarına 8 fənn salırıq, sonra isə 8 fənni birdən birə endirib, iki fənnlə kifayətlənirik. Yenidən xarici dili də əlavə etməklə, 3 fənnə keçid etmək fikrinə düşmüşük. Xarici dil keçməyənlər kimyadan imtahan verəcək. Niyə məhz kimyadan? Necə deyərlər, açması TQDK-dan.

Birdən-birə kütləvi şəkildə test sisteminə keçirik, açıq və qapalı test üsulu tətbiq edirik. Uzun illər şagird və tələbələri testə alışdırıb, qəfildən tədris ilinin ortasında yazılı sessiya imtahanı keçirərək tələbələrə əlavə problem yaşadırıq, narahatçılığa və narazılıqlara şərait yaradırıq.

Müəlimin illərdən bəri stabilləşmiş 18 saatlıq dərs yükünə məhdudiyyəti aradan qaldırıb, norma həddini aşırıq, bir müddət keçdikdən sonra bunu 12 saata endirib, maksimal dərs yükünü 24, sonra 36 dərs saatı həcmində müəyyənləşdiririk. İndi də yenidən stavkanı 18-ə qaldırıb, dərs bölgüsünün optimallaşdırılmasını direktorların üzərinə yıxmışıq. Digər dəyişikliklərimiz də o cümlədən. Hansı birini deyək? Bir sözlə, özümüz bir yana, milləti çaş-baş salmışıq.

İslahat görüntüsü yaratmaq kimi bir məqsədə xidmət edən direktor və direktor müavinləri müsabiqələri, müəllimlərin sonradan diaqnostika adlandırılan sınaq imtahanları, icrası təxirə salınan regional təhsil şöbələri və s. bu kimi dərindən düşünülməyən, ciddi təhlillərə, təcrübəyə əsaslanmayan və mövcud reallığı əks etdirməyən bu kimi dəyişikliklər təhsilimizə heç də baş ucalığı gətirmir və şübhəsiz ki, birmənalı da qarşılana bilməz.

Bir də qraf Lev Tolstoyun sərrast deyilmiş bir kəlamı bu məqamda təəssüf doğurmaya bilməz: “Şagirdlər müəllimlərinin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar”.

Nə yazıq ki, kiçik şagirdlərimizdən fərqli olaraq, “boyük müəllimlərimiz” belə səhvləri tez unudurlar. Unutqanlıq isə alışqanığa yol açır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar