"8000 manata imza etdirib, 6000 verəcəyini bildirdi"- "AccessBank"dan ŞİKAYƏT

Ucar rayonu Firdovsi küçəsi ev 21-də yaşayan sahibkar Həsənov Hüseyn Həsən oğlu tərəfindən "AzPolitika.info"ya şikayət məktubu daxil olub. Məktubda H.Həsənov "AccessBank"ın Ucar filialının kredit şöbəsinin müdiri Sərvan Əkbərova qarşı bir sıra ciddi ittihamlar irəli sürür. H.Həsənovun iddiasına görə, Sərvan Əkbərov ona verəcəyi kreditin 25 faizini əvvəlcədən "şapka" kimi götürəcəyini bildirib: "Mən buna razı olmadığım üçün qanunsuz olaraq kredit verməkdən imtina etdi və bununla əsaslandırdı ki, sənin 2012-ci ildə başqa bankdan götürdüyün kreditin 8 gün ödəniş gecikməsi olmuşdur.

Məktubda bildirilir: "Mən rayonda mobil telefonların kredit satışı ilə məşğul olan sahibkaram. 8000 manat kredit götürmək üçün AccessBanka müraciət etdim. Buna görə bankın kredit şöbəsinin müdiri Sərvan Əkbərov mənim aylıq gəlirimi araşdırdı, kredit telefon satışına dair müqavilələrimi yoxladı, satdığım kredit telefonların alıcılarına zəng edib doğruluğunu bütünlüklə öyrəndi. Rayonda olan kirayə verdiyim iki evimin kirayəçilərini ətraflı yoxladılar, yaşadığım evə və sahibkarlıqla məşğul olduğum mağazaya gedib baxış keçirdilər. Bütün göstəricilərin kredit götürməyə tam cavab verdiyi müəyyən edildi. Ancaq məndən 8000 manat kreditə imza etdirib, 6000 manat pul verəcəyini bildirdikdə, buna etiraz etdim. Bunun üçün də mənə kredit verməkdən imtina etdi. Bəhanə kimi isə 2012-ci il tarixdə 8 gün kredit ödənişi gecikmənin olmasını göstərdilər. Bildirirəm ki, mən 9 ildir ki, müxtəlif banklardan dəfələrlə kreditlər götürmüşəm, vaxtlı- vaxtında ödəniş etmişəm . Heç bir bankla problemim olmamışdır. Başqa banklardan götürdüyüm kreditin 8 gün gecikməsinin səbəbi isə atamın vəfatı ilə əlaqədar dəfn, yas mərasimlərinə başımızın qarışması olmuşdur. Sual olunur: əgər bu kredit götürməyimə problem yaradırdısa, nə üçün Sərvan Əkbərov bu boyda araşdırma aparırdı, mənim kredit telefon alıcılarımla telefon əlaqəsi yaradırdı, kirayə verdiyim evlərə gedib kirayəşinlərlə söhbət edirdi, sahibkarlıqla məşğul olduğum mağazaya baxırdı və alver sənədlərimi, kredit telefon satışı müqavilələrini araşdırırdı. Hətta yaşadığım evə baxış keçirirdi?

Bir daha bildirirəm ki, rayon sakinləri tanıyıram ki, kredit ödənişlərində 2-3 ay gecikmələr olsa da, onlara "AccessBank" yenidən kredit verməkdən imtina etməmişdir. Sərvan Əkbərova dediyi kimi, götürəcəyim kredit puldan 2000 manat verməyə razı olmadığım üçün mənə kredit verməkdən tam qanunsuz olaraq imtina etdilər. Mən "AccessBank"ın əməkdaşı Sərvan Əkbərovun qanunsuz əməli barədə bütün aidiyyatı orqanlara şikayətlər etmişəm. Əminəm ki, bu qanunsuzluq faktını müvafiq orqanlar obyektiv araşdırıb, Sərvan Əkbərovun barəsində qanunu tədbirlər görəcəklər.

Həmçinin "AccessBank"ın İdarə Heyətinə şikayəti həm "Azərpoçt"la, həm də elektron poçtla göndərmişəm. Sahibkarlığın inkişafına maneə olan belə şəxslər mütləq cəzalandırılmalıdırlar".

Məktubda qeyd olunanlarla bağlı "AccessBank"ın Ucar filialının kredit şöbəsinin müdiri Sərvan Əkbərovun, eləcə də bankın rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar