Baş redaktor Zakir Qaralova müraciət etdi

"Düşünürəm ki, bircə cümləlik ittihamım ölkənin baş prokurorunda məsələnin mahiyyəti barədə dolğun fikir yaradacaq"

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə baş prokuror Zakir Qaralova açıq məktub yazıb. Məktubda deyilir:

"Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova

Hörmətli Zakir müəllim!

Çox götür-qoydan sonra tərəddüdlər içərisində bu məktubu yazıram. Əlimdə olan tribunadan sui-istifadə edərək üzləşdiyim problemi ictimailəşdirdiyimə görə qınayanların tapılacağı məni bu günə qədər susmağa məcbur edib. Eyni zamanda içimdə olan senzor da milli adət-ənənələrimizdən gələn “ayıbdır” çağırışına səs verərək mənə səbrlə baş verənlərin nə ilə nəticələnəcəyini gözləməyə sövq edib. Amma daha susmağın qızıl yox, hətta zavallılıq olduğu qənaəti ayıba da yer qoymadığından çox böyük təəssüf və ürək yanğısıyla bu sətirləri yazıram. Üstəlik, təsadüfdən prezident İlham Əliyev cəmisi bir neçə saat qabaq Heydər Əliyev Mərkəzindəki tədbirdə məmurlara xitabən xeyli sərt fikirlər söylədi və bəlkə də bu yazını yazmağıma stimul məhz həmin çıxış oldu.

Hörmətli Zakir müəllim!

Şəxsən mən Azərbaycan prezidentinin korrupsiyaya qarşı mübarizədə səmimi olduğu qənaətindəyəm və düşünürəm ki, o da artıq bu bəlanın bir xərçəng kimi dövlətçiliyimizin inkişafına sarsıdıcı zərbə vurduğunu görərək onun heç olmasa lokallaşdırılmasına və obrazlı desək, əndazəni aşmamasına çalışır. Sizlər də prezidentin komandasının üzvləri olaraq hər biriniz bu mübarizəyə öz töhfənizi verməyə çalışmalısınız və çalışmadığınızı da iddia etmək fikrində deyiləm.

Mətləbə keçərək bildirmək istəyirəm ki, Moderator.az saytının təsisçisi və baş redaktoru olsam da hər zaman mənə üz tutan şikayətçinin probleminin mətbuat səhifəsinə çıxarılmadan çözülməsi istiqamətində addımlar atılmasının tərəfdarı olmuşam və ölkənin yazılmamış oyun qaydalarını bildiyimdən saytın tiraj qazanması və populyarlaşmasının deyil, məmuru səsə-küyə salmadan, onu daha yuxarı instansiya qarşısında gözükölgəli etməmək naminə vətəndaşın dərdinə əncam çəkilməsini istəmişəm. Yalnız məmurların “burda mənəm, Bağdadda kor xəlifə” məntiqiylə davrandığına əmin olduqdan sonra qələmə əl atmışam. Tale elə gətirib ki, özüm indi problemi kor xəlifənin insafına qalan biçarə şikayətçi aqibətindəyəm. Belə ki, etibarnamə ilə nümayəndəsi olduğum və az qala bir ilə yaxın müddətdə rəsmi ərizə ilə prokurorluq orqanlarına müraciət etdiyimə baxmayaraq bu günədək nəinki ərizədə qeyd olunanlarla bağlı araşdırılma aparılmayıb, hətta məni çağırıb soruşan olmayıb ki, kimsən, nəçisən, bu ərizəni sən yazmısan, ya yox. Mən daha burda vətəndaşın müraciətlərinin cavablandırılması barədə qanunvericiliyin tələblərini sadalayıb vaxtınızı almağı artıq hesab edirəm. Düşünürəm ki, bircə cümləlik ittihamım ölkənin baş prokurorunda məsələnin mahiyyəti barədə dolğun fikir yaradacaq. Elə ona görə də mən qəsdən təfərrüatlara varmıram və düşünürəm ki, əgər rəsmi ərizələrimin qara bəxti açılsa, o zaman Baş Prokurorluqdan kimsə məni arayıb dinləmək istəyəcək. O zaman məmnuniyyətlə ərizələrimdə qeyd etdiyim məqamlarla bağlı sorğu-sualda iştirak edəcəm, qarşı tərəfin özü və ya nümayəndəsi ilə problemin çözümü istiqamətində lazımi addımları atacam.

Hörmətli Zakir müəllim!

Mən Sizin səmimiyyətinizə inanıram və ümid edirəm ki, təkcə mənim deyil, prokurorluq orqanlarına üz tutan bütün şikayətçilərin heç olmasa dinlənilməsi istiqamətində ölkənin bütün prokurorluq orqanlarına ciddi tapşırıqlar verəcəksiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar