ABŞ-da hakim Teymur Hüseynlinin qatilinə 68 il həbs verdi: “Sən qorxaqsan”

ABŞ-ın Çikaqo şəhərində hakim Azərbaycan vətəndaşını qaçıran və qətlə yetirən şəxsə hökm çıxarıb.

Virtualaz.org saytı xəbər verir ki, ştatın Darien şəhərinin sakini olan 36 yaşlı Cozef Spitalli Azərbaycan vətəndaşı, 31 yaşlı miqrant Teymur Hüseynlini xüsusi amansızlıqla qətlə yetirdiyi üçün 68 il həbs cəzası alıb (saytımız bir müddət əvvəl Amerika mediasına istinadən bu cinayət işi barədə yazmışdı). Qətl 2012-ci il, noyabrın 16-da Çikaqo ətrafında, "DuPage County"də törədilib.

T.Hüseynli Cozef Spitallinin keçmiş rəfiqəsi ilə internetdə tanış olub və onunla görüşməyə başlayıb. Cozef Spitalli 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini həmin litvalı qadının evindən oğurlayıb, daha sonra mətbəx bıçağı ilə onun boğazını kəsərək qətlə yetirib.

Məhkəmə prosesində şahid qismində dindirilən Kristina Baltrimaviciene adlı həmin qadın deyib ki, Cozef Spitalli onun keçmiş boyfrendi olub. Qadın ifadəsində qətlin C.Spitalli tərəfindən törədildiyini, qurbanın isti qanının onun üzünə necə sıçradığını hələ də unuda bilmədiyini deyib.

Kristinanın bildirdiyinə görə, o, Spitalli ilə 2011-ci ildə online tanışlıq saytlarının birində tanış olub. Bu tanışlıq dostluğa çevrilib. Spitalli və qızı Kristina və oğluna qonaq gəliblər. Lakin 30 yaşlı qadın deyib ki, onların münasibətləri 2012-ci ildə korlandı.

Təxminən o vaxtlarda Kristina həmin tanışlıq saytında azərbaycanlı Teymur Hüseynli ilə tanış olub. Qətlin baş verdiyi gecə Hüseynli Baltrimavicienenin mənzilinə “şam yeməyinə və birlikdə filmə baxmağa” gedibmiş.

Kristinanın bildirdiyinə görə, Hüseynli ilə ertəsi gün saat 12:30 radələrində evdən öz avtomobili ilə çıxanda Spitalli qonşuluqdakı evdən çıxıb və ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib, bu vaxt Hüseynli ilə Spitalli arasında mübahisə olub. Onlar bir-birlərini itələyiblər.

Spitalli əvvəl uzaqlaşıb, sonra qəfildən geri dönərək Hüseynliyə arxadan hücum edib. Sonra onu zorla öz maşınına oturdaraq valideynlərinin yaşadığı evə aparıb. Kristina 911 xidmətinə zəng edərək kömək istəyib, özü də Spitallinin mənzilinə, azərbaycanlı dostuna köməyə gedib. Mənzilə çatanda görüb ki, Spitalli Hüseynlini qətlə yetirib.

Qadın ifadəsində bildirib ki, Spitalli bu qətldən sonra onu və öz qızını da öldürməklə hədələyib. Məhkəmədə qatilin vəkili onun azərbaycanlını qəsdən öldürmədiyini sübut etməyə çalışsalar da prokurorlar bunun əksini sübut edən dəlillər təqdim ediblər.

Prokuror köməkçisi Kirsten Korol deyib ki, qətlin qəsdən və xüsusi amansızlıqla törədildiyini sübut edən bütün dəlillər var.

“O, bıçaqla silahlanıb, arxadan hücum edib və praktiki olaraq Hüseynlinin boğazını üzüb” - deyə prokuror köməkçisi bildirib.

Dostlarının dediyinə görə, Teymur Hüseynli ABŞ-a 2010-cu ildə təhsil almağa gedib. O, Skokie şəhərindəki məktəbdə ingilis dili və kompüter elmləri üzrə təhsil alırmış. Dostları deyir ki, “Tima” çox xoşxasiyyət, sakit və savadlı gənc idi.

“The Chicago Tribune” bugünkü məqaləsində yazır ki, qatilə hökm çıxarılarkən hakim Daniel Qren məhkəmə araşdırması zamanı istifadə olunan qrafik fotoməlumatları qaldırıb və Azərbaycandan olan miqrantın boğazının necə kəsildiyini göstərib.

“Bu, qısqanclığı, qəzəbi və nifrəti sübut edir” - hakim Spitallinin qətldə tam günahkar olduğunu sübuta yetirərək deyib.

Hakim üzünü qatilə tutaraq deyib ki, Spitalli öz qurbanından boyca azı 4 düym hündür, çəkidə 50 funt ağır olub.

“Siz görkəmcə nəhəng görünürsünüz, ancaq əslində qorxaqsınız” - hakim Daniel Qren qatilə deyib.

Məhkəmə istintaqı zamanı üzə çıxıb ki, Spitalli keçmiş rəfiqəsini aradan götürmək üçün yalandan avtomobil qəzası görüntüsü yaratmaq istəyib, həmçinin azərbaycanlını öldürəndən sonra öz qonşusunu ölümlə hədələyərək ona alibi təşkil etməsini tələb edib.

Dövlət ittihamçısının köməkçisi Keyti DeLaMar məhkəmədə deyib ki, Teymur Hüseynli arxadan bıçaq zərbəsi alandan sonra qaçmağa cəhd edib, ancaq bir neçə addım atandan sonra soyuq torpağa düşüb. Məhkəmə hökmünə əsasən Spitalli xüsusi amansızlıqla qətl törətməyə görə 50 il, adam qaçırmağa görə daha 18 il həbs cəzası alıb. Hökmə əsasən o, qətlə görə 50 il həbs cəzasını bütünlüklə çəkməlidir, adam qaçırmağa görə 18 il həbs cəzasının 85 faizini çəkəndən sonra əfv üçün müraciət edə bilər.

Azərbaycan məhkəmələri ölkədə xüsusi amansızlıqla törədilən qətllərə görə bir çox hallarda həddən artıq yumşaq cəza, məsələn, 14-15 il həbs kəsir. Qatillərin isə bu cəzanın üçdə ikisini çəkib əfvlə azadlığa çıxmaq şansı olur. Ancaq ABŞ məhkəməsinin Azərbaycandan olan mirqrantı öldürən qatilə kəsdiyi bu cəza ibrətamizdir və belə görünür ki, Azərbaycan məhkəmələri ABŞ-da insan həyatına son qoymağa görə bu cür ədalətli cəza kəsən hakimlərdən öyrənsə, pis olmazdı. Bu, ölkədə durmadan artan amansız qətllər fonunda daha da aktual görünür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar