Azərbaycanda dollar bahalaşa bilər

Azərbaycanda manatın məzənnəsinin avro və dollar qarşısında bir qədər aşağı salınması planlaşdırılır.

Hökumətin bununla bağlı planlarını Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı açıqlayıb. Dövlət başçısı Azərbaycan manatının səviyyəsinin güclənməsinə yenidən baxmaq lazım olduğunu bildirib: «Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq».

Dövlət başçısı bildirib ki, vaxtilə pul islahatı aparılarkən 1 manat 1 dollara bərabər idi. Amma ötən dövr ərzində manatın bahalaşaraq 1,3 dollar olub. Nəticədə manatın məzənnəsi 1 avroya bərabər olub. İndi isə manatın avroan da bahalı olması ölkədən ixrac üçün çətinlik yarada bilər: «İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil». Dövlət başçısı bildirib ki, bu vəziyətdə 1 manat 1 avroya bərabər olmalıdır: «Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın».

Dövlət başçısının bu bəyanatı, yəni – 1 manatın 1 avro səviyyəsində saxlanması barədə tapşırığı faktiki olaraq manatın yüngül devalvasiyasının anonsu kimi də başa düşülə bilər. Məsələ bundadır ki, manatın məzənnəsinin avro ilə eyniləşdirilməsi, manatın dollar qarşısında ucuzlaşmasına səbəb olmalıdır. Belə ki, hazırda 1 manat 1,27 dollar, avro isə 1,13 dollardır. Manatın avroya bərabərləşdirilməsi üçün isə manatın dollar qarşısında məzənnəsinin təqribən 10% aşağı salınması deməkdir. Bir sözlə, manatın məzənnəsinin avro ilə eyniləşdirilməsi nəticəsində dolların məzənnəsi indiki 78,5 qəpikdən, təqribən 88 qəpiyə qalxmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar