LAMİYƏ QULİYEVA DANIŞDI: "...uşağımın atası odur" -YENİLƏNİB

“Məhbəsdə analıq amansız taledir”

Həbsxanada ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva ictimaiyyətə müraciət edib. Müraciət barədə azadliq.info-ya Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil əməkdaşımıza bidirib ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyyə Quliyeva dünən ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağı xahiş edib:"Jurnalistlərin, mətbuatin taleyimlə bağlı diqqətinə görə onlara təşəkkürümü bildirirəm. Lakin eyni zamanda mətbuatda və sosial şəbəkələrdə yer alan şayiələr, xüsusən də başıma gələn olayda keşmiş penitensiar xidməti əməkdaşının adının hallanması məni çox narahat edir və üzür. Çünki bu məlumatlar yalandır və şayiələrdir. Xahiş edirəm, bu mövzuda yazanlar nəzərə alsınlar ki, bu hər bir insana məxsus olan şəxsi, həssas məsələdir və analıq hissi ilə bağlıdır. Buna bu cür yanaşmalarını rica edirəm. Mənə qarşı zorakılıq olmayıb, könüllü seçimim olub. Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırilmışdı – red.), ittihamın qarşısını Xətai rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı. Məhkəmənin bu dəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokrorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını ləğv etdi və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apellyasiya məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi.

Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNK test nümunələrini də təqdim etmişəm.

İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleni uşaqla yaşamalıyam. Xahiş edirəm bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.

L.Quliyevanın müraciətində necə ana olması ilə bağlı qeyd etdikləri nə dərəcədə inadırıcıdır? Bu sualla “Yeni Müsavat” qəzeti İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri, L.Quliyevanın məhbəsdə ana olması ilə bağlı ictimaiyyətə ilk məlumat verən Elçin Behbudova müraciət edib. Cavabı belə olub: “Lamiyənin özü ilə görüşmək imkanım olsaydı yaxşı olardı. Özündən soruşardım. Görək, bəlkə imkan yaratdılar, Lamiyə ilə görüşdüm”.

Bakı İstintaq Təcridxanasında qadın məhkumla kişi məhkumun görüşmək imkanının olub-olmaması sualına isə hüquq müdafiəşisi “bunu siz məndən yaxşı bilirsiz, bunun mənim deməyimə nə ehtiyac var” cavabını verib.

Qəzet bu nəsələ ilə bağlı sualla vaxtilə BİT-də saxlanılmış qadın məhkumlardan biri ilə danışıb. Onunla müsahibəni təqdim edirik.

- BİT-də qadın və kişi məhkumların saxlanıldığı kameralar eyni korpusdadır?

- Qadınlar 2-ci korpusun 2-ci mərtəbəsində saxlanılır.

- Həmin korpusun nəzarətçiləri kişilərdir?

- Qadınlardır. Çox nadir hallarda kişi nəzarətçilər olur.

- Həmin kişi nəzarətçilərlə məhkum qadınların təmas imkanları varmı?

- Xeyr. Çünki kişi nəzarətçilərin qadın nəzarətçilərdən fərqli olaraq kameralara girişi qeyri-rəsmi qadağandır.

- Həmin korpusda nəzarət kameraları var?

- Dəhlizdə kameralar var və pultda oturanlar da dəhlizdə baş verənləri görürlər.

- Qadın dustaqlar gəzintiyə çıxarılır?

- Xeyr, qadın dustaqlar gəzintiyə çıxarılmır. Onlar kameranın içindəki gəzinti otağında gəzirlər. Həmin otağı kameradan qapı ayırır.

- Gəzinti otağı kameraya bitişikdir?

- Bəli, səhər 9-dan axşam 6-ya qədər qapısı açıq olur.

- Axşam 6-da qapılar bağlanır?

- Bəli bağlayırlar.

- Mümkündür ki, nəzarətçi qapını bağlamağı unutsun?

- Mümkün deyil.

- Açar kimdə olur?

- Xüsusi bölmənin rəisinə təhvil verilir.

- Bölmə rəisi qadın məhkumu gizli şəkildə kameradan çıxara bilər?

- Xüsusi hallarda olar. Rəis işdədirsə çıxarıb yanına apara bilərlər. Amma gizli şəkildə mümkün deyil.

- Ümumiyyətlə qadın məhkumların axşam 6-dan sonra kameradan çıxarılıb aparılması halları olur?

- Çox nadir hallarda olurdu. Dava-dalaş və ya həkimə ehtiyac olanda.

- “Kormuşka”dan (kameranın qapısında olan və məhkuma nəzarətçinin yemək, su ötürməsi üçün kiçik nəfəslik – E.M) qadın məhkumun dəhlizə çıxması mümkündür?

- Yox, mümkün deyil.

- Bəs oradan kişi məhkum içəri daxil ola bilər?

- Əlbəttə ki, yox.

- Kameradan çıxarılan qadın məhkumun digər korpusda saxlanılan kişi məhkumlarla təması mümkündürmü?

- Mümkün deyil.

- Niyə?

- Çünki 2-ci korpusun 2-ci mərtəbəsində ancaq qadınlar saxlanır, həmin korpusun 2-ci mərtəbəsinin 1-ci mərtəbə ilə heç bir əlaqəsi yoxdur. Həmin mərtəbənin pilləkənləri 1-ci mərtəbəyə düşsə də, xüsusi materialla arakəsmə ilə bölündüyündən orada saxlanılan kimsə görünmür.

- BİT-in ərazisində kişi məhkumla qadın məhkumun görüşü mümkündür?

- Qanun buna icazə vermir. Üstəlik nəzarət kameraları ilə bütün korpuslar, hər yer izlənir.

- Gizli görüşə şərait yaradıla bilərmi?

- Ancaq rəis kimi istəsə öz otağında görüşdürə bilər.

- Bu, uzunmüddətli görüş olur?

- Yox. Bu, mümkün deyil. Çünki sonradan qadın hamilə qalsa bunun məsuliyyəti rəisin üstünə qalar. Yəni rəisin belə bir görüşə icazə verməsi sadəcə ağlasığmazdır. Rəis hansısa marağa görə belə bir addımı atmaz.

- Hamam və ayaqyolunda qadın məhkumla kişi məhkum görüşə bilərdi?

- Mümkün deyil. Çünki BİT-də hamam və ayaqyolu kameraların içindədir.

- Qadın məhkumu təcridxanadan kənara apara bilərlər?

- Xeyr, təcridxananın ərazisindən kənara çıxarıla bilməz. Yalnız vəkili ilə görüşə - inzibati binaya apara bilərlər.

- Görüş otağında qadın məhkum kişi məhkumla görüşə bilər?

- Mümkün deyil. Çünki həmin otaqların olduğu ərazidə nəzarət kameraları var. Qapılarında nəzarətçilərin içərini görməsi üçün ºüºə var. Üstəlik dəhlizdə nəzarətçilər gəzib vəkillə məhkumun görüºünə olaraq nəzarət edirlər.

- Lamiyə Quliyeva deyir ki, o bir məhkumla BİT-də münasibətdə olub və övladının atası odur. Orada belə hal mümkündür?

- Bu inandırıcı deyil. Lamiyə Quliyeva deyir ki, guya o, mətbuatı izləyib və barəsində yazılanları oxuyaraq mətbuata müraciət edib. Bu da inandırıcı görünmür. Orada yoxlama gələndən əvvəl “Azərbaycan” qəzetini gətirib paylayırdılar. “Azərbaycan” qəzetində isə Quantanamodan yazırlar. Digər tərəfdən də qadın məhkumlar arasında belə bir savadlı məhkumlar, cümlə qurmaq qabiliyyəti olanlar demək olar ki, yoxdur. Lamiyə Quliyeva 15-16 yaşından həbsdədir və onun belə bir açıqlama verməsi inandırıcı deyil.

Onun həyatı haqda, Aslan Aslanovun onu həbsdən çıxmasına imkan verməməsi haqda təcridxanada bilməyən yoxdur. Bunu “jenkalon”dan BİT-ə etap olunan bütün qadın məhkumlar danışırdı.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar