Mart ayında növbəti əfv gözlənilir

mehbus-hebsxanaBu ilin mart ayında Novruz Bayramı ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Bu barədə musavat.com-a İnsan Haqları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu məlumat verib.

O, bildirib ki, siyasi məhbusların və vicdan məhbuslarının siyahısını hazırlayaraq, Əfv Komissiyasına göndəriblər: “Biz çox ümid edirik ki, mart ayında əfv olacaq. Lazımi şəxslərin siyahısını təqdim etmişik. Həmin şəxslərin azadlığa çıxacağını gözləyirik”.

Hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Səidə Qocamanlı da əfv sərəncamının imzalanacağına ümidli olduğunu bildirdi: “Ötən il biz İşçi Qrupu çərçivəsində bir çox insanın taleyi ilə bağlı müraciət etmişdik. Onlardan 10 nəfər azadlığa çıxdı. Ancaq onlardan bir qisminin də taleyi hələlik həll olunmayıb. Ümid edirik ki, onlar Novruz Bayramı ərəfəsində əfv olunacaqlar. Biz bu istiqamətdə işimizi davam etdiririk”.

Səidə Qocamanlı qeyd etdi ki, növbəti əfv zamanı da hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla Yunus və Rəsul Cəfərovun azadlığa çıxması gözlənilmir: “Onların istintaqı hələ də davam edir və mart ayına kimi yekunlaşacağı gözlənilmir. Bu səbəbdən də, adıçəkilən hüquq müdafiəçilərinin əfvə düşəcəyini demək çətindir”.

Qeyd edək ki, ötən il Prezident İlham Əliyev 3 dəfə əfv sərəncamı imzalayıb.

26 may 2014-cü il tarixində imzalanan sərəncam azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 171 nəfər şəxsə şamil edilib.

Əfv olunan şəxslər arasında jurnalist Fərəməz Allahverdiyev, AXCP-nin Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev və AXCP-nin keçmiş üzvü Daşqın Məlikov da olub.

Növbəti əfv sərəncamı oktyabrın 18-də imzalanıb və ümumilikdə 84 nəfərə şamil olunub. Bu sərəncamla "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də azadlığa buraxılıblar.

İlin son əfv sərəncamı 29 dekabrda imzalanıb. Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşına və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

Əfv olunan siyasi məhbuslar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar