Avropa Məhkəməsində erməni-türk çəkişməsi: qərar 3 ay sonra açıqlanacaq

Yanvarın 28-də Avropa İnsan Haqları Məhkəməsində Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçekle İsveçrə hökuməti arasında “erməni soyqırımı” məsələsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Avropa İnsan Haqları Məhkəməsinin 17 nəfərlik hakim qrupu İsveçrə hökumətinin vəsatətinin baxılmasına başlayıb.

Yada salaq ki, Doğu Perinçek İsveçrənin qondarma erməni soyqırımını tanıması qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 2013-cü il dekabrın 17-də AİHM Türkiyə siyasətçisinin iddiasını təmin edib. Məhkəmə qərarında göstərilir ki, İsveçrə hökumətinin 1915-ci il olaylarını erməni soyqırımı kimi tanınmasının, eləcə də baş verənləri yəhudilərə qarşı törədilən Holokostla müqayisə edilməsinin heç bir hüquqi əsası yoxdur, ermənilərin haqqında danışdıqları olaylar Birləşmiş Millətlər Təşkilatının soyqırımın təyin edilməsi prinsiplərinə uyğun deyil. Daha sonra İsveçrə qərara yenidən baxılması üçün vəsatət verib. Yanvarın 28-də bu vəsatətlə bağlı tərəflərin çıxışı dinlənib.

Doğu Perinçeki məhkəmədə 3 vəkil təmsil edir. Onlardan biri Fransanın hüquq professoru, vəkil Loran Peçerodur. Loran Peçero Avropa İnsan Haqları Məhkəməsində böyük iş təcrübəsi olan şəxsdir. İkinci vəkil Türkiyədən professor, hüquq elmləri doktoru Süheyl Batum, üçüncü vəkil Mehmet Cengizdir. Hər iki şəxs Türkiyənin konstitusiya hüququ uzmanları içərisində seçkin bir şəxslərdəndir.

Məhkəmədə müdafiə tərəfi 30 dəqiqəlik çıxış hüququndan istifadə edib. 5 dəqiqə isə Doğu Perinçekə ayrılıb. Bundan başqa Türkiyə Xarici İşlər Nazirliyini Almaniyadan olan vəkil təmsil edib. Onun çıxışı 50 dəqiqə davam edib.

Onu da vurğulayaq ki, Türkiyə İşçi Partiyası bu məsələni qərəzli sayır. Partiya rəhbərliyi “Yeni Müsavat”a açıqlamasında bildirib ki, proses beynəlxalq vəkillərin birbaşa nəzarəti altında getdiyi üçün bütün prosedurlar, o sıradan tərəfdarların məhkəmə zalında prosesi izləməsi üçün müraciətlər zamanında edilib. Ancaq hansısa səbəblərdən Avropa İnsan Haqları Məhkəməsi türk yox, erməni diasporlarının iştirak müraciətlərinə müsbət cavab verib.

Məhkəmə keçirilən zaman Avropa İnsan Haqları məhkəməsinin önündə həm türklər, həm də ermənilər aksiya keçirib. Ermənilərin aksiyasında təxminən 20, türklərin aksiyasında isə 5 mindən artıq insan iştirak edib.

D.Perinçek və vəkillərindən başqa Türkiyə tərəfdən prosesə keçmiş Avropa məsələləri üzrə nazir Eğemen Bağış, ana müxalifət Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Dəniz Baykal da qatılıb. Ancaq Türkiyədən prosesi izləmək üçün Strasburqa gələn 220 nəfərlik nümayəndə heyətindən cəmi 7 şəxsə məhkəmə zalına daxil olmaq imkanı verilib. AİHM-dən bildirilib ki, zal doludur. Türkiyə İşçi Partiyasına AİHM-dən göndərilən rəsmi məktubda bildirilir ki, məhkəməni izləmək üçün Avropadakı erməni diasporlarının nümayəndələri daha erkən müraciət edib.

Dinc aksiyada asayişi Strasburq polisi qoruyub. Heç bir insident baş verməyib.

Türkiyə İşçi Partiyasına məxsus Ulusal Kanal aksiyadan canlı reportaj verib. Aksiyada iştirak edən bir çox ictimai-siyasi liderlər proseslə bağlı fikirlərini açıqlayaraq bildiriblər ki, bu proses təkçə bir şəxsin, bir partiyanın deyil, bütünlükdə türk dünyasının mübarizəsinin simvoludur.

Aksiyada Türkiyə bayraqları ilə yanaşı Azərbaycan, Türkmənistan, Almaniya, Fransa bayraqları da dalğalanıb. Avropanın bir çox ölkəsində yaşayan türklər Perinçekə dəstək vermək üçün aksiyaya qatılıblar.

Strasburq aksiyasının təşkilati işlərinə, eləcə də aksiya günü nizam-intizamın təmin olunmasına Strasburqda təhsil alan türk tələbələr ciddi dəstək veriblər.

Doğu Perinçekin vəkillərinin qəzetə açıqlamasına görə, proses uğurla keçib. Tərəflərin öz iddialarını əsaslandırması üçün məhkəmə heyəti normal şərait yaradıb. Yaxın 3 ayda məhkəmənin İsveçrənin vəsatəti ilə bağlı qərar verəcəyi gözlənilir. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar