Maliyyə Nazirliyi 1,3 milyardı necə ixtisar edib?- Nazir zarafat etmirmiş

“Maliyyə Nazirliyinin 2014-cü ilin dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatda xərclərin qanunla təsdiq olunan proqnoza nisbətən 7% (təxminən 1.3 milyard manat) az icra olunmasının hansı sahələr üzrə baş verdiyi artıq məlumdur”. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə yazıb. Ekspert qeyd edib ki, hökumət gözləntilərin əksinə olaraq investisiya xərclərinə toxunmayıb və faktiki 100% icra edib. Hansı xərclər az icra edilib?

“Qanunla təsdiqlənən göstəricilərlə müqayisədə ümumdövlət xidməti xərcləri 573.4 milyon manat (29%), müdafiə xərcləri 121.3 milyon manat (7.5%), hüquq-mühafizə xərcləri 136.7 milyon manat (11%), təhsil xərcləri 98.1 milyon manat (6.0%), səhiyyə xərcləri 60.3 milyon manat (8.3%), sosial müdafiə xərcləri 101.0 milyon manat (5%), kənd təsərrüfatı xərcləri 58.1 milyon manat (11%) ixtisar edilib. Əgər hökumət ayrı-ayrı istiqamətlər üzrə xərcləri birdən-birə 10-15% ixtisar edirsə və iqtisadiyyat, cəmiyyət bu səviyyədə kəskin ixtisarı hiss etmirsə, bunun çox ciddi səbəbləri var:

1) Xərclər cəmiyyətin və iqtisadiyyatın ehtiyaclılığını ciddi şəkildə nəzərə alınmadan tərtib olunur. Söhbət nədən gedir? Bir anlıq təsəvvür edin ki, təhsildə çox vacib bir proqramın və ya islahat tədbirinin maliyyələşdirilməsi üçün 98 milyon manat birdən-birə kəsilir. Bu əvvəlcədən əsaslandırılmış və ciddi planlaşdırılmış tədbir (fəaliyyət) olsa idi, bu qədər xərcin ixtisarı hiss edilməzdimi?

2) Xərclər ünvanlı deyil. Məsələn, sosial müdafiə xərcləri bilavasitə konkret ehtiyacı olan insanara, qruplara və proqramlara ünvanlanan xərclərdir. Bu xərclər birdən-birə 100 milyon kəsilir, amma bunun fəsadlarını hiss edən, cəmiyyətə duyuran heç kimsə olmur. Bu, mümkün deyil. Hansısa əsaslandırılmış sosial proqram, ödənilməli olan sosial vəsaitlər təxirə salınsa idi, bu mütləq eşidilməli idi.

Ya da bu iki variantdan heç biri deyil. Sadəcə xərclərin daima artımını təbliğ olunan uğurlu iqtisadi siyasətin tərkib hissəsi kimi cəmiyyətə təqdim edirlər. İl ərzində neftin qiyməti planlaşdırılandan yüksək olanda və izafi gəlirlər əldə edəndə, planlaşdırılan xərcləri mümkün qədər icra edirlər, 2014-dəki kimi sıxıntı ilə üzləşəndə isə xərcləri "qayçılayırlar".

Deyilənə görə, maliyyə naziri Samir Şərifovdan soruşublar ki, neftin qiymətinin düşməsi ilə bağlı büdcə gəlirləri azalsa nə edəçəksiniz, xərcləri neçə maliyyələşdirəcəsiniz? Deyib lazımsız xərcləri ixtisar edəcəyik. Çox unikal cavabdır...Hətta çoxları bunu zaraft kimi qəbul edib.  Ancaq yuxarıda göstərilən fakt sübut edir ki, nazir heç də zarafat etmirmiş.

Maraqlıdlır Maliyyə Nazirliyinin hələ nə qədər belə "lazımsız xərcləri" ixtisar etmək imkanı var?

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar