"ASLANOV AZ QALA YALVARACAQDI Kİ, ONUN ÜZÜNƏ DURSUN" - Bir QƏTLİN tarixçəsi (+IV HİSSƏ)

Vüqar Əliyevin həbsxanada olarkən başına gələnlər barədə yazdıqları (ARDI YAZININ SONUNA ƏLAVƏ OLUNUB)

1422025248_1422006697_rrŞəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətli məsələsi yenidən gündəmə gəlib. Buna səbəb qətldə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinin ictimailəşməsidir. Bu məsələni İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov mətbuata açıqlayıb.

Komitə sədri Lamiyə Quliyevanın həbsxanada təcavüzə məruz qaldığını ehtimal edib və məsələnin araşdırılması üçün Baş Prokurorluğa müraciət ünvanlayıb. Lakin Penitensiar Xidmət məlumat yayıb ki, Lamiyə Quliyeva təcavüzə məruz qalmayıb, o, öz istəyilə ana olub. Lakin bundan sonra subay bir qızın həbsxanada necə ana olması sualı ortaya çıxıb. Penitensiar Xidmət bu məsələyə aydınlıq gətirə bilməyib. Yalnız uşağın atasının kimliyi barədə araşdırma aparıldığı bildirilib.

Sonra Lamiyə Quliyeva vəkili vasitəsilə baş verənlər barədə açıqlama yayıb. O, bildirib ki, Kürdəxanı təcridxanasında istintaq olarkən məhbuslardan biri ilə yaxınlıq edib və uşaq da həmin şəxsdəndir.

Bu məsələdən sonra Aslan Aslanovun oğlunun qətli də mətbuatın gündəminə gəlib. Qeyd edək ki, bu qətl hadisəsinə görə Lamiyə Quliyeva ilə yanaşı onun keçmiş nişanlısı Vüqar Əliyev də həbs olunub. O, ömürlük azadlıqdan məhrum edilib. Vüqar Əliyev bu günlərdə “Azadlıq” qəzeti vasitəsilə mətbuata çağırış edərək Lamiyə Quliyevanın onun nişanlısı kimi təqdim olunmamasını xahiş edib. Vüqar Əliyev artıq ailə qurduğunu və öz ailəsinə cavabdeh olduğunu bildirib.

Vüqar Əliyevin xanımı Aynur Əliyeva isə “Azadlıq”a açıqlamasında Ruslan Aslanovun qətlilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan bəzi detalları açıqlayıb. Bəlli olub ki, Lamiyə Quliyeva hələ 12 yaşında olarkən Ruslan Aslanov tərəfindən təcavüzə məruz qalıb. Və bundan sonra da onunla münasibəti olub. Aynur Əliyevanın sözlərinə görə, Vüqar Əliyev Lamiyə Quliyeva ilə nişanlanarkən bundan xəbərsiz olub. Aynur Əliyeva həmçinin bildirib ki, Lamiyə Quliyeva Ruslanı qətlə yetirərkən bətnində 4 aylıq körpəsi olub. Uşaq Ruslan Aslanovdan imiş. Sonradan Aslan Aslanov uşağı götüzdürüb. Keçmiş icra başçısının məqsədi hadisənin namus üstdə olduğunu ört-basdır etmək imiş.

Vüqar Əliyevə Lamiyə barədə nə deyiblər?

88196Lakin Vüqar Əliyev həbsdə olarkən başına gələnləri bədii üslubda qələmə alıb. Onun əlyazması "Azadlıq" qəzetinin redaksiyasına daxil olub.  Həmin materialın bədii çalarlarını bir kənara qoyaraq,  hadisənin mahiyyəti üzrə hissələri  oxuculara təqdim edirik.

Vüqar Əliyevin yazdıqlarını oxuduqda Aslan Aslanovun iki insanın həyatını necə məhv etdiyi üzə çıxır. Beləliklə, Vüqar Əliyev yazır ki, Lamiyə Quliyeva ilə nişanlandıqdan sonra onun Ruslan Aslanovla münasibətləri barədə eşidib. Bu barədə onunla danışıb, lakin Ruslan “anam-bacım olsun, Lamiyə qeyrətli qızdır” deyərək bu söhbətlərin yalan olduğunu bildirib. Lamiyə özü də deyilənləri təsdiq etməyib. Vüqar Əliyev yazır ki, Lamiyə Quliyeva ilə yaxınlıqdan sonra onun bakirə olmadığını bilib və ondan ayrılmağı qərara alıb. Lamiyə Quliyeva isə təcavüzə məruz qaldığını deyərək başına gələnləri təfərrüatı ilə ona danışıb. Lamiyə əvvəlcə onu aldatmasına aydınlıq gətirib: “Bağışla məni, Vüqar. Səni itirmək istəmirdim, ona görə də bu çirkin əmələ əl atdım. Mən də xoşbəxt olmaq istəyirəm, bu da qismətimə yazılmayıb. Bilirəm getməyə haqqın var, yalvarıram sənə heç olmasa mənə qulaq as, gör məni necə bədbəxt ediblər”.

Lamiyə Quliyeva başına gələnləri danışır

Vüqar Əliyevin yazdıqlarına görə, bundan sonra Lamiyə deyib ki, o, hələ 12 yaşında olarkən Ruslan ona təcavüz edib. Lamiyənin sözlərinə görə, hadisə məktəbdə sinif otağında olarkən baş verib. Lamiyə sinifdə tək imiş. Ruslan sinifə daxil olaraq ona təcavüz edib. Bu məsələdən həm Ruslanın ailəsi, həm də Lamiyənin ailəsi xəbər tutub. Ruslan Aslanovun anası Lamiyə Quliyevanın anasına hədə-qorxu gəlməklə bu məsələnin ört-basdır edilməsinə nail olub. Bütün bunları dinləyən Vüqar bundan sonra onunla ailə qura bilməyəcəyini deyib: “Lamiyə bütün bu olanlardan sonra, səni sevsəm də bizim yolumuz ayrılır. Amma həqiqəti üzə çıxarmaq üçün indi mənə danışdıqlarının hamısını audio kasetə yazıb ver mənə. Görüm bundan sonra Ruslan nə deyəcək!”

Lamiyə onun dediyi kimi də edib. Eyni zamanda Vüqar Əliyevdən xahiş edib ki, dərhal nişanı qaytarmasın: “Vüqar bilirəm bütün bu olanlardan sonra sən nişanı qaytaracaqsan. Buna haqqın da var. Amma səndən çox xahiş edirəm bir az gözlə. Mayın 20-də böyük bacımın ”uşaq gördü"sünə gedəcəyik, heç olmasa onun xoşbəxtliyinə mane olmayım".

Vüqar Əliyev Lamiyənin xahişini yerə salmayacağını deyib və kaseti götürərək Ruslanla görüşməyə gedib. Vüqar Əliyevin sözlərinə görə, Ruslanı “Şəmkir” futbol klubunun Badri Kravavaşvilinin “Mercedes” markalı maşınında görüb. Maşını Ruslan sürürmüş və maşında heç kim yox imiş.

Ruslan Aslanovun yalanı necə üzə çıxır?

Görüş zamanı Vüqarla Ruslan arasında belə bir dialoq olub:

“- Salam, Ruslan! Yenə maşınını vurmusan, yoxsa gözünün qurdunu öldürürsən?

- Düz tapmısan, qaqa, hərdən gözümün qurdunu öldürmək üçün bicodan götürüb sürürəm. Ölürəm də bu maşından ötrü!

- Mənə də gəlmə də! Dədən istəsən sənə nəinki “Mercedes”, təyyarə də alar!

- Orası elədi amma dədəm deyir ki, xarici maşınlardan əl çək. Düşmənimiz çoxdur. “Mercedes”ə tamah salıb sən qarışıq oğurlayarlar. Belə də ki, onsuz da şəhərdə kimin maşınını istədim götürüb sürürəm. Bunlar bir yana de görüm bu halda hara gedirdin?

- Desəm inanmazsan, səni axtarırdım. Səninlə işim var. Mümkünsə sür işıq idarəsinin yanına.

- Təki sənin işin düşsün mənə. Qulluğunda daima varam".

Ruslan maşını işıq idarəsinin yanında saxlayıb, lakin Vüqar məsələni açmayıb. Ondan maşını erməni qəbirstanlığının yanına sürməyi xahiş edib. Orada isə Vüqar birbaşa mətləbə keçib:

“- Yadındadı srağagün səndən Lamiyə haqqında soruşanda mənə dedin ki, anam-bacım olsun. Lamiyə qeyrətli qızdı! Adam da ana-bacı dediyi qızla yaxınlıq edər?

- Yalandır! Yenə mənə böhtan atırlar! Onu kim deyirsə yalan deyir! Bizim aramızı vurmaq istəyir!".

Bundan sonra Vüqar cibindən Lamiyənin səs yazısı olan kaseti çıxararaq maşının maqnitofonuna taxıb. Ruslan Lamiyənin danışdıqlarını eşidən kimi rəngi ağarıb. Vüqar bu zaman ona deyib:

“- Buna nə deyirsən? Bu da yalandır?

- Qaqa, bizi üzləşdir görüm bu kasetdə dediklərini üzbəüz olanda da deyəcək?"

- Mən onsuz da bu söhbətdən sonra nişanı qaytarıram. Artıq Lamiyə ilə məni heç nə birləşdirmir. Hansınızın yalan dediyi artıq mənim üçün maraqlı deyil. Ən əsası mən əmin oldum ki, Lamiyə bakirə deyil. Qalanını özünüz ayırd edin, mənsiz. Neynək, indi ki, hər şey qismən də olsa aydın oldu. Sür gedək evə".

Bununla belə Vüqar Əliyev Lamiyəni Ruslanla üzləşdirib...

(II HİSSƏ)

“May ayının 8-i idi. Adəti üzrə səhər dükana gələn Vüqar malları yerbəyer edib qurtardıqdan sonra dükanın qabağına çıxmışdı. Artıq bir ay idi ki, Lamiyə ilə görüşməyən Vüqar çalışırdı ki, bunu heç kimin yanında biruzə verməsin, heç olmasa may ayının 20-nə kimi. Qərara gəlmişdi ki, 21 mayda nişanı qaytarsın. Dükanın qabağında bu cür fikirlərə qərq olan Vüqar səs gələn tərəfə baxanda Ruslanın maşınını gördü.

- Salam, Vüqar. Yaxşı ki, səni burda tapdım.

- Yenə nə olub? Sözlü adama oxşayırsan.

Vüqar onun dilxor olduğunu hiss etdi.

- Bilirsən, Vüqar, qəbirstanlığın yanında olan söhbətimizdən hələ özümə gəlməmişəm. Bu Lamiyə çox təhlükəli qızdı. Mən ondan qorxuram. Səndən bir qardaş kimi xahiş edirəm, bir gün bizi üzləşdir.

- Nə vaxt desən, mən hazır! İstəyirsən elə indi gedək.

- Qardaş bir saata anamla Gədəbəyə gedirəm. Gəl axşam saat 12-nin yarısında görüşdür bizi.

- Onda gedək, məni Lamiyəgildə düşür, get.

Ruslan eşitmişdi ki, Lamiyə deyib, onu bədbəxt edib boynuna almadığı üçün Ruslanı heç vaxt bağışlamayacaq. Vaxtilə Şəmkirdə Lamiyənin atasına “atoynadan” deyirdilər. Ruslan qorxurdu ki, Lamiyə görüş zamanı ona nə isə edər. Ona görə onunla görüşə Vüqarın da gəlməyini istəyirdi. O çox yaxşı bilirdi ki, bu üzləşmənin Vüqar üçün heç bir əhəmiyyəti yoxdur. O onsuz da nişanı qaytaracağını demişdi. Lamiyənin evinin qabağında Vüqar maşından düşüb Ruslana dedi ki, axşam saat 12-nin yarısında məni dükandan götürərsən.

Lamiyə Vüqarın gəldiyini görüb təşvişə düşdü.

- Salam, Lamiyə, necəsən?

- Əgər gəlişinin məqsədi nişanı dediyim vaxtdan tez qaytarmaqdısa çox pis!

- Mən sözü bir dəfə deyirəm. O barədə narahat olma. Məni bura Ruslan gətirib. O istəyir ki, səninlə onu üzləşdirim. Onun barəsində dediklərini boynuna almır.

- Elə mən də bir aydı fikirləşirəm ki, Ruslanla necə görüşüm. Zənglərimə cavab vermir, ona xəbər göndərsəm də mənimlə danışmaqdan qaçır. Mənim düz olduğumu bu gün sən də görəcəksən.

- Hansınızın düz, hansınızın yalan olduğu məni maraqlandırmır. Artıq olan olub. Ruslan məndən xahiş etdi ki, üzləşmədə mən də olum. Yoxsa söz verdiyim kimi mayın 20-nə kimi səni narahat etməyəcəkdim.

Lamiyə qapıya sarı gedərək Vüqara təşəkkür elədi. Evdəkilərin Vüqarın belə soyuq münasibətini görməyini istəmirdi.

* * *

Artıq bir aya yaxın idi ki, balıncının altında saxladığı xəncərə oxşayan iti bıçaq yadına düşdü. İki ay qabaq o bıçağı Vüqar ona gətirəndə demişdi: “Bu bıçağı saxla. Toyumuzda kəsilən mal-qaranı bu bıçaqla kəsəcəyik, əhd eləmişəm.

İndi isə arxaya baxmadan çıxıb gedən Vüqarın əhdini öz əhdi ilə əvəzləyən Lamiyə hər axşam bıçağı balıncının altına qoymazdan öz əhdini pıçıltı ilə deyir, intiqam hissi ilə köksü od tutub yanırdı.

Saat 12-yə 20 dəqiqə işləmiş Ruslan Vüqarın dükanının qabağında maşını saxladı. Vüqar Ruslanı kefsiz görüb dedi:

- Gözümə birtəhər dəyirsən, istəyirsən görüşü sabaha saxlayaq.

- Bir problem varsa o da Lamiyə ilə üzləşməyimdi. Ən çox qorxduğum bir şey varsa o da qadınların şəridi ki, başıma gəldi. İndi gəl sübut elə ki, kim düzdü.

Lamiyə kimi qızları bədbəxt etməklə rayonda ad çıxaran Ruslanın bu cür danışmağı Vüqara gülünc gəldi.

- Sənə neçə dəfə demişəm ki, mənə bu cür nağılları danışma. Dədənin şotuna kəsdiyin başa nə vaxt sorğu-sual olub ki, indi də bir qızcığazdan qorxasan. Mən hələ də başa düşmürəm ki, bu üzləşmə nəyə lazımdı.

Lamiyəgilə çatanda Ruslan Vüqara dedi: “Sən get Lamiyəni çağır, mən də beşinci küçənin tinində sizi gözləyim”.

Lamiyə qapının ağzına xalası qızını qoymuşdu ki, Vüqar gələndə onu çağırsın. Xalası qızı içəri girdi və Lamiyəyə dedi ki, Vüqar çöldə onu gözləyir.

- Get de ki, indicə gəlirəm.

* * *

Lamiyə qızı yola salandan sonra yastığının altındakı xəncərə oxşar bıçağı götürüb şalvarının belindən içəri salaraq gizlətdi.

07 markalı qara rəngli “Jiquli”nin yanında dayanan Ruslan Vüqarla Lamiyənin gəldiyini görüb siqareti yerə atdı.

Onlar maşına əyləşdilər. Lamiyə Ruslanın arxasında oturdu, bunu görən Vüqar təəccüblə Lamiyədən soruşdu:

- Ruslanla sən üzləşəcəksən amma arxada oturmusan, belə üzləşəcəksən?

- Nə fərqi var əsas odur ki, bir-birimizi eşidək.

Lamiyəni görən kimi üzləşmənin səs-küylü keçəcəyini başa düşən Ruslan maşını şəhərin qırağında sakit bir yer kimi tanınan “SMU-28" deyilən yerə, arxın qırağına sürdü.

- Maşını hara sürürsən, onsuzda çox gecdi - Vüqar dedi.

- Bağışla qardaş, səni də işindən gücündən elədim. Deyirəm bu söhbətə birdəfəlik son qoymaq üçün sakit bir yerə çəkilək. Ona görə də “Morul” arxının qırağına sürürəm.

Ruslan arxaya çönmədən güzgüdən Lamiyəyə baxaraq soruşdu:

- Mənim barəmdə dediklərini sənin özündən eşitmək istəyirəm.

- Görürəm mənim kimi bədbəxt elədiyin qızların içi mən qarışıq say-hesabını bilmirsən. Mən sənin yadına salaram. 7-ci sinifdə oxuyanda əli avtomatlı əsgərlə gəlib mənə tapança ilə hədə-qorxu gələrək məni zorladığın yadına düşür?

- Qaqa, hamısı yalandı! Yüz il bundan qabaq yazılan nağıl kimi danışır. Gör üstündən nə qədər vaxt keçib. Sübut elə! deyərək Vüqarın biganəliyini görüb güzgüdən yenə baxanda bıçağın parıldayan tiyəsini görməklə kürəyində kəskin ağrını hiss etməyi bir oldu. Bu cür cavab alacağını bilən Lamiyə bıçağı hazır tutaraq Ruslan sözünü qurtaran kimi “Mən yalan deyirəm? Bəs bətnimdəki uşaq kimdəndir?” deyərək Ruslanın kürəyinə bıçaq zərbələri endirməyə başladı. Kürəyinə dəyən bıçaq zərbələrindən özünü itirən Ruslan: “Qaqa kömək elə! Qoyma məni öldürsün!” qışqıraraq əlləri əsə-əsə qapını açmağa çalışdı.

Ruslanın qışqırığına arxaya dönən Vüqar Lamiyənin əlindən tutaraq onu söhbətə tutdu. “Sən neylədiyini bilirsən? Sakit ol! Özünə gəl. De görüm hansı uşaqdan söhbət gedir? Niyə mən bunu bilmirəm?” deyərək Lamiyəni sual yağışına tutub başını qatmaqla Ruslanın maşından çıxmağına bir anlıq şərait yaratdı.

- Mən səni sevdiyimə görə bunu səndən gizlətmişdim. Ümid edirdim ki, bir təhər uşağı salaram. İki ay bundan qabaq Almaz xalagildən gələndə yolda tutub hədə-qorxu gələrək yenə də məni zorladı. O gündən hamilə qalmışam.

Cəld maşından düşən Vüqar Ruslanın əlindəki telefonla zəng etdiyini gördü. Aldığı bıçaq yaralarından zorla ayaq üstə dayanan Ruslan Lamiyəni maşından düşən görüb. “Sənin nəslini yer üzündən sildirəcəm! Anadan olduğun günə lənət oxuyacaqsan” deyərək ona hədə qorxu gəlirdi.

Lamiyə “Eşitdin nə deyir? Yox bu alçağı sağ qoymaq olmaz” deyib Ruslana tərəf qaçdı. Və “Öl alçaq! Bu da bətnimdəki günahsız körpəyə görə” deyərək arxası üstə uzanmış Ruslana ardı-arası kəsilməyən bıçaq zərbələri endirdi. Vüqar şokdan heç cür ayıla bilmirdi...."

(III HİSSƏ)

aaaa“Lamiyə zərbənin gücündən Ruslanın sinəsini deşib torpağa sancılan bıçağı çıxarda bilmədiyinə görə dedi:

- Vüqar, kömək elə bıçağı çıxardım

- Sən fikirləşirsən nə deyirsən? Məni bu işə qatma! Mən o bıçağa əlimi vura bilmərəm.

Nevroloji dispanserdə qeydiyyatda olan Vüqar 14 yaşından kəllə-beyin travması aldığına görə bu günə kimi mütəmadi olaraq müalicə alırdı.

Lamiyənin törətdiyi əməl, gördüyü qan onda xəstəliyin simptomlarını oyatmışdı. Vüqar Lamiyənin səsinə geri döndü:

- Heç olmasa kömək elə meyiti maşına aparaq, gücüm çatmır. Bıçağı çıxardanda əlimi bərk kəsmişəm.

Ruslanın yerə düşən telefonuna durmadan zənglər gəlirdi. Vüqar telefonun səsindən bezib batareyasını çıxararaq kənara atdı. Vüqar Ruslanın ölüb-ölmədiyini öyrənmək, hər hansı bir kömək edə bilmək üçün Ruslana yaxşınlaşdı. Ruslanın başını qaldırdı.

- Artıq gecdir. Cəhənnəmə vasil elədim alçağı! Ona heç cür kömək edə bilməzsən. Amma maşın çox uzaqdadı. Onu ora apara bilmərik. Gəl sürüyüb arxa ataq.

- Bununla sən nə qazanmaq istəyirsən? Onsuz da bu işin üstü açılacaq, o qədər iz buraxmısan ki!

- Kimi tapaqcaqlar, məni? Ruslanın nə qədər bədbəxt elədiyi qızlar varsa, iki o qədər də düşməni var. Axtarsınlar görüm kimdən şübhələnəcəklər? Yola baxanda arx daha yaxındır.

Vüqar razılıq əlaməti olaraq Ruslanın ayağından tutdu. Lamiyəyə baxıb dedi:

- Gəl o biri ayağından da sən tut. Bəlkə belə sürüyüb arxa kimi apardıq.

Ruslanı arxa atandan sonra çıxıb getmək istəyirdilər ki, Lamiyə ayaqqabılarını maşında unutduğunu xatırladı. Maşına tərəf getdi və geri qayıdıb dedi ki, ayaqqabılarını tapa bilmir.

- Gəl səni evə aparım, mənə bir köynək ver geyinim. Köynəyim qan içindədi, belə evə gedə bilmərəm - deyərək Vüqar cib dəsmalı ilə yaralı əlini bağladı.

- Əlinə nə olub?

- Maşında o qədər hirsli idin ki, səni saxlamaq istəyəndə məni də yaraladın.

Lamiyə pərt oldu, bir an duruxdu daha sonra soruşdu:

- Deyərik ki, yolda bir-iki sərxoş bizə sataşdı. Biz də dalaşmağa məcbur olduq.

Oğlundan xəbər çıxmadığını görən Aslan Aslanov əsgərləri çağırıb oğlunun maşını tapılan arxın qırağına getdi.

Öz bölgəsində “diktator” rejimi yaradan Aslanovun qorxusundan “Morul” arxının ətrafı maşınlarla dolmuşdu. Kimisi qorxusundan, kimisi də yaltaqlanmaq üçün yarıyuxulu “kreslo” sahibləri “qubernator”un oğlunu axtarmağa çıxmışdılar.

Aslanov maşından düşən kimi arxın qırağında dairə vurub nəyəsə baxan adamları görən kimi ürəyi sancdı.

Aslanovun birinci müavini məruzə etdi ki, Ruslanın maşınına baxış keçirilib. Maşında qadın ayaqqabıları tapılıb.

Bu sözü eşidən Aslanov inildədi:

- Bu ləçər qisasını aldı. İndi növbə mənimdir. Tez olun Vüqarı gətirin idarəyə! Mən orda olacam.

Rayon prokuroru Ruslanın maşınını tapan Asimlə Vüsalın ifadələrini almışdı. Maşına baxış keçirmiş və bu qənaətə gəlmişdi ki, Ruslanı maşının arxa tərəfindən oturan bir qadın bıçaqlayıb.

İlkin baxış zamanı cəsəddə aşkar olunmuş 18 bıçaq yarasının 12-si Ruslan sükan arxasında olan zaman kürəyindən vurulmuşdu.

* * *

Aslanov əsəbindən nə edəcəyini bilmirdi. Vüqarı güllələmək keçirdi ağlından. Fikirləşidi ki, onu öldürər və məsələni belə ört basdır edərdilər ki, guya Vüqar Ruslanı, Ruslan da Vüqarı öldürüb. Evə dəyib Icra Aparatına gedən Aslanov yolda Vüqarı və atası Ibrahimi gördü. Vüqarın üstünə gedib dedi:

- Sən mənim oğlumu necə güllələmisən?

- Mən heç kimi güllələməmişəm.

Aslanov əsəbləşib əlini cibindəki silahına atdı. Elə o an da qardaşı Elsevər gəlib onu dayandırdı.

Səhərə kimi bir otaqda qalan Vüqarı nəhayət ki, MTN-də olan ən iri kameralardan birinə, 2 nömrəli kameraya saldılar. Bu kameranın üstünlüyü o idi ki, pəncərəsi çölə baxırdı və ordan qaçmaq olardı.

Aslanovun qurbanına çevrilməmək üçün yeganə çıxış yolunu burdan qaçmaqda görən Vüqar vaxt itirmədən yemək qaşığı ilə pəncərədən divarın aşağı hissəsini qaşımağa başladı.

Vüqar hiss eləmişdi ki, Aslanov Ruslanın ölümünü onun üstünə yıxacaq. Elə buna görə də mütləq qaçmalı idi. Vüqar fikirləşdi ki, görəsən Lamiyəni də tutublar? Axı, bıçaq onda idi. O, heç əlini də vurmayıb bıçağa.

“Kubik”ləri yerindən oynatmağı bacarsa da, Vüqarı o kameradan çıxarıb üç dəfə balaca kameraya apardılar.

Aslanov oğlunun öldürülməsi ilə bağlı Prezident Aparatını, Baş prokurorluğu və Daxili Işlər Nazirliyini ayağa qaldırmışdı.

Səhər Aslanov öz otağına gəlib Tariyeli çağırdı:

- Baş verən hadisəni bütün xırdalıqları ilə bilməliyəm ki, hadisəyə uyğun elə “versiya” irəli sürək ki, inandırıcı olsun. Mən yol verə bilmərəm ki, oğlumun adı ləkələnsin.

- Ekspertdən aldığım məlumata görə Ruslana 18 bıçaq zərbəsi vurulub.

- Deməli vəhşicəsinə - deyərək yumruğunu stola vuran Aslanov hirsini müavini Tariyelin üstünə tökdü.

- Nə durmusan müqəvva kimi ayaq üstə! Gəl otur! Mən onlara göstərərəm vəhşilik necə olur! Kimdi o vəhşi?! Yoxsa hələ tapmayıblar?

- Maşının arxa oturacağının altında bir cüt qadın ayaqqabısı tapılıb. Şəhərdə reyd aparmışıq. Şübhəli şəxs kimi 60-a yaxın qızı sorğu-sual eləmişik. Kifayətin qızı Lamiyə boynuna aldı ki, Ruslan onun namusuna toxunduğu üçün ondan qisas alıb.

- Mən ona yedizdirərəm namusunu! Bunu hələ sübut eləmək lazımdı!

- Əgər onun dediklərinə inansaq danılmaz sübut onun qarnındadı. Sizin qardaşınız Elsevərin dediyinə görə Lamiyə Ruslandan iki aylıq hamilədi.

- Elsevər sabah onu aparar doğum evinə, əgər hamilədirsə o ləçərin içini qaşıyarıq.

* * *

Vüqar kamerada saxlanılırdı. Lamiyənin ona elədiyi hərəkətdən çox əsəbi idi. Lamiyədən ifadə almışdılar və bu ifadəni videoya çəkib Vüqara göstərmişdilər. Onun video kamera qarşısında gözlərinin altındakı qaralmış şişləri göstərərək deyirdi: “Məni Vüqar döyüb, bu hala salıb! O məni məcbur edib ki, Ruslanı öldürüm!”

Lamiyə nəinki onu şərləyirdi həm də deyirdi ki, hər ikimizin ailəsi əvvəlcədən bilirdi ki, Ruslanı öldürəcəyəm.

Vüqarla Lamiyənin üzləşməsindşən Aslanov razı qalmışdı. Elsevər Lamiyəni xəstəxanaya aparıb uşağı götürtmüşdü.

Aslanovun tapşırığı ilə Lamiyənin dayısı oğlu Fariz həbs olunmuşdu. Lamiyənin zorlanmasını onun üstünə atıb, azyaşlı ilə cinsi əlaqəyə girdiyi üçün üç-beş il iş vermək, beləliklə bu məsələni Ruslanın üstündən götürmək istəyirdilər.

- Biz mətbuatı inandırmalıyıq ki, Lamiyəni mənim oğlum yox öz xalası oğlu zorlayıb. O ki, qaldı oğlumun ölümü kimə sərf edirdi, indi Vüqarı gətirərlər onun boynuna qoyarıq - deyə Aslanov Vüqarın gətirilməyini əmr etdi.

Vüqar Aslanovun otağına girəndə Ramiz Rzayev (hazırda Ali Məhkəmənin sədridir-red) ona tərəf getdi:

- Sən elə cəsarətlisən ki, bu boyda rayonun ağasına sataşırsan?! Belə cəsarətli idin özün öldürəydin də, qıza niyə öldürtdürdün!

- Hamısı yalandır! Qızı döyə-döyə məcbur eləmisiniz ki, mənə şər atsın. Mən nəinki Ruslana, heç Lamiyəyə də əl vurmamışam!

- Kəs səsini - deyərək Rzayev stolun üstündən kitab götürüb onun üzünə vurdu.

Aslanov araya girib dedi:

- Siz əziyyət çəkməyin, Ramiz müəllim. Onunla mən özüm danışacam. Elə danışacam ki, o ləçər kimi olmayanları da boynuna alsın. Mən sənə pislik eləmək istəmirəm. Özün nəyə qadir olduğumu yəqin ki, bilirsən. Bu dəqiqə fəhlələr dükanın qabağında gözləyirlər. Bir zəngimlə dükanınızı yerlə-yeksan elətdirə bilərəm. Sən təki de ki, oğlumu öldürməyi sənə Saşa sifariş eləyib. Konyak zavodunun müdiri. Elə o Saşa Lamiyənin ən yaxın qohumudu. Sən bunu de səni rahat buraxım.

- Havayı yerə əziyyət çəkməyin! Mənim kimi şərin nə olduğunu heç kim bilməz!

- Sən məni deyəsən başa düşmədin! - deyə telefonu çıxarıb zəng edən Aslanov fəhlələrə əmr etdi ki, Vüqargilin dükanını buldozerin altına versin. İndi başa düşdün? Bu hələ başlanğıcdı. Sənin ananı, atanı, hətta xalalarını da “dama” basdıracam. Hələ qardaşın Elnuru demirəm! Maşında onun da barmaq izlərini tapıblar.

- İstəyirsən bütün nəslimi “dama” basdır. Mən heç kimi şərləyən deyiləm! Bu, Vüqarın dediyi sonuncu söz idi".

 

(IV HİSSƏ)

“Vüqarın üzünə ilk zərbəni endirən Aslanovdan sonra ac qurdlar kimi kabinetdə olanların hamısı onun üstünə tökülərək kimisi yumruq, kimisi də təpiklə onu vurmağa başladı. Qolları arxadan qandalla bağlı olduğuna görə müqavimət göstərə bilmirdi. Yerə yıxılmış vəziyyətdə, aldığı hər zərbəyə özünün vicdanı qarşısında cavab olaraq pıçıldayırdı: ”Heç vaxt! Ölsəm belə vicdanımla öləcəm!" Vüqar aldığı zərbələrdən huşunu itirdi.

Başına dəyən ağır zərbədən özünə gələn Vüqar tövşüyən adamları görcək hər şeyi xatırladı:

- Kərimov! Apar onu! Biz də bir az dincəlib çörək yeyək. Üç saatdan sonra gətirərsən - deyən Aslanov ayağa qalxan Vüqara yaxınlaşaraq dedi:

- Səni bu cür o vaxta kimi döyəcəyik ki, axırda özün yalvaracaqsan ki, nə istəyirsiz deyim!

- Heç vaxt! Mən sözü bir dəfə deyirəm!

- Buna hələ baxarıq!

Vüqarın psixoloji vəziyyəti anormal olduğu üçün ona ömürlük həbs cəzası verə bilməyəcəklərini başa düşmüşdülər.

Müstəntiq Kamal dedi:

- Qanuna görə onu həbs edə bilmərik. Hərbi biletində yazılıb ki, psixoloji vəziyyəti anormaldır, kəllə-beyin travması alıb.

Aslanov hirsləndi:

- Bu rayonda qanun mənəm! Mən nə dedim o da olmalıdır. Vüqarın hərbi biletini cır tulla. Hərbi komissarla mən özüm danışaram. Elə bir hərbi bilet ona verilməyib.

Aslanov Vüqarın onun istədiyi ifadəni verməyəcəyini başa düşüb əmr etdi ki, Vüqarın atası İbrahim kişini sifarişçi kimi qələmə verib üçünə də cinayət işi açılsın.

- Mən birinci müavinim Tariyelə tapşıracam ki, idarədəki bütün işçilərdən ifadə alsın ki, İbrahim kimi dəfələrlə gəlib məni öldürməklə hədələyib. Torpaq sahəsi almaq istəyirdi. Ona torpaq sahəsi vermədiyimə görə oğlumu öldürtdürüb.

Aslan Aslanov Vüqarın atasını, anasını, qardaşını, xalalarını həbsə atdırdı amma qəzəbi soyumamışdı. Vüqarın qardaşının həyat yoldşını, hamilə olmasına baxmayaraq həbs etdirmək əmri verəndə prokurorluq işçiləri ilk dəfə cəsarət edib Aslanovun əmrinə tabe olmadılar.

Aslanov bir ay idi ki, Vüqarı sındıra bilməmişdi. Bir ay durmadan ona işgəncələr versələr də, o heç kimi şərləməyə razı olmurdu.

Vüqarı Aslanovun otağına gətirdilər. Döyülməkdən tanınmaz hala düşmüşdü amma sözündən dönmürdü.

Aslanov az qala ona yalvaracaqdı ki, Vüqar “bazarkom” Elpərənlə, Konyak zavodunun müdiri Etibarın üzünə dursun.

- Söz verirəm, sən bu ifadəni versən səni də ailəni də bu dəqiqə azad edəcəm.

- Bütün dünyanın malını mənə versələr də mən adam öldürmərəm! O ki qaldı sifarişlə Ruslanı öldürməyə, məni tanıyan heç kim buna inanmaz.

- Axırıncı dəfə deyirəm sənə, əgər mən deyənlə razı olmasan bu saat əmr edəcəm qardaşın arvadını sənin yanındakı kameraya salsınlar.

- İstəyirsən bütün nəslimi dama basdır! Mən heç kimi şərləməyəcəm!

Vüqarın son sözündən hiddətlənən Aslanovun qardaşı Elsevər cəld yerindən tərpənərək əlindəki silahı Vüqarın ağzına diriyərək dedi:

- Sənin bəxtin gətirdi ki, Seyidəli ilə Arif imkan vermədi səni güllələyək. Yoxsa söhbət bu qədər uzanmazdı.

Bundan sonra stolun üstündən götürdüyü limonad butulkasını onun başına çırpdı. Yenidən kabinetdə olan hər kəs Vüqarı döyməyə başladılar. Vüqar huşunu itirmişdi.

Artıq üçüncü ay idi ki, Aslanovun oğlu Ruslanın ölümü ilə əlaqədar yaranmış səs-küy Şəmkir şəhərini Azərbaycanda məşhur etmişdi. Televizorda, radioda hansı kanalı açırdınsa bu işin gedişatı ilə bağlı məlumat verilirdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, Avropa Şurasının nümayəndəsi Andres Qross şəxsən özü bu işə qarışmış, Vüqarın anasının və xalalarının azad olunmasına nail olmuşdu. Avqustun 18-də onların həbs müddəti başa çatırdı.

Aslan Aslanov məhkəmənin qərarından narazı idi. Çünki Vüqar Əliyevə ömürlük həbs cəzası verilsə də atası İbrahim İsmayılova 4 il həbs cəzası verilmişdi.

Bayıl türməsindən Gəncəyə qaytarılan Vüqarı həbsxananın rəis müavini mayor Nizami ilə, kapitan Rövşən adətləri üzrə dəyənəklə qarşıladılar. Yarım saat Vüqarı döydükdən sonra əvvəl saxlanıldığı 19-cu kameraya saldılar. Bu qaydada sentyabr ayının 27-nə kimi müxtəlif bəhanələrlə Vüqarı kameradan çıxarıb döysələr də onu sındıra bilmədilər.

1GHBütün cəhdlərinin boşa çıxdığını görən Aslanov məhkəmənin ilk günündən Vüqarı mətbuatdan uzaq saxlatmaq üçün onu Bayıl türməsinin üçüncü korpusunda yerləşən “tranzit” adlanan 96-cı kameraya saldırdı. 27 sentyabrdan 22 dekabra kimi bu kamerada olan Vüqarı hökm oxunan günü beşinci korpusun 124-cu kamerasına saldılar. Maraqlısı da o idi ki, 1994-cü ildən 1998-ci ilə kimi Lamiyənin atası Sahib bu kamerada saxlanılmışdı. Vüqarı Lamiyənin kamerası ilə üzbəüz kamerada saxlayırdılar.

* * *

Apelyasiya Məhkəməsi 2004-cü ilin fevral ayının 7-də keçirildi. Qanunla açıq məhkəmə keçirilməli olsa da, Aslanovun göstərişi ilə məhkəmə qapalı keçirildi. Məhkəməyə nəinki media nümayəndələri, heç sadə vətəndaşlar da buraxılmadılar.

34VU LAMVüqarla “vida” görüşündə ona söz verdiyi kimi, Lamiyə məhkəmədə bütün həqiqəti dedi. Çəkiliş zamanı verdiyi ifadəsinin Aslanov tərəfindən döyüldüyünə görə qorxusundan verdiyini, indi isə o ifadələrin yalan olduğunu, Ruslanı özü öldürdüyünü, Vüqarın bunda əli olmadığını desə də, onun ifadəsini məhkəmədə nəzərə almadılar.

Bir neçə saat çəkən məhkəmə hökmü dəyişdirmədən saxlayaraq səhəri günü Vüqarı Qobustana gətirdilər.

Apelyasiya hökmünün qərarını fevral ayının sonunda alan Vüqar dərhal kassasiya şikayəti yazsa da, həbsxana rəisi Nəsimi onu göndərməyə qadağa qoydu.

Göndərdiyi şikayətin gecikdiyindən narazı olan Vüqar bunda da Aslanovun əli olduğunu başa düşüb rəisin bütün təzyiqlərinə baxmayaraq ikinci, üçüncü dəfə yazsa da heç bir cavab almadıqda həbsxana rəislərinin ən çox qorxduğu üsula əl ataraq, ağzını tikib aclıq aksiyasına başladı.

Bu qaydada bir neçə dəfə aclıq aksiyası keçirən Vüqarın iradəsindən qorxan həbsxana rəhbərliyi 2004-cü ilin oktyabr ayının 26-da Vüqarın yazdığı növbəti, dördüncü ərizəni qəbul edərək Vüqardan aclıq aksiyasını dayandırmağı istədilər. Amma bu ərizəni də rəis arxivə qoydu. Bütün bunlardan xəbərsiz olan Vüqar səbirsizliklə cavab gözləyirdi.

Cinayət Məcəlləsinin 410-cu maddəsinə əsasən ağır cinayətlə ittiham olunan şəxs 18 ay ərzində kassasiya şikayəti verməlidir. 22 ay gözləsə də Vüqara heç bir cavab gəlmədi. Bu vaxt ərzində həbsxana rəisi müxtəlif üsullara əl ataraq Vüqara təzyiq edirdi.

* * *

İllərlə Vüqar hər yerə müraciət edərək günahsız olduğunu sübut etməyə çalışırdı. Yazdığı ərizələri göndərməkdən ötrü Vüqar günlərlə aclıq edir, işi çətinə düşəndə gəzintiyə gedib orda damarlarını kəsirdi. Ancaq bundan sonra yazılan ərizələri göndərir, ona gələn cavabları da bu qaydada alırdı. Elə bir ay olmurdu ki, kameraların döşəməsi qanlı olmasın.

Həbsxana rəhbərliyi Vüqarın ərizələrini göndərməməkdən ötrü müxtəlif təzyiqlərə əl atırdılar. Onu günlərlə karsda saxlayırdılar. Bütün bunlara baxmayaraq ruhdan düşməyən Vüqar nəhayət ki, ilk uğuruna nail oldu. Hərbi Prokurorluqdan arayış gəlmişdi və bildirilirdi ki, Vüqar Əliyev hərbi xidmətə yararsızdır.

Bu cavab kifayət edirdi ki, Vüqarın işinə yenidən baxılsın, onun üstündən ömürlük həbs cəzasını götürsünlər.

Bu ərizə ilə məhkəməyə müraciət etsə də, yenə eyni cavabları aldı.

Hətta Aslanov irəli gedərək Vüqarın adından prezidentə əfv ərizəsi yazdırmışdı. Guya o cinayətini boynuna alır və əfv olunmağını istəyir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar