Toy üçün qurulan mağarda verilən ehsan

(Olmuş əhvalat)

Əbil HƏSƏNOV

Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu rayona şəhid gətirilməsi mənasına gəlirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün maşını birbaşa rayon hərbi komissarlığına sürdük. Bizi kommissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri mənə özünü itirmiş halda:

- Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik? - dedi.

Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi kommissarı kəndlərin birində şəhidin dəfn mərasimində idi və onu gözləyib məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yox idi. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün bizi yaxınlıqdakı çayxanaya aparıb bir stəkan çay verdilər. Elə bu an komissarlığın həyətində ağlaşma səsi eşidildi. Bir neçə qadın ağlayırdı. Mən dözə bilməyib bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı, axı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi:

- Ay bala, sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz?

Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?.

- Siz kimsiniz, ay ana? Onu sizə kim dedi?

- Mən Azadın anasıyam.

- Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşidib toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik- deyib üzümü gizlətməyə çalışdım. Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib gözlərinin yaşını silə-silə:

-"Bəs, niyə durmusunuz, gəlin gedək. Toyun başlamasına az qalıb"- dedi.

– “Siz gedin. Biz bir azdan gələrik, hərbi kommisarı gözləyirik. İşimiz var” deyib susdum.

- Yox, elə şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır - deyib israrla dilləndi. Biz istər istəməz Azadın anasının arxasına düşərək onun ardınca getdik. Hərbi komissarlıqla onların evlərinin arası təxminən yüz əlli-iki yüz metr olardı. Yol boyu azadın anası bizə: - Nə toy eee, qız nişanlıdı. Nişanlısına çağırış vərəqəsi gəlib. Toy eyləyib qızı köçürdürük ki, birdən bir hadisə zad olar - deyə dərdlənirdi.

Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu (Yazıqlar bilmirdilər ki, toy üçün qurduqları bu mağarda birazdan ehsan verəcəklər). Bizi mehribanlıqla qarşılayıb oturmağa yer göstərdilər. Qabağımıza yemək gətirdilər. Ac olsaq da, yeyə bilmirdik. Belə vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?!. Birazdan masabəyi məni meydana dəvət edib bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi necə də dəhşətli bir mənzərə idi, ayaqlarım yerimir, dilim söz tutmurdu. Mən Azadın meyidini hərbi komissarlıqda qoyub, burada Azadın sağlığına badə qaldırır, bacısına xoşbəxlik arzulayırdım. Masabəyi isə: "Gün o gün olsun ki, Azadın toyuna gələsiniz" deyib bir oyun havası çaldırıb, bizi rəqsə dəvət elədi. Ürəyimdə "Bu nə zülmdür mənə verirsən, ay Allah!" deyib qollarımı qaldırdım. Azadın atası, anası, bacı və qardaşları da bizə qoşularaq rəqs edirdilər. Offf... necə də dəhşətli mənzərə idi. Bu an mənim çəkdiyimi məndən başqa heç kim bilməzdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən vaxtımızın az olduğunu bildirib onlardan getmək üçün icazə istədim. Onsuz da toyun axırı idi. Onlar çətinliklə də olsa bizi buraxdılar. Hərbi komissarlığa gəlib toyun sona çatmasını gözlədik. Nəhayət gəlinin bəy evinə yola salındığı və toyun sona yetdiyi xəbərini gətirdilər. Azadın meyidi olan tabutu maşına qoyub, havaya atəş aça-aça bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik. Bir saat əvvəl musuqi səsi gələn qapıdan indi ağlaşma, vay-şivən səsi eşidilirdi. Azadın anası saçlarını yolaraq üzünü cırırdı. Üzünün cırıqlarından qan süzülürdü.

Ağlayaraq mənə deyirdi: "A bala, bəs deyirdin Azad ölməyib?"

Mən isə günahkarcasına onun üzünə baxırdım, susmuşdum. Əzab çəkirdim. Yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub ağlaya-ağlaya: "Yazıq bala neynəsin. Toyu yarımçıq qoymayacaqdı ki?", deyib kənara apardı. Biz Azadı dəfn edib geri qayıtdıq. Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə qardaşının və ərinin ayrılığına dözə bilməyib intihar edib...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar