LUKAŞENKO DÜNYANI TƏƏCCÜBLƏNDİRİR – “Belarus daha Putinin etibarlı müttəfiqi deyil?”

Belarus prezidenti Aleksandr Likaşenko Moskvanın siyasətindən fərqli olaraq, özünün müstəqil siyasi xəttini yürütməklə Qərb mətbuatını təəccübləndirib. Avropa Birliyi komisarlarının iştirakı ilə Minskdə keçirilən danışıqlardan sonra Avropa məmurları tərəfindən Belarusa qoyulmuş boykot aradan qaldırıb. Hazırda Lukaşenko Brüssellə yanaşı, Pribaltika və Mərkəzi Avropa qonşuları ilə də yeni əlaqələr yaratmağa cəhd göstərir. Aleksandr Lukaşenko Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələr yaratmaqla, Belarusun neft-kimya və enerji sahəsinə investisiya cəlb etmək istəyir.

Belarus Qərbdə daha çox Kreml tərəfindən öyrədilmiş anti-Qərb siyasi kursunu sürdürən və Avropanın son diktatura ölkəsi kimi tanınır. Artıq birinci dəfə deyildir ki, Lukaşenko Moskvanın istək və arzularına məhəl qoymadan, müstəqillik nümayiş etdirir. Ukrayna hadisələri başlayanda və Rusiyanın iqtisadi vəziyyəti pişləşəndən sonra Minsk tam aktiv şəkildə Qərblə dioloq axtarışına girişib. Hazırda iş o yerə gəlib çatıb ki, Putinin ən yaxın dostlarından biri olan Lukaşenko Moskvadan strateji şəkildə məsafə saxlamağa üstünlük verir.

Yaxşı məlumdur ki, Belarus Rusiyadan çox asılıdır. Bu asılılıq enerji sahəsində özünü daha bariz formada göstərir. Rusiyanın “Qazprom” şirkəti Belarusun “Beltransqaz” şirkətini tədricən satın alıb və qonşu ölkəyə qazı aşağı qiymətə yollayır. Rusiya ilə Belarus arasında bağlanmış son müqaviləyə əsasən, qazın qiyməti min kub metrə görə 155 dollardır. Amma qazın qiymətinin ucuz olması, lazım gəldiyi zaman Putinə Lukaşenkoya daha çox təzyiq göstərməyə imkan yaradır. Lukaşenko 2008-ci ildəki Gürcüstan böhranından sonra Abxaziya və Cənubi Osetiyanı tanıyacağı barəsində Putinə söz vermişdi. Lakin bəllidir ki, o dediklərini etməyib.

Belarusun son dövrlərdə apardığı xarici siyasətə dayanaraq əminliklə demək olar ki, Lukaşenko Rusiyanın niyyətlərindən xeyli narahatdır. Rusiyanın Ukraynaya qarşı olan münasibətindən bərk narahat olan Minsk, Kiyev ilə daha sıx yaxınlaşmağa başlayıb. Lukaşenko Kiyevin Avropa Birliyi ilə apardığı danışıqları müdafiə etməklə yanaşı, həm də Ukraynanın NATO-ya üzv qəbul edilməsinin də əleyhinə olmadığını bildirib. Lukaşenko Ukraynada baş verən hadisələrin, Belarus ərazisində təkrarlanmasının önünü kəsmək üçün əlindən gələn hər şeyi edir. Uzun illər ərzində birinci dəfədir ki, Belarus hökuməti Rusiya-Belarus sərhəddini hərtərəfli şəkildə nəzarət altına almağa başlayıb və Rusiyanın vahid viza rejiminə keçmək təklifini də qəbul etməyib. Belarus prezidenti məcburi şəkildə Rusiyanın NATO təhlükəsi barəsində söylədikləri bəyanatları təkrarlasa da, Rusiyanın Belarusa qarşı nə edə biləcəyini də qətiyyən gözdən qaçırmır. Belarus Milli Təhlükəsizlik Şurasının bu ay keçirilmiş yığıncağından sonra Lukaşenko deyib: ”Bu gün şərqdəki doğma qardaşımızın davranışları bizi ehtiyatlı olmağa çağırır”.

Rusiyanın siyasi qərarlarından əlavə onların iqtisadi problemləri də Belarus üçün heç də az başağrısı yaratmır. Bu yaxınlarda Lukaşenko öz şərq qardaşı ilə aparılan bütün ticarətin dollar və ya avro ilə həyata keçirilməsini tələb edib. Rublun dəyərdən düşməsi nəticəsində Belarus Mərkəzi Bankı öz milli valyutasının kursunu bir neçə dəfə aşağı salmağa və dolların alışı üçün əlavə vergi qoymağa məcbur olub. Lukaşenkonun müstəqil siyasət yürütməyə cəhd göstərməsi Moskvanın xoşuna gəlmir. Rusiyanın Avropa ölkələrindən gətirdiyi ərzaq mallarına qoyduğu qadağaları dəstəkləməkdən imtna edən Minskin bu hərəkətindən sonra Moskva Belarusdan aldığı mallarda sağlamlığa ziyan vuracaq hansısa məhsullar tapıb və nəticədə də həmin malların idxalını dayandırıb. Keçən ilin avqust ayında Putinin Qazaxıstan dövlətinin tarixi barəsində söylədiklərindən sonra Rusiyanın tanımış analitiklərindən sayılan Aleksandr Şumski Belarusun Rusiyanın tərkib hissəsi olması barəsində məqalə dərc etmişdi. Onun həmin məqaləsində qeyd edilir ki, Belarus Qərb ölkələrinə tərəfə meyillənəcəyi təqdirdə Rusiyanın buna qarşı çıxmaq hüququ var.

Bütün bunlarla yanaşı, populyar Rusiya televiziya kanallarının birində belə bir verliş gedib ki, güya Qərb Belarusda hakimiyyət çevrilişi hazırlayır. İndi Rusiya mətbuatında Belarusun müstəqilliyinin yanlış hadisə olduğunu iddia edən yazılar tez-tez işıq üzü görür. Rusiya kütləvi informasiya vasitələrinin bu tərz ədəbazlıqları ən çox Lukaşenkoya qarşı xəbərdarlıq kimi başa düşülməlidir. Moskva Lukaşenkonun yadına salmaq istəyir ki, Belarusun Qərblə yaxınlaşması halında Rusiya ona qarşı daha aktiv fəaliyyətə keçəcək.

İctimai rəyin öyrənilməsi ilə əlaqədar aparılan son sorğular göstərir ki, Belarus əhalisində daha çox Qərb meyilli əhval-ruhiyyə baş qaldırıb. Göründüyü kimi, Rusiya iqtisadiyyatındakı problemlərin mənfi təsirləri sadə vətəndaşların geosiyasətə olan münasibətinə də təsirsiz ötüşməyib. Amma Lukaşenko onun rejiminin Rusiyadan asılı olduğunu çox yaxşı anlayır. Həmçinin Lukaşenko onu da yaxşı bilir ki, Moskva onun hakimiyyətini devirə biləcək yeğanə gücdür. Elə məhz bu səbəblərdən də, Lukaşenko ehtiyatlı hərəkət etməyi unutmur. Onun nöqteyi nəzərinə görə, Moskvaya qarşı hədsiz sərt mövqe tutmaq təhlükəlidir. Digər tərəfdən isə geniş miqyaslı Qərbə tərəf açılma da risklidir, çünki onlar Lukaşenkodan demokratik islahatlar və insan haqlarının qorunmasını tələb edəcəklər.

(Forbes)

Bu videoda Lukaşenkonun Rusiya XİN başçısını necə "danladığını" görə bilərsiniz...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar