İranlı narkobaronun 73 kilo heroini Tovuz gömrüyündə necə ələ keçdi?

Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Ateş Rifat Ahmetin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Virtualaz.org saytı hakim Zabil Qasımovun sədrlik etdiyi bu məhkəmə prosesinə dair eksklüziv materiallar əldə edib.

Həmin materiallardan belə məlum olur ki, türkiyəli TIR sürücüsü yüksək məbləğdə haqq almaqla iranlı narkobaronun Azərbaycan üzərindən keçirilməklə Avropaya iri həcmdə heroin daşımaq təklifinə razılıq verib. Ancaq sonradan yük Azərbaycanın Gürcüstanla sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsində Azərbaycan gömrükçüləri tərəfindən aşkarlanıb.

İstintaq materiallarına əsasən cinayət işinin başlanmasına səbəb 2014-cü il, avqust ayının 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana gedən, Türkiyə vətəndaşı Atəş Rifat Ahmet oğlunun idarə etdiyi “DAF” markalı, KİK153 QQ-126 dövlət nömrə nişanlı yük avtomobilinin (TIR) qoşqusunun döşəməsinin altından 116 ədəd politen bükümə qablaşdırılmış 73 kiloqrama yaxın heroinin Azərbaycan gömrükçüləri tərəfindən aşkar edilərək götürülməsi faktı olub.

İstintaqla müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Ateş Rifat İranda bir qrup şəxslə cinayət əlaqəsinə girərərək külli miqdarda narkotik vasitəni Hollandiyaya aparmaq barədə razılığa gəlib.

2014-cü il, iyulun 28-də Astara gömrük məntəqəsindən narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gizli keçirib. Avqustun 8-də Gürcüstana gedən zaman isə yük “Sınıq körpü” gömrük postunda aşkarlanıb.

Bu cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq) və 234.4.2-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

“Gürcüstana aparmaq üçün yük axtarırdım”

Atəş Rifat ifadəsində 7-8 ildir ki, yük avtomobili ilə tikinti malları daşıdığını, Türkiyədən yükləri Avropaya, daha çox isə Türkmənistana apardığını göstərib: “İki il olardı ki, Gürcüstanda “Aran” şirkəti yaratmışdım. Həmin şirkət yükdaşıma fəaliyyəti ilə məşğul olur. 2014-cü ilin iyun ayında İstanbuldan inşaat materialları yükləyib “Polimeks” firmasına çatdırmaqdan ötrü Türkmənistana aparmaq barədə sifariş aldım.

Üç-dörd gün yol gedib İranın Türkiyənin Ağrı şəhəri ilə həmsərhəd olan Bəzərgah şəhərində yerləşən gömrüyə çatdım. Növbə çox olduğundan dörd gün ləngiməli oldum. Vizam gecikdiyi üçün Türkmənistana gedə bilmədim. Ona görə də yüklərin “Polimeks” firmasına çatdırılması üçün başqa sürücü tapdım və malların çatdırılması üçün ona 870 dollar verdim. Həmin sürücü 6-7 gündən sonra avtomobili gətirib təhvil verdi. Bundan sonra Gürcüstana aparmaq üçün yük axtardım”.

İranlı Hacıəlinin birbaşa təklifi: “Heroin apararsan?”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Bəzərgah şəhərində Hacıəli adlı İran vətəndaşı ona yaxınlaşaraq yük axtarıb-axtarmadığını soruşub, sonra Avropaya aparılacaq yükünün olduğunu bildirib.

Türkiyəli TIR sürücüsü yükün nədən ibarət olduğunu soruşanda iranlı ona “narkotik yüküdür” deyib.

Türkiyəli TIR sürücüsü ifadəsində bildirir: “Onun mənə birbaşa bu cür təklif etməsindən şübhələndim, şoka düşdüm. Dedim ki, nə sən mənə elə təklif etmiş ol, nə də mən bunu səndən eşitmiş olum. O isə “niyə razılaşmırsan, sən heç nəyə qarışmayacaqsan, hər şeyi biz özümüz həll edəcəyik” dedi. Həmçinin narkotik vasitənin hər kiloqramına görə 2000 avro verəcəyini və yükü Almaniyada boşaltmazdan qabaq pulun çatdırılacağını bildirdi.

Narkotik vasitəni İrandan Azərbaycana, oradan Gürcüstana, Gürcüstandan Ukraynaya, oradan Polşaya, Polşadan Almaniyaya, daha sonra isə Hollandiyaya aparmağa razılaşdım. İranlılar vəd etdikləri pulu Almaniyada - Köln və Aaxen şəhərləri arasında yerləşən və beynəlxalq yük avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan parkda verəcəkdilər”.

“100 min avro alıb borclarımı qaytaracaqdım”

Ateş Rifatın dediyinə görə, dostlarına xeyli borcu yarandığı, əmlakı girovda olduğu üçün iranlı narkobaronun sərfəli təklifi ilə razılaşmalı olub. Çünki iranlı narkobaron ona aparacağı yükə görə 100 min avro verəcəyini deyib.

Sürücü deyir ki, bir yandan borclarını, digər tərəfdən uşağının xəstə olmasını nəzərə alaraq iranlının təklifi ilə razılaşıb. Hacıəli ona deyib ki, avtomobili iki gün özlərində saxlayacaqlar, narkotik vasitəni orada bir yer tapıb gizlədəcəklər, sonra sürücüyə qaytaracaqlar.

“Avtomobilin açarlarını ona verdim. Özüm isə qonaq evinə getdim. Hacıəli dörd gündən sonra gəldi və işlərini qurtardıqlarını, yükü avtomobilə yüklədiklərini dedi. Avtomobilə minib yola düşdüm. Ertəsi gün İranın Astara gömrüyünə çatdım. Gömrüyü maneəsiz keçib Azərbaycana daxil oldum” - deyə Türkiyə vətəndaşı bildirir.

Heroin yüklü TIR sərhədi keçir...

Türkiyəli sürücünün dediyinə görə, Astara gömrüyündə avtomobili ətraflı şəkildə yoxlasalar da heç nə tapa bilməyiblər. Hətta avtomobil rentgen aparatından da keçirilib, yenə də heç nə aşkar olunmayıb.

Gömrükçülər maşının yük yerinin döşəmələrini iki yerdən deşib yoxlasalar da heç nə tapa bilməyiblər. Astara gömrüyünü keçən maşın Azərbaycan ərazisindən keçməklə Gürcüstana doğru istiqamət alıb. İyulun 30-da maşın Tovuz gömrüyünə çatıb və sürücü TIR-ı dayanacağa qoyub. Dediyinə görə, uşaqları üçün çox darıxıbmış, həm də tutulacağından qorxurmuş.

Sürücünün ifadəsindən: “Sonuncu dəfə övladlarımı görmək üçün Türkiyəyə getməyi qərara aldım. Avtomobili orada qoydum. Tovuz gömrüyündən piyada keçib Tiflisə, oradan da təyyarə ilə Türkiyəyə getdim. Üç gün evimdə qalıb uşaqlarımı gördüm, xəstə övladımı həkimə aparıb göstərdim.

Bundan sonra avqust ayının 5-də təyyarə ilə Tiflisə gəldim. Konsulluğa gedib viza almaq üçün sənədlərimi təqdim etdim. Viza və pasportumu alandan sonra Azərbaycan ərazisinə keçib avtomobili saxladığım avtoparka gəldim”.

“Sınıq körpü”də axtarış

Ateş Rifat Ahmet bildirir ki, avtomobillə gömrük zonasına daxil olub. Gömrük əməkdaşları maşının hər yerini yoxlasalar da əvvəlcə narkotik maddə tapmayıblar. Buna baxmayaraq maşını da buraxmayan Azərbaycan gömrükçüləri türkiyəli sürücüyə deyiblər ki, heç yana getməsin və gözləsin.

A.R.Ahmetin ifadəsindən sitat: “Həmin gömrükçülər gedib itlə geri döndü. Bu dəfə avtomobili itlə yoxlamağa başladılar. Yenə də heç nə tapa bilmədilər. Sonra gedib alətlər çantasını gətirdilər. Yük yerinin döşəməsindən iki ədəd taxtanı sökdülər, heç nə tapılmadı. Özüm də mat qalmışdım. Fikirləşdim ki, yəqin İranda maşına narkotik vasitə qoymayıblar və yəqin məni sınamaq üçün belə deyiblər.

Qaranlıq düşdüyündən axtarışı saxladılar. Ertəsi gün üç gömrük əməkdaşı gəlib yenə yoxlama apardı, üçüncü taxtanı da sökməyimi istədilər. Mən də sökdüm. Yenə heç nə tapılmadı. Gömrükçülər məndən narkotikin harada olduğunu soruşdular. Harada olmasını bilmədiyimi, İranda mənim iştirakım olmadan haradasa gizlətdiklərini dedim.

Gömrük əməkdaşları taxtaları sındırıb daha ətraflı axtarmağa başladılar və nəhayət, yükü tapdılar. Narkotik vasitə avtomobilin qoşqusunun dördüncü və beşinci taxta döşəmələrinin altından aşkar edilərək götürüldü. Hal şahidlərinin iştirakı ilə tərəzidə çəkildi. Ümumi çəkisi 72 kiloqram 900 qram idi”.

Təqsirləndirilən şəxsin vəkili Gülmayə Quliyeva cinayət işinin obyektiv araşdırılması üçün yoxlamanın əks olunduğu kamera görüntülərinin məhkəməyə təqdim edilməsi və müvafiq protokolun iş materialından çıxarılması ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı hər iki vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə prosesi fevralın 2-ə kimi təxirə salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar