Ərdoğandan Ollanda "soyqırım"la bağlı sərt cavab

“Erməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar”. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib.

“Belə bir şeyi qəbul etməyimiz mümkün deyil. Kimlərinsə sifarişi ilə biz “erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik. Bizim yenə bildiririk: bu mövzuda əgər səmimisinizsə gəlin bunları tarixçilərə buraxaq. Qoy tarixçilər bu mövzu ətrafında çalışsınlar. Bir milyondan çox sәnәd çıxarmışıq ortaya. Araşdırılsın, günahımız varsa, lazımi addımı atmağa hazırıq. Amma Ermәnistan bunu istәmir. Yalnız bәyanat şәklindә "Türkiyә günahkardır" deyir. Bunu qәbul etmәk olmaz”, deyə Türkiyə prezidenti qeyd edib.

Türkiyə prezidenti ermənilərin "soyqırım" məsələsində lobbiçilik fəaliyyətinə böyük vəsaitlər xərclədiyini bildirərək, Türkiyənin bu mövzu ətrafında vəsait xərcləmək niyyətinin olmadığını qeyd edib: "Onlar heç bir əlaqəsi olmayan, bölgədən uzaq ölkələrin parlamentlərində müxtəlif yollarla bir-iki adamı ələ keçirib qərarlar qəbul etdirirlər. Sonra isə “filan ölkə bunu dəstəkləyir” deyə bəyanatlar verirlər. Amma o qərara səs verənlər xəritədə heç Ermənistanın yerini bilmir. Qərar qəbul edənlər Ermənistanı heç tanımır".

Qeyd edək ki, Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı bir neçə gün əvvəl təşkil edilmiş şam yeməyində çıxış edən Fransua Olland bildirib ki, illərdi gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır.

“Həqiqətin üzə çıxması üçün araşdırmalar davam etdirilməlidir” - deyə prezident bildirib.

Olland “soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən “etiraf jesti” gözlədiyini bildirib.

O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasimi üçün İrəvana gedəcəyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar