İsa Qəmbər Milli Şuranı təhdid etdi - “Başqa dövlətin vətəndaşı seçilsə…”

Milli Şuranın bu günkü sessiyasında Rüstəm İbrahimbəyovun istefa ərizəsi və onun bundan sonrakı statusu müzakirə olunarkən, Müsavat başqanı İsa Qəmbər son dərəcə ilginc bir bəyanatla çıxış edib. AXCP sədri Əli Kərimlinin Rüstəm İbrahimbəyovu Milli Şuranın fəxri sədri seçmək təklifinə münasibət bildirən Müsavat başqanı bunları deyib:

“Başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil. Əgər əksəriyyət Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə səs verəcəksə, biz Milli Şurada təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacağıq”.

Müsavat Partiyasının anti-İbrahimbəyov mövqeyinin nəyə əsaslandığını, haqlı mövqe olub-olmadığını deyə bilməsək də, fakt odur ki, Müsavat rəhbərləri bu mövqeni əsaslandırmaqda çətinlik çəkirlər. Bunu İsa Qəmbərin təqdim etdiyimiz arqumentindən də açıq şəkildə görmək olur. R.İbrahimbəyovun “başqa bir dövlətin” vətəndaşı olduğuna görə Müsavatın onun əleyhinə çıxması arqumenti, yumşaq desək, cığallıqdır. 6 aydan çoxdur “başqa bir dövlətin” vətəndaşının rəhbərliyi altında fəaliyyət göstərən, onun prezidentliyə namizədliyini irəli sürən bir partiyanın, siyasətçinin belə bir çıxışı xalqı ələ salmaq cəhdidir. Hələ onu qeyd etmirik ki, Milli Şuranın 7 iyun sessiyasında Rüstəm İbrahimbəyovun sədrliyə namizədliyini irəli sürən məhz İsa Qəmbər olub.

Qeyd edək ki, İsa Qəmbərin bu təhdidinə baxmayaraq, Milli Şura səs çoxluğu ilə Rüstəm İbrahimbəyovu qurumun fəxri sədri seçib. Müsavatın bundan sonrakı qərarı nə olacaq, onu zaman göstərəcək.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar