Hacıbala Abutalıbov Ziya Məmmədova cərimə yaza bilərmi?

Nurəddin İsmayıl

Dünyada qanunlara, dəyərlərə, normalara sayqı ilə bağlı elə sağlam yanaşmaların şahidi oluruq ki, bunlardan dərs götürməyə dəyər. ABŞ dövlət katibi Con Kerri evinin qarşısında topalanan qarı təmizləmədiyinə görə şəhər meri tərəfindən əlli dollar məbləğində cərimələnib. Qanunların ikili standartlar üzrə tətbiq edildiyi avtoritar ölkələr üçün heyrət doğuran bu fakt, qanunların hər kəsə eyni qaydada şamil edildiyi demokratik toplumlar üçün adi haldır. Adam norma olaraq qəbul edir ki, Boston ştatının qanunlarını pozduğunua görə, müəyyən olunmuş cəriməni ödəməyə borcludur və daşıdığı yüksək vəzifə onu bu cərimədən sığortalaya bilməz.

Müqayisələrin, tutuşdurmaların müəyyən həqiqətlərin aydınlaşmasında önəmli rolunu diqqətə alıb, baş verən hadisəni Azərbaycan müstəvisinə daxil etsək, fərqli bir mənzərə ilə qarşılaşmış olarıq. Azərbaycanda nəinki dövlətin ikinci adamı, hətta onuncu dərəcəli məmur səviyyəsində belə bu cür cərimənin tətbiq edilməsi ağıla gəlməz bir şeydir. Görəsən şəhər meri H.Abutalıbov özündə cəsarət tapıb, belə bir cəriməni Nəqliyyat naziri Z.Məmmədova və ya Fövqəladə Hallar naziri K.Heydərova tətbiq edə bilərmi? Etsə necə, onun bu qanuni cəzalandırmaya görə özünün oliqarx nazirlər tərəfindən cəzalandırılması gözlənilən deyilmi? Yəqin ki, bu cür məmur özbaşınalığı və saymazlığını, onların qanunlarla hesablaşmadığını nəzərə alaraq, dövlət başçısı son müşavirədə məmurlara yönəlik sərt mesajlar verməyi qərara alıb.

Yaxşı haldır ki, ölkə prezidenti özünü xalqın bir nömrəli xidmətçisi elan etdi və harınlamış, səlahiyyət həddini aşmış, xalqa yuxarıdan aşağı baxan məmurları həddini bilməyə səslədi. Əlbəttə, ölkənin birinci şəxsi tərəfindən öz komandasına bu cür jestlər edilməsi onların qanun qarşısında cavabdehlik hissini artırmağa, malını, mülkünü talan etdikləri xalqla insan kimi rəftar etməyə təsirsiz qalmayan çağırışlardır. Lakin qanunların, ictimai nizamın, dəyərlərin qorunub saxlanılması, həyat normasına çevrilməsi üçün həmin qanun və nizama yuxarıdan aşağıya bütün toplumun əməl etməsi vacib şərtdir. Bunun üçün mövcud qanunların işlək vəziyyətə gətirilməsi tələb olunur.

Nəqliyyat naziri mövsümi bir yağışla milyonlar sərf edilən yolun dağılıb sıradan çıxmasına görə qanun qarşısında cavabdehlik daşımalı və cəzasına catdırılmalıdır ki, başqalarına görk olsun. Həbsxanalarda məhbuslara verilən işgəncələrə, cəmiyyətdən gizli saxlanılan qətl hadisələrinə ədliyyə naziri birbaşa məsuliyyt daşımalı və bu hadisələrin törənməsində əli olan həbsxana rəisləri layiqli cəzasını almalıdır. Şəmkiri dədə mülkü sanan keçmiş icra başçısı A.Aslanov tutduğu nazir müavini vəzifəsindən sui-istifadə edib, məhkəmələrə təsir göstərərək gənc və kimsəsiz Lamiyənin həyatını puç etdiyinə görə qanunun sərt üzü ilə cəzalanmalı və cəmiyyət görməlidir ki, dövlət ərkanı sırasında onun kimilərə yer yoxdur.

Qanunu pozan heç bir məmur cəzasız qalmamalıdır. Vəzifə sahibi olmaq təkcə səlahiyyət deyil, həm də məsuliyyət daşımaqdır. Cəmiyyətmizdə baş verən narazılıqların, yaşanan problemlərin, iqtisadi sıxıntıların, sosial ədalətsizliyin əsas qaynaqlarından biri cəmiyyəti idarə etməyə məsul olan məmurların məsuliyyətsizliyi, qanunları vecə almaması, xalqdan aralı düşməsi, idarəetmədə dövləti prinsiplərə deyil, dərəbəylik üsuluna üstünlük verməsi, ölkə prezidentinin yanında quzuya, xalqın yanında quduza çevrilməsi, ictimai nüfuzunu itirməsidir ki, bu da özü ilə bərabər dövlət-vətəndaş bağlılığının qırılmasına, cəmiyyətdə stabilliyin pozulmasına gətirib çıxaran neqativ hallar doğurur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar