Məhkum ailələri prezidentdən kömək istəyir

14 saylı cəzaçəkmə müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”) köçürülən 11 məhkumun ailələri onlarla görüş tələb edir. Deyirlər ki, məhkum yaxınları vərəmli xəstə deyillər və onların “Tubzon” köçürülmələri məhkum Elşad Babayevin öldürülməsinin gizlədilməsinə, ört-basdır olunmasına xidmət edir.

“Bizim uşaqları öldürmək istəyirlər. Günahları 14 saylı cəzaçəkmə müəssisəsində dağıdanların qarşısını almalarıdır. Həmin 11 nəfər Elşad Babayevin işi ilə bağlı istintaqa sözün düzünü deyə biləcək adamlardır. Günahları da yalan danışa bilməmələridir”- bu sözləri “Yeni Müsavat”a “Tubzon”a köçürülən məhkum İsa Yaqubovun anası deyib. Bildirib ki, üzləşdikləri qanunsuzluqlarla bağlı müraciət etmədikləri ünvan yoxdur: “Özbaşınalıqdır. Bizim döymədiyimiz qapı qalmayıb. Çarəmiz intihara qalıb. Sağlam uşaqları “tubzon”da saxlayırlar. Oğlum İsanın xəstəliyi yoxdur. Onun ayağında Qarabağda, Ağdamda erməninin atdığı bombanın qəlpəsindən əmələ gələn yarası var. O biri ayağının ətindən götürüb ora tikiblər. Cəzasının bitməsinə 5 ay qalmış bu hadisə baş verib. Elşad Babayevi döyüb öldürüblər, bizim uşaqlarımızı da orada öldürürlər”.

Məhkumun anası deyir ki, Penitensiar Xidmət rəisinin qəbuluna düşə bilmirlər: “Qəbulda acıdil, həddən artıq kobud adamları oturdublar. Mədət Quliyevi bizdən qoruyurlar. İlham Əliyev deyir ki, məmurlar təkəbbürlü olmamalıdır. Gedib Mədət Quliyevin qapısındakı məmurlara baxsınlar. Bizi az qalırlar qəbulda öldürsünlər. Biz ora dərdimizə çarə üçün gedirik. Amma qəbula düşə bilmirik ki, sözümüzü deyək. Çarəmiz gedib prezidentin yolunun üstündə dayanıb sözümüzü çatdırmağa qalıb. Prezidentə sözümüzü çatdırmaq üçün yollar axtarırıq”.

Məhkum valideynləri deyir ki, Ədliyyə Nazirliyi yanında ictimai komitəyə müraciətləri də araşdırılmamış qalıb: “Komitə üzvləri dedilər ki, vərəm olmayan məhkumun “Tubzon”a köçürülməsi özü işgəncədir. Bizim uşaqlarımız vərəm deyil. Komitəyə getdik, bizə açıq-aşkar dedilər ki, bizim gücümüz çatmır. Ombudsmanlıq da aciz qaldı. Beynəlxalq Qırmızı Xaç onun tayı. Bu adamlara dövlət pulu niyə ödəyir bilinmir. Elə bil teatr göstərmək üçün yığışıblar. Mədət Quliyev generaldır. Biz də sıravi vətəndaşıq. Onun övladları da bir gün bizim övladlarımızın vəziyyətinə düşə bilər. Bu qədər haqsızlıq, Allahsızlıq olmaz. Bizim bir yolumuz qalır. Nə yolla olursa-olsun, prezidentə sözümüzü çatdırmaq istəyirik, onun qəbuluna düşəcəyik. Uşaqlarımızı orda öldürürlər. Allah Elşad Babayevin başına o oyunları açanların analarını, bacılarını bizim kimi qapılarda çarəsiz qoysun. Bu cinayəti gizlədənlərin ana-bacısı da onlara şərik olsun”.

“Tubzon”a köçürülən məhkum jurnalist Araz Quliyevin anası da övladı ilə görüşə icazə verilmədiyini dedi: “Övladlarımızı bura qanunsuz olaraq köçürüblər. 33 gündür ki, bizə yalandan deyirlər ki, güya onları müayinə edirlər. Bu cəfəngiyyatları bir kənara qoyub övladlarımızı sakit buraxsınlar. Elşadı bizim uşaqlar öldürüb? Oranı kim dağıdıbsa kameralar var, yaddaşını çıxarıb baxsınlar. Buna görə xüsusi araşdırma aparmağa ehtiyac var? Həmin kameraların yaddaşlarında hər kəsin əməli görünəcək”.

Yada salaq ki, ötən il dekabrın 22-də məhkum Elşad Babayev 14 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülüb. Buna müəssisədə saxlanan məhkumlar kütləvi etiraz edib, bəzi məhkumlar zorakılığa yol veriblər. Bundan 4 gün sonra müəssisəyə qoşun yeridilib, məhkumlara divan tutulub və 11 məhkum “Tubzon”a köçürülüblər. Bu il yanvarın 11-də 50-yə yaxın şəxs Binə qəsəbəsində yerləşən “Tubzon”un qarşısına toplaşaraq ora köçürülən məhkumlarla görüş verilməsini istəyiblər. Bir gün sonra görüş baş tutub. Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Ümumilikdə “Tubzon”a 50-dən artıq məhkumun köçürülməsi haqda məlumat var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar