Hövsan sakinləri aksiyaya görə polisə çağırıldı

Yanvarın 19-da Hövsanda məktəb direktoruna qarşı etiraz aksiyası keçirən sakinlərin bir neçəsi polisə verilib. Onları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə dəvət ediblər. Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat verib.

Polis bölməsinə çağırılanlardan biri Araz Həsənov deyib ki, o, Hövsanda meyvə-tərəvəz ticarəti ilə məşğul olur: “Srağagün axşam saat 11 radələrində Çevik Polis Alayının bir neçə işçisi mənə yaxınlaşdı. Dedilər ki, küçə ticarəti qadağandır, bizimlə polisə getməlisən. Məni polis bölməsinə apardılar. Orada yazıb-pozdular. Dedim 80 manat cəriməsi var, ödəyərəm. Buraxdılar, getdim. Dünən isə mənə yenə zəng gəldi, polis bölməsinə dəvət etdilər. Qardaşımı və başqa qəsəbə sakinlərini də çağırmışdlar. Getdik, bu dəfə məlum oldu ki, yanvarın 19-da keçirilən aksiya ilə bağlı çağırılmışıq. Bir neçə nəfəri icra nümayəndəsinin avtomobili ilə bağlı dindirdilər. Guya uşaqlar onun maşınını aksiya vaxtı pis vəziyyətə salıblar. Mənə və bir neçəsinə isə bildirdilər ki, guya biz aksiya təşkil etmişik və iğtişaş yaratmışıq. Dedilər ki, siz müxalifətçisiniz və qəsəbədə iğtişaş, qarşıdurma yaratmısınız”.

Suraxanı RPİ 30-cu polis bölməsindən virtualaz.org saytına bildirildi ki, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev bölməyə ərizə ilə müraciət edib: “Ağasəlim Əliyev qəsəbə sakinləri Azad Həsənovun, Araz Həsənovun, Firdovsi Sadıqovun və Ziyad Məlikovun ona məxsus olan “Pejo” markalı avtomobilini yararsız hala saldığını bildirib. Həmin şəxslər polis bölməsinə bu müraciət əsasında dəvət olunub”.

Qeyd edək ki, Hövsandakı 118 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri yanvarın 19-da qəsəbədə etiraz aksiyası keçirərək məktəb direktorunun işdən çıxarılmasını və şagirdlərə göstərdiyi münasibətə görə cəzalandırılmasını tələb etmişdilər. Sakinlər bildirmişdilər ki, şagirdlər tarix müəlliminin uzun müddət işə gəlməməsi ilə bağlı direktordan başqa müəllimlə əvəz olunmasını istəyəndə sonuncu onlara qeyri-etik cavab verib.

Bundan əlavə, sakinlər Qardaşxan Səlimovun məktəbə rəhbərlik etdiyi dövrdə övladlarının təhsil səviyyəsinin aşağı düşdüyünü bildirmiş, bunun günahını müəllimlərdə və direktorda gördüklərini demişdilər.

Məktəbin qarşısında keçirilən aksiya zamanı şəxsi avtoimobili ilə ora gələn məktəb direktoru Q.Səlimov vəziyyətin daha da qızışmasına zəmin yaratmışdı. Nəticədə Hövsan sakini, 21 yaşlı Elmar Əliyev dünyasını dəyişmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar