Ukrayna ordusu separatçılarla döyüşlərdə ağır itkilər verir

Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ağır itkilər verməkdə davam edir. ANS PRESS-in məlumatına görə, ötən gün ruspərəst üsyançıların Debaltsevo şəhərinə hücumları zamanı azı 15 əsgər ölüb. Ukraynanın müdafiə nazirliyi çoxlu sayda əsgərin öldürülməsini Donbas regionda başlayan münaqişələr zamanı indiyə qədər baş verən ən ağır itki adlandırıb.

Özlərini Donetsk Xalq Respublikası elan edən qrup rəhbərliyi, eyni zamanda, Uqleqorsk şəhərini də ələ keçirdiklərini bildiriblər.

Əməliyyatlar zamanı üsyançılar ağır artilleriyadan istifadə ediblər. Bir neçə bina, həmçinin, qaçqınlara humanitar yardım göstərən məntəqə mərmilərin hədəfinə tuş gəlib, nəticədə azı 2 mülki vətəndaş ölüb.

Rəsmi Kiyev və NATO rəhbərliyi üsyançılara açıq şəkildə Rusiyanın xüsusi təyinatlı dəstələri tərəfindən dəstək olduğunu vurğulayır.

Debaltsevo əhalisi isə, silahlı zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar. Ölkənin baş naziri Arseniy Yatsenyuk artıq minə yaxın insanın şəhərdən təxliyə olunuduğunu bildirib.

Arseniy Yatsenyuk: “Ötən gecə fövqəladə hallar xidməti əməkdaşlarının Debaltsevo sakinlərini təxliyə etməsi üçün sərəncam vermişəm. İnsanların təxliyəsini icra edən 6 avtobus fəaliyyət göstərir. Üsyançılar sakinlərin təxliyə olunduğunu gördükdə avtobusları atəşə tuturlar. Xoşbəxtlikdən indiyə qədər heç bir itki yaşanmayıb”

Münaqişənin həllinə dair danışıqlar aparan təmas qrupunun növbəti iclası da uğursuzluqla nəticələnib. Belarusun paytaxtı Minskdə baş tutan 3 saatlıq görüşdə bir müddət əvvəl Minskdə atəşkəs razılaşmasını imzalayan tərəflərdən ikisi - qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko və qondarma Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski iştirak etməyib. Görüşün qeyri-ciddi xarakterdə keçməsinə də məhz bu səbəb olub.

Üsyançıların nümayəndələri Donbasda yaşanan silahlı qarşıdurmaların səbəbini Ukrayna ordusunda görüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar